Cəfər Cabbarlının 115 illiyi ata yurdunda qeyd edildi

Dekabrın 1-də Xızı rayonunda görkəmli dramaturq, şair, yazıçı-publisist, tərcüməçi, ssenarist, Əməkdar incəsənət xadimi Cəfər Cabbarlının anadan olmasının 115-ci ildönümü ilə bağlı tədbir keçirildi. Tədbir Yazıçılar Birliyi, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu, Cəfər Cabbarlının ev-muzeyi və Xızı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşdi.

Mərasim iştirakçıları ulu öndər Heydər Əliyevin Xızı şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət etdikdən sonra Cəfər Cabbarlının abidəsi önünə gül dəstələri qoydular.
Yubiley mərasimi şəhərdə yeni inşa edilmiş Heydər Əliyev Mərkəzində təşkil edilmişdi.
Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Əzizov binada ilk tədbir kimi Cəfər Cabbarlının 115 illiyinin qeyd olunmasını əlamətdar hadisə adlandırdı.
Yazıçılar Birliyinin katibi İlqar Fəhmi böyük ədibin zəngin irsindən söz açdı. Bildirdi ki, Cəfər Cabbarlı Mirzə Fətəli Axundzadə ilə başlanan milli dramaturgiyanın sadəcə davamçısı olmamış, eyni zamanda onu inkişaf etdirib zənginləşdirərək yeni mərhələyə yüksəltmişdir. O, həm də istedadlı şair idi. Cümhuriyyət dövründə yazdığı lirik vətənpərvərlik şeirləri hər bir azərbaycanlının qəlbinə yol tapan, vətənin gözəlliklərini tərənnüm edən unudulmaz sənət nümunələridir. Cəfər Cabbarlının kino, teatr sahəsində də əməyi danılmazdır.
Ədibin irsinin araşdırıcısı, filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmli “Cəfər Cabbarlının ədəbi-ictimai fəaliyyəti” mövzusunda məruzə ilə çıxış etdi. Qeyd olundu ki, 35 illik ömrünün 20 ilini yaradıcılığa həsr edən Cəfər Cabbarlı dram əsərləri, lirik və satirik şeirləri, poema və hekayələri, tərcümələri ilə ədəbiyyatımızda böyük şöhrət qazanıb: “Bütün ömrünü teatra həsr edən ədib kinonun inkişafı üçün də əlindən gələni əsirgəməmişdir. Görünür, o, həyatının yarıda qırılacağını hiss etdiyindən qısa ömründə həyatdan istədiklərini almağı, eləcə də xalqa, millətə gərək olanı verməyi bacardı. Özündən sonra neçə-neçə nəslə yadigar qalacaq, onları tərbiyə edəcək, dünyəvi, milli dəyərlər aşılayacaq, vətənə məhəbbət, elə bağlılıq hissləri doğuracaq əsərlər toplusu yaradıb”.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru Şirindil Alışanlı, filologiya üzrə elmlər doktorları Tahirə Məmmədli, Qurban Bayramov, elmi işçi Elnarə Akimova, Mədəniyyət və İncəsənət Universitetinin professoru Rafiq Sadıqov, şair Oqtay Rza və başqaları çıxış edərək Cəfər Cabbarlının yaradıcılığı, Azərbaycan ədəbiyyatında, teatr, kino sahəsindəki fəaliyyəti haqqında danışdılar.
Bildirildi ki, yaradıcılığa şeirlə gələn Cəfər Cabbarlı Azərbaycan dramaturgiyasına “Almaz”, “Aydın”, “Solğun çiçəklər”, “Sevil”, “Od gəlini”, “Oqtay Eloğlu” kimi ölməz səhnə əsərləri bəxş edib. Teatr sənətinin inkişafında böyük xidmətləri olan C.Cabbarlı dəfələrlə dram əsərlərinə quruluş verərək həm rejissor, həm bədii hissə müdiri, həm də səhnə tərtibatçısı kimi fəaliyyət göstərib. Eyni zamanda milli kino sənətimizin inkişafında da misilsiz xidmətlər göstərib.
Tədbirdə “Cəfər Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım ictimai birliyi”nin təsis etdiyi mükafat və diplomlar təqdim olundu. Şair Oqtay Rza və Xızı rayonu akademik Məmməd Arif Dadaşzadə adına Şuraabad qəsəbə tam orta məktəbinin direktoru Xatirə Həşimzadə Cəfər Cabbarlı mükafatı, ədibin Bakıda fəaliyyət göstərən ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı, muzeyin əməkdaşları Gülnarə Əlibalayeva və Sənubər Əhmədova isə diplomlarla təltif edildilər.
Yubiley tədbiri konsert proqramı ilə davam etdi. Konsertdə xalq artistləri - müğənni Mələkxanım Əyyubova, tarzən Möhlət Müslümov, aktrisa Məleykə Əsədovanın ifasında Cəfər Cabbarlının sözlərinə yazılmış mahnılar, poeziyasından nümunələr səsləndirildi.
Tədbirdə mədəniyyət xadimləri, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin nümayəndələri iştirak edirdilər.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar