Xəbər verdiyimiz kimi, noyabrın 21-dən 25-dək ölkəmizin Moldovadakı səfirliyi və Milli Kulinariya Mərkəzinin təşəbbüsü ilə Kişineu şəhərində Azərbaycan mətbəxi günləri keçirilib.

Dekabrın 3-də Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov keçirdiyi mətbuat konfransında tədbir haqqında ətraflı söz açdı, fikirlərini bölüşdü.
Bildirdi ki, Azərbaycan mətbəxi günləri ölkəmizlə Moldova arasında mədəni əlaqələrin inkişafına dair proqram çərçivəsində gerçəkləşib. Açılış mərasiminə Moldovanın mədəniyyət naziri Monika Babuk, kənd təsərrüfatı naziri Vasili Bumakov, digər rəsmilər, Türkiyə, Bolqarıstan, Qətər, Çin, Litva, Rusiya, Slovakiya və Gürcüstanın Moldovadakı səfirləri, mədəniyyət və ictimaiyyət nümayəndələri, Azərbaycan diasporunun təmsilçiləri qatılıblar: “Mərasimdə “Azərbaycan mətbəxi” kitabının moldovan dilində nəşrinin təqdimatı da keçirildi. Ölkəmizin Kişineudakı səfirliyi tərəfindən nəşr edilən kitabı Moldova Kulinarlar Assosiasiyasının prezidenti Yelena Çebanu tərcümə edib”.
Qeyd edək ki, “Azərbaycan mətbəxi” kitabının müəllifləri Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov və Aynurə Əmiraslanovadır.
Mətbəx günlərində milli kulinariyamız layiqli şəkildə nümayiş etdirilib. Tədbir çərçivəsində milli kulinariyamızdan bəhs edən sənədli film nümayiş olunub. Qonaqlara Azərbaycan mətbəxinin ləziz nümunələri - şah plov, dolma, arzuman küftəsi, dovğa və s. xörəklər, habelə müxtəlif şirniyyat nümunələri təklif edilib. Moldova paytaxtının sakinləri və qonaqları açılış mərasiminin keçirildiyi “Kafkazskaya plennitsa”, habelə “Kommunalka”, “Qraffiti”, “Pivnuşka” restoranlarında xalqımızın zəngin kulinariya mədəniyyəti ilə tanış olublar. Kulinarlar Bəyim Məmmədova və Çingizxan Almazov tərəfindən qutab, şəkərbura və paxlavanın hazırlanması ilə bağlı ustad dərsləri keçilib. Mətbəx günlərinin iştirakçılarına Azərbaycan Kulinariya Assosiasiyasının fəxri diplomları təqdim edilib.
Tahir Əmiraslanov UNESCO-nun Hökumətlərarası Komitəsinin 24-28 noyabrda Parisdə keçirilən sessiyasında lavaşla bağlı aparılan diskussiyalara da toxundu. Vurğuladı ki, Ermənistan tərəfi lavaşın erməni çörəyi adı altında UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil etməyə cəhd göstərsə də, Azərbaycan və Türkiyə tərəfinin birgə səyləri ilə bunun qarşısı alınıb: “Ermənilər zaman-zaman Azərbaycana qarşı belə təxribat xarakterli addımlar atırlar. Bu halların qarşısının alınması üçün Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən mətbəx nümunələrimizin tanıdılması və təbliği istiqamətində çoxsaylı layihələr həyata keçiriləcək”.

F.Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar