Bakıda İnquşetiyanın mədəniyyət günləri keçirilir

Azərbaycanda ilk dəfə Rusiya Federasiyası İnquşetiya Respublikasının mədəniyyət günləri keçirilir. Dekabrın 2-də başlanan mədəniyyət günlərinin ilk tədbiri paytaxtdakı “1969” sərgi qalereyasında gerçəkləşdi. Qalereyada "İnquşetiya: tarix və müasirlik" adlı dekorativ-tətbiqi sənət sərgisinin açılışı oldu.

"İnquşetiya: tarix və müasirlik"

Açılışda çıxış edən Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəis müavini Nazim Əliyev bildirdi ki, Azərbaycanda İnquşetiya mədəniyyəti günləri iki xalq arasında dostluq əlaqələrinin, mədəni əməkdaşlığın və ümumilikdə Azərbaycanla Rusiya Federasiyası arasında münasibətlərin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Belə tədbirlər qarşılıqlı mədəni əməkdaşlığa, sənət adamlarının bir-birini yaxından tanımasına, sıx ünsiyyətə, sənət və təcrübə mübadiləsinin genişlənməsinə xidmət edir.
Qeyd olundu ki, mədəniyyət günləri çərçivəsində bir sıra tədbirlər nəzərdə tutulub: “Təqdim edilən sərgidə İnquşetiya rəssamlarının və xalq tətbiqi sənəti ustalarının rəngkarlıq, bədii metal, daşoyma sənət nümunələri ilə tanış oluruq. Bu əsərlər İnquşetiyanın müasir dövr sənətinin zəngin ənənələrə sadiq qalaraq uğurla inkişaf etdiyini nümayiş etdirir. Rəngkarlıq nümunələri İnquşetiyanın tarixi memarlıq abidələrini özündə əks etdirməklə yanaşı, xalqın qədim tarixindən xəbər verir. Ağac üzərində oyma sənəti xüsusən də kiçik həcmli heykəltəraşlıq kompozisiyaları diqqətimizi cəlb edir”.
İnquşetiya mədəniyyət nazirinin müavini Ayna Zaudinova mədəniyyət günlərinin təşkilinə görə minnətdarlığını bildirdi, inquş xalqının salamlarını tədbir iştirakçılarının timsalında bütün Azərbaycan xalqına çatdırdığını dedi. Qafqazın ən böyük ölkəsi olan Azərbaycanda, Bakıda ilk dəfə belə bir tədbirin keçirilməsindən məmnunluğunu ifadə edən qonaq bunu İnquşetiya üçün unudulmaz hadisə adlandırdı.

Qədim tarixə və mədəniyyətə malik olan Azərbaycana İnquşetiyanın mədəniyyət və sənət adamlarının səfərini iki ölkə arasında mədəni mübadilənin başlanğıcı kimi qiymətləndirən nazir müavini əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini vurğuladı. Ümidvar olduğunu bildirdi ki, xalqların yaxınlaşmasına ilk addım kimi qəbul edilən bu tədbirin davamı gələn il İnquşetiyada Azərbaycan mədəniyyət günlərinin keçirilməsi ilə davam edəcək.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış oldular. İnquşetiya Dövlət İncəsənət Muzeyinin eksponatlarından ibarət sərgidə fırça ustalarının əl işləri, inquş xalqının dekorativ-tətbiqi sənətin müxtəlif sahələri - zərgərlik məmulatları, ağacdan düzəldilmiş kiçik heykəllər, milli geyimlər, kuklalar, silah, xalçalar və s. təqdim edilir. Sərgidə Ayap Tsuroyev, Zəlimxan Esmurziyev, Zyaudin Batayev, Musa Martazanov və digər dekorativ-tətbiqi sənət ustalarının işləri - ümumilikdə 70-dən artıq nümunə yer alıb. Sərgi dekabrın 4-dək davam edəcək.

“Bizi həmişə möhkəm dostluq əlaqələri birləşdirib”

Həmin gün axşam Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında İnquşetiya Dövlət Milli Rəqs Ansamblının və incəsənət ustalarının iştirakı ilə qala konsert keçirildi.
Konsertdən öncə çıxış edən Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev qonaqları salamladı, mədəniyyət günlərinin iki xalqın dostluq münasibətlərinin inkişafında önəmindən söz açdı. Rusiya Federasiyası ilə Azərbaycan arasında mədəni əlaqələrin yüksək səviyyədə olduğunu bildirən idarə rəisi bu əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğuladı.
İnquşetiya Respublikası mədəniyyət nazirinin müavini Ayna Zaudinova mədəniyyət günlərinin yüksək səviyyədə təşkil olunmasına şərait yaratdığına görə Azərbaycan dövlətinə və xalqına minnətdarlığını bildirdi. Qeyd etdi ki, xalqlarımızın tarixi əlaqələri bu gün də uğurla davam edir: "Azərbaycan və İnquşetiyanı həmişə möhkəm dostluq əlaqələri birləşdirib. Bugünkü tədbir də xalqlarımızın bir-birinə yaxınlaşması yolunda atılan mühüm addımdır. Ortaq dəyərlərə və tarixə malik xalqlarımız arasında bundan sonra da dostluq münasibətlərinin inkişaf edəcəyinə ümid edirik".
İnquşetiyanın təbiət gözəlliklərindən, mədəni həyatından, adət-ənənələrindən və bugünkü mədəni inkişafından bəhs edən videoçarx nümayiş olundu.
Sonra söz incəsənət ustalarına verildi. İnquşetiya Dövlət Milli Rəqs Ansamblının ifasında “Dağlarda sübh" kompozisiyası, “İnquşetiya ritmləri", “İnquşetiya bayram rəqsi" təqdim olundu. İnquşetiya və Qaraçay-Çərkəz Respublikasının Əməkdar artisti Alaudin Esmurziyevin ifasında Müslüm Maqomayevin "Azərbaycan" mahnısı gurultulu alqışlarla qarşılandı. Onun ifasında səslənən "Salam aleykum", Rahman Bekovun "Mənim İnquşetiyam" və Raqda Xaniyevanın ifa etdiyi "İ am telling you" mahnıları da tamaşaçıların alqışlarını qazandı.
Qeyd edək ki, İnquşetiyanın mədəniyyət günləri çərçivəsində daha bir konsert proqramı dekabrın 3-də Mərdəkan Mədəniyyət sarayında keçiriləcək.

Lalə Azəri
Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar