Dekabrın 5-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında görkəmli şair-dramaturq Hüseyn Cavid və ədəbiyyatşünas alim, akademik Məmməd Arif Dadaşzadəyə həsr olunmuş “Tarixin sınaqlarında: ədib və ədəbiyyatşünas” adlı tədbir keçirildi.

Əvvəlcə Məmməd Arifin nəvəsi, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə çıxış edərək “Turan Cavid Qadın Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbiri iki böyük şəxsiyyətin xatirəsinə dərin ehtiram kimi qiymətləndirdi. Bu şəxsiyyətlərin dostluq münasibətlərindən danışan alim Hüseyn Cavidin əsərlərinin toplusunun redaksiya heyətində babasının da təmsil olunduğunu bildirdi, Cavidin həyat yoldaşı Müşkünaz xanımla Dadaşzadələr ailəsinin əlaqələrindən söz açdı.
Filologiya üzrə elmlər doktorları Asif Rüstəmli “Məmməd Arif Dadaşzadənin fəaliyyəti arxiv materiallarında”, Tahirə Məmməd “Bədii və ədəbi-nəzəri yaradıcılıqda ictimai-siyasi quruluşa münasibət problemi” mövzularında məruzələrlə çıxış etdilər. Bildirildi ki, 1941-ci il dekabrın 5-də İrkutsk vilayətində vəfat edən Hüseyn Cavidin cənazəsi 1982-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Vətəninə gətirilib, Naxçıvanda dəfn olunub.
Hüseyn Cavid və Məmməd Arifin münasibətlərindən bəhs edən məruzəçilər qeyd etdilər ki, qanlı-qadalı illərdə bu iki vətənpərvər və mərd insanın dönməzliyi, ədəbi fəaliyyəti alimlər, araşdırıcılar üçün maraqlı tədqiqat obyektidir.
Tədbirdə Məmməd Arifin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirildi. Bildirildi ki, Azərbaycan oxucuları rus ədəbiyyatından L.Tolstoyun "Hərb və sülh", N.Ostrovskinin "Polad necə bərkidi", M.Qorkinin "Dankonun ürəyi", "Makar Çudra", Avropa ədəbiyyatından M.Servantesin "Don Kixot" və s. əsərlərlə Məmməd Arifin tərcüməsində tanış olublar. Adıçəkilən əsərlərin həcmini, mövzusunu təsəvvürə gətirdikdə Məmməd Arifin yaradıcılığına bələd olmayan adamlar da onun xidmətləri barədə müəyyən qənaətə gələ bilər. Ədəbiyyatşünas alim həmçinin, orta məktəbdə ədəbiyyatımızın keyfiyyətlə tədris olunmasına da töhfəsini əsirgəməyib, X sinif üçün ədəbiyyat dərsliyinin müəllifi olub.
“Turan Cavid Qadın Mərkəzi” İctimai Birliyinin sədri Sevda Cəfərova hər iki şəxsiyyətin həyatında və taleyində kəsişən anlardan danışdı. Əməkdar incəsənət xadimləri Rəşid Şəfəq və Zümrüd Dadaşzadə Hüseyn Cavid və Məmməd Arifin yaradıcılığında musiqinin yerindən, həmçinin bu il 95 yaşı tamam olan bəstəkar Ərtoğrul Cavidin əsərlərindən söz açdılar.
Tədbirin bədii hissəsində Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova, əməkdar artistlər Nərgiz Kərimova, Eyyub Yaqubov, Bakı Musiqi Akademiyasının dosenti Məleykə Əhədzadə, Famil Əliyev və başqaları Azərbaycan bəstəkarlarının əsərlərini ifa etdilər. Gənc pianoçu, beynəlxalq müsabiqələr laureatı Vurğun Vəkilov Ərtoğrul Cavidin anası Müşkünaz xanıma ithaf etdiyi “Naxçıvan mənzərələri” silsiləsindən pyesləri ilk dəfə səsləndirdi.

L.Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar