Bakıda böyük qırğız şairi Toktoqulun 150 illiyinə həsr edilmiş beynəlxalq konfrans keçirildi

Dekabrın 9-da Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin və TÜRKSOY-un birgə təşkilatçılığı ilə görkəmli qırğız şairi, ozanı və bəstəkarı Toktoqul Satılqanovun 150 illiyinə həsr edilmiş beynəlxalq elmi konfrans keçirildi.

Tədbir çərçivəsində TÜRKSOY tərəfindən nəşr edilmiş “Toktoqul Satılqanovun seçilmiş əsərləri” və Türkiyənin Əskişəhər valiliyi tərəfindən beş dildə çap edilmiş “Toktoqul - şeirə, nəğməyə çevrilən ömür” kitablarının təqdimatı oldu.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, elmi konfrans TÜRKSOY-un xətti ilə Azərbaycanda keçirilən növbəti tədbirlərdən biridir: “Təşkilat 2014-cü ili ölkəmizdə silsilə tədbirlərlə yola salır. Dekabrın 8-də TÜRKSOY-un da dəstəklədiyi III beynəlxalq Mahmud Kaşğarlı hekayə müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi oldu. Dekabrın 19-da isə Bakıda UNESCO-nun üzvü olan türk dövlətlərinin müşavirəsi keçiriləcək. Müşavirədə türk xalqlarının UNESCO-da birgə fəaliyyətinin tənzimlənməsi məsələləri müzakirə ediləcək”.
Əbülfəs Qarayev qeyd etdi ki, türk mədəniyyəti ümumi irsimiz və mədəni dəyərimizdir. Buna görə də Bakı hər zaman türk xalqlarının görkəmli ədəbiyyat və mədəniyyət xadimlərinin yubileylərinə ev sahibliyi etməyə hazırdır: “Türk xalqları müəyyən siyasi proseslər nəticəsində öz sənətkarlarına lazımi qiyməti verə bilməmişdir. Onların yaradıcılığı diqqətdən kənarda qalmış, unudulmuşdur.
Müstəqillik qazandıqdan sonra türk xalqları bir-biri ilə daha sıx əlaqələr yaratmaq imkanı qazandı. TÜRKSOY təşkilatı unudulan, tanınmayan, lakin öz xalqının mədəni həyatında mühüm rol oynayan sənətkarlar haqqında məlumatları gələcək nəsillərə çatdırır, onların daha da yaxından tanınmasına imkan yaradır. Belə tədbirlər xalqlarımızın böyük düşüncə adamlarının tanınmasına, təbliğinə böyük töhfədir”.
Nazir bildirdi ki, son illər istər TÜRKSOY, istərsə də UNESCO tərəfindən türk dünyasının böyük şəxsiyyətlərinin yubileylərinin qeyd edilməsi təqdirəlayiq haldır və bu yöndə əlaqələrimizi daha da gücləndirməliyik: “Bu bizim birgə irsimizdir və dünya ictimaiyyətinə birlikdə təqdim edilməlidir”.
Milli Kitabxananın direktoru Kərim Tahirov TÜRKSOY tərəfindən reallaşdırılan layihələrdən söz açaraq dedi ki, təşkilat ənənəvi olaraq hər il türk dünyasının böyük şəxsiyyətlərinin yubileylərini qeyd edir. Bu yubileylərin qeyd edilməsi qardaş xalqların böyük ədəbi, mənəvi sərvətə sahib olmasının göstəricisidir.
Konfransda çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirdi ki, təşkilat 2014-cü ili “Toktoqul Satılqanov ili” elan edərək onun yaradıcılığının təbliğinə çalışıb və silsilə tədbirlərlə, yeni nəşrlərlə bu işə təkan verib: “Çox təəssüflər ki, türk dünyasında indiyədək bu böyük şəxsiyyət haqqında az məlumat vardı. Lakin indi hamı Toktoqulun yaradıcılığı ilə yaxından tanışdır. Bu, bizi sevindirir”.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Nihad Gül, Əskişəhər valisi Güngör Azim Tuna, “Toktoqul - şeirə, nəğməyə çevrilən ömür” kitabının müəllifi, Ankara Universitetinin professoru Gülzura Cumakunova, BDU-nun professoru Ramiz Əsgər, Qırğızıstanın TÜRKSOY-dakı nümayəndəsi Kocagəldi Kuluyev, Özbəkistan, Qazaxıstan və Qırğızıstan Elmlər Akademiyasının professorları çıxış etdilər.
Bildirildi ki, türk ədəbiyyatı tarixə yol açan, dünyaya dahilər bəxş edən və daim yüksələn ədəbiyyatdır. Dünyalarını dəyişmiş türk yazarlarını tanıtmaq, sönən ulduzları yenidən alışdırıb müasir insanlara təqdim etmək əsas vəzifələrdən biri olmalıdır. Əsrlərin sirrini daşıyan mədəniyyətimizin parlaq ulduzları mənəvi dünyamızı ruhlandırır, onların yaradıcılığı tarixi kökümüzü bizə yenidən qaytarır, düşündürür. Ömrünü məşəqqətlərlə başa vuran, Sibirdə sürgün həyatı yaşamış və öz doğma kəndində acından ölən Toktoqulun əzablı həyat yolundan, yazdığı şeirlərdən, bəstələdiyi ölməz mahnılardan söz açan məruzəçilər qırğız xalqının ulu şairinin həyatı, düşüncələri haqda fikirlərini bölüşdülər. Qeyd olundu ki, qırğız professional musiqisinin yaranmasında Toktoqulun böyük əməyi olub və bu gün də əsərləri xalq tərəfindən sevilərək ifa edilir.
Tədbirdə qırğızıstanlı sənətçi Elmirbek İmanalıyevin ifası dinlənildi və Toktoqula həsr edilmiş film nümayiş olundu.
Konfransın sonunda Düsen Kaseinov konfrans iştirakçılarına TÜRKSOY-un “Toktoqul medalı”nı təqdim etdi. Qırğızıstandan gələn nümayəndə heyəti isə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə tədbirin keçirilməsinə yaratdığı şəraitə görə təşəkkür olaraq qırğız milli geyimini hədiyyə etdi.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar