Noyabrın 15-dən 17-dək Şimali Kipr Türk Cümhuriyyətinin Girnə şəhərində Türkdilli Ölkələrin və Toplumların IV Media Forumu keçirilib.

Forumda Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli və bir sıra qəzetlərin baş redaktorlarından ibarət Azərbaycan nümayəndə heyəti də iştirak edib.
Forumun açılışında çıxış edən ŞKTC-nin prezidenti Dərviş Əroğlu, Türkiyə baş nazirinin müavini Bülənt Arınc, Türkiyə Böyük Millət Məclisinin rəhbəri Cəmil Çiçək, Türkiyənin Mətbuat və İnformasiya Baş İdarəsinin rəhbəri Murat Karakaya türk ölkə və toplumlarının bir-biriləri ilə qarşılıqlı münasibətlərinin gücləndirilməsində medianın daşıdığı önəmi vurğulayıb, bu xüsusda Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin rolunu qeyd ediblər.
“Türkdilli ölkələrin və toplumların aktual problemlərinin həllində medianın rolu” mövzusunda forum plenar iclaslarla işini davam etdirib, məruzələr dinlənilib.
Mətbuat Şurasının sədri türkdilli ölkələrin və toplumların problemlərinin həllinə medianın nə kimi kömək göstərməsi ilə bağlı çıxış edib. Bu mövzuda iclasa sədrlik edən Ə.Amaşov ötən üç ildə Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin gördüyü işlərdən söz açıb, texnoloji yeniliklərin formalaşdırdığı yeni medianın ortaq dəyərlərin təbliğində rolu üzərində dayanıb. Qeyd edib ki, bu forumlar dünyaya türk birliyi mesajının verilməsi baxımından önəmlidir və bu işdə hazırda onlayn medianın imkanlarından yararlanmaq vacibdir.
Forumun iclaslarından biri türk dünyasının görkəmli şəxsiyyəti, naşir, publisist, mütəfəkkir İsmayıl bəy Qaspralıya həsr olunub, onun ortaq türk dəyərlərinin təbliği ilə bağlı fəaliyyətindən söz açılıb. Həmçinin türkdilli ölkələrin hökumət və dövlət səviyyəsindəki əlaqələrinin gücləndirilməsində medianın daşıdığı missiyaya diqqət yetirilib.
Forumda türkdilli media orqanlarının peşəkarlığı məsələləri də müzakirə olunub. Bu mövzuda ölkəmizin nümayəndə heyətindən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu da məruzə ilə çıxış edib.
Türkdilli Ölkələrin və Toplumların IV Media Forumunda ümumilikdə 21 ölkədən 250-yə yaxın media nümayəndəsi iştirak edib. Toplantıda növbəti forumların türk dünyasının önəmli şəxsiyyətlərinə həsr olunması qərara alınıb. V forumun böyük mütəfəkkir Əli bəy Hüseynzadəyə həsr olunması məqsədəuyğun sayılıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar