Yeni nəşr tariximizi, mədəniyyətimizi beynəlxalq aləmə tanıtmaq istiqamətində uğurlu layihədir
Dekabrın 5-də «Hilton Baku» hotelində «İrs» nəşriyyatında çap edilən «Təbrizin sehrli nağılları» kitabının təqdimatı keçirildi. Kitab Mədəniyyət və Turizm Nazirliyi, «bp Azərbaycan» şirkəti və «Paşa Həyat Sığorta» ASC-nin dəstəyi ilə işıq üzü görüb.
Tədbiri giriş sözü ilə açan «bp Azərbaycan»ın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlı bildirdi ki, nəşr «İrs» jurnalının baş redaktoru Musa Mərcanlının layihəsi ilə sənətşünaslıq doktoru Cəmilə Həsənzadənin tədqiqatları əsasında hazırlanıb.
Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Azərbaycanın qədim tarixinin, zəngin mədəniyyətinin dünyada təbliği istiqamətində görülən işlərdən söhbət açdı. Bildirdi ki, «Təbrizin sehrli nağılları» kitabı tariximizi, mədəniyyətimizi dünyada tanıtmaq istiqamətində atılan növbəti uğurlu addımlardan biridir: “Bizim əsas məqsədimiz Azərbaycanın tarixini və mədəniyyətini dünyaya tanıtdırmaqdır. Bu istiqamətdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən böyük işlər görülür, müxtəlif nəşrlər hazırlanır, festivallar keçirilir, böyük tədqiqatlara dəstək verilir. «Təbrizin sehrli nağılları» kitabı da ölkəmizin mədəni irsinin təbliği baxımından dəyərli bir nəşrdir”.
Qeyd olundu ki, 2013-cü ildə «İrs» silsiləsi çərçivəsində yeni layihəyə başlanılıb. Ötən müddətdə layihə üzrə iki nəşr - «Qədim qalanın yuxuları» və «Qobustan - minilliklər kitabı» işıq üzü görüb. Kitablar UNESCO-nun dünya irs siyahısına daxil edilmiş İçərişəhərə və Azərbaycanın qayaüstü incəsənətinə həsr olunub. Bu silsilədən növbəti kitab - «Təbrizin sehrli nağılları» Şərq və dünya incəsənəti tarixində özünəməxsus yer tutan Azərbaycan miniatür sənətindən bəhs edir: “Orta əsrlərdə Azərbaycan ədəbiyyatında və incəsənətində bir intibah dövrü yaşanıb. Həmin dövrdə Nizami Gəncəvinin «Xəmsə»sinə və Firdovsinin «Şahnamə» əsərinə çəkilmiş miniatürlər geniş yayılıb. Bu sənətin yaradıcıları məşhur Təbriz məktəbini formalaşdırdılar. Təqdim olunan kitab həm qədim, həm də müasir dövrün mənzərəsini birləşdirən bir əsərdir. Belə nəşrlərin ərsəyə gəlməsi bizləri çox sevindirir”.
Ölkəmizin tarixi irsini təbliğ edən layihələrdə iştirakdan məmnun olduqlarını bildirən bp-nin regional direktoru Qordon Birrel dedi ki, şirkət belə nəşrləri dəstəkləməklə Azərbaycan mədəniyyətinin yerli və beynəlxalq miqyasda daha da tanınmasına töhfə verir: “Mən layihənin nəşrləri ilə tanışam. Ümid edirəm ki, yeni kitab da xalqların mirasına məftunluq mənbəyi olacaq, müasir rəssamları bu əvəzsiz milli irsə öz töhfələrini verməyə ilhamlandıracaq. Kitab incəsənət pərəstişkarları, tənqidçiləri və bizim hamımız üçün möhtəşəm bir əsərdir. Layihədə iştirakına görə Mədəniyyət və Turizm Nazirliyinə, «Paşa Həyat Sığorta»ya və «İrs» nəşriyyat evinə təşəkkür edirəm”.
«Paşa Həyat Sığorta» ASC idarə heyəti sədrinin müavini Niyaz İsmayılov bildirdi ki, şirkət sığorta fəaliyyətindən əlavə, sosial tədbirlərdə də yaxından iştirak edir: «Təbrizin sehrli nağılları» kitabı bizim orta əsr mədəniyyətimizin təbliğatıdır. Hesab edirəm ki, «İrs» silsiləsindən olan bütün əsərlər ölkə vətəndaşlarının maariflənməsində mühüm rol oynayacaq, eyni zamanda digər ölkələrdə də orta əsr mədəniyyətimizin təbliğat vasitəsinə çevriləcək. «Paşa Həyat Sığorta» şirkəti belə layihələrin həyata keçirilməsinə dəstək verməyə hər zaman hazırdır”.
«İrs» jurnalının baş redaktoru Musa Mərcanlı kitabı qədim və müasir dövrümüzü birləşdirən nəşr kimi qiymətləndirərək, bu sahədə işlərin davamlı olacağını bildirdi: “Təbriz miniatür sənəti orta əsr Azərbaycan incəsənəti salnaməsinin ən maraqlı səhifələrindən biri hesab olunur. Apardığımız tədqiqatlar zamanı gördük ki, 2011-ci ildə hərracların birində Firdovsinin «Şahnamə»sinə çəkilmiş miniatür 7,4 milyon funt-sterlinqə - təxminən 10 milyon dollara satılıb. Bu bizi həmin əsərlərlə maraqlanmağa vadar etdi. Məlum oldu ki, miniatürlərin bir hissəsi şəxsi kolleksiyalardadır və onlar Azərbaycan tədqiqatçılarına bəlli deyil. Bu əsərlərin xeyli hissəsi dünyanın məşhur muzeylərindədir. Miniatür sənəti XI əsrdən başlayıb, bu gün də davam edir. Biz onun bir hissəsini - XIV-XVI əsrlərə aid Təbriz məktəbini nümunə kimi götürdük və bu kitabda nəşr etdik. Əlimizdə olan materiallardan 3-4 kitab da çap edə bilərik”.
Çıxışlardan sonra mərasim muğam ifaçılarının konsert proqramı ilə davam etdi.
Fəxriyyə Abdullayeva