Noyabrın 14-də Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə “Park inn” hotelinin Nəsimi zalında keçirilən digər yubiley tədbiri böyük maarifçi, alim və şair Abbasqulu ağa Bakıxanovun (1794-1846) 220 illiyinə həsr edilmişdi.
“Azərbaycanın elm və ədəbiyyat çırağı” mövzusunda dəyirmi masanı mərkəzin direktoru Vilayət İsmayılov açaraq Prezident İlham Əliyevin sərəncamına əsasən Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyinin geniş şəkildə qeyd olunduğunu bildirdi.
Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor Zaman Əsgərli mütəfəkkir ədibin həyat və yaradılıcılığından, ədəbi fikrimizin inkişafına verdiyi töhfələrdən danışdı. Qeyd olundu ki, Bakıxanov çox məharətlə sözləri mum kimi şəkildən-şəklə salıb, mənalı ifadələrlə bədii ifadə vasitələri yaradıb.
BDU-nun professoru, filologiya üzrə elmlər doktoru Alıxan Bayramoğlu Azərbaycan elmi tarixində mühüm rolu olan Bakıxanovun “Qanuni-qüdsi”, “Əsrarül-mələküt”, “Təhzibül-əxlaq”, “Eynül-mizan”, “Gülüstani-İrəm” kimi əsərlərinin əhəmiyyətindən bəhs etdi. Vurğulandı ki, dil, coğrafiya, tarix, astronomiya, məntiq və s. elmlərə aid əsərləri onun ensiklopedik alim olduğundan xəbər verir. Həmçinin qeyd olundu ki, Azərbaycanda maarifçilik ideyalarının yaranması və yayılmasında böyük xidmətləri olmuş Bakıxanovun dünyagörüşü, ədəbi irsi ilə bağlı bir sıra məsələlər sovet dövrünün ideologiyasından irəli gələn amillər üzündən qeyri-obyektiv şəkildə öyrənilib. Onun ilk qələm təcrübəsi sayılan “Riyazül-qüds” (“Müqəddəs bağ”) kitabı sovet dövründə “mühafizəkar ədəbiyyata xidmət edən”, “ancaq dini təbliğat qayəsini izləyən” bir əsər kimi dəyərləndirilib. İmam Hüseynin (ə) Kərbəladakı müsibətindən bəhs edən “Riyazül-qüds”ün diqqətlə öyrənilməsi göstərir ki, əsər, ilk növbədə, yüksək bədii keyfiyyətləri ilə seçilən bənzərsiz sənət nümunəsidir və müəllifin pak iman sahibi, yüksək əqidəli müsəlman olmasını təsdiqləyir.
Dəyirmi masada tarixçi Fəridə Bünyatovanın “Abbasqulu ağa Bakıxanov və Avropa mətbuatı” mövzusunda məruzəsi də dinlənildi.
Sonra məruzələr ətrafında müzakirələr keçirildi. Qeyd olundu ki, Bakıxanovun elmin bir çox sahələri ilə yanaşı, hərbi sahədə də xüsusi xidmətləri olub. General rütbəsinədək yüksələn, eyni zamanda tərcüməçi kimi çalışan ədib əsərlərinin ərsəyə gəlməsində diplomatik təcrübəsindən də istifadə edib.
Xalq artisti, bəstəkar Tofiq Bakıxanov yubileyin dövlət səviyyəsində qeyd olunmasına görə Bakıxanovlar nəsli adından dövlət başçısına minnətdarlığını bildirdi, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür etdi.
Savalan Fərəcov