“Anadolu” agentliyinin və AzərTAc-ın obyektivlərindən Heydər Əliyev” adlı fotosərgi açılıb

Dekabrın 12-si zəmanəmizin qüdrətli siyasətçisi, müasir Azərbaycan dövlətinin banisi, ulu öndər Heydər Əliyevin vəfatının 11-ci ildönümüdür. Heydər Əliyev bütün həyatını doğma vətəni, xalqı, bugünkü və gələcək nəsillər üçün yaşayıb. Onun şəxsiyyətinin böyüklüyü memarı olduğu Azərbaycan dövlətinin yüksəlişində təsdiqini tapır.

Dekabrın 11-də Muzey Mərkəzində ulu öndər Heydər Əliyevin Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) və Türkiyənin “Anadolu” agentliyinin foto arxivlərində qorunub saxlanılan şəkillərindən ibarət sərgi açıldı.
Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Anadolu” agentliyinin və AzərTAc-ın obyektivlərindən Heydər Əliyev” adlı fotosərgi ümummilli liderin vəfatının 11-ci ildönümünə həsr olunub.
Açılış mərasimində dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, respublikamızın tanınmış elm və mədəniyyət xadimləri, Türkiyədən gəlmiş qonaqlar və ölkə ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Mərasimdə əvvəlcə Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin dövlət himnləri səsləndirildi.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dahi Heydər Əliyevin ömür yolundan, Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən danışdı: “Artıq 11 ildir ki, ulu öndər Heydər Əliyev aramızda yoxdur. Lakin onun əziz xatirəsi həmişə bizim qəlbimizdə yaşayır. Onun xatirəsini Azərbaycan və Türkiyə xalqları hər zaman əziz tutur. Məhz ümummilli liderin yorulmaz fəaliyyəti, onun müdrik siyasəti nəticəsində bu gün Azərbaycan sürətli inkişafa nail olub”.
Əli Həsənov belə bir fotosərginin təşkil olunmasını Heydər Əliyevin zəngin irsinə dərin hörmət və ehtiramın göstəricisi kimi yüksək qiymətləndirdi.
Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndəsi Meral Barlas iki qardaş ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsində Heydər Əliyevin böyük əməyinin olduğunu vurğuladı. Bildirdi ki, Azərbaycanın çətin durumunda hakimiyyətə gələn Heydər Əliyev ölkəni inkişaf yoluna çıxarmağa nail oldu.
Daha sonra TRT kanalının baş direktoru Şenol Göka, Yunus Əmrə İnstitutu direktorunun müavini Şenol Çobanoğlu, Azərbaycan Dövlət Teleqraf Agentliyinin baş direktoru Aslan Aslanov və “Anadolu” agentliyi baş direktorunun müavini Əbubəkr Şahin çıxış edərək ulu öndərin həyat yolundan, dövlətçilik fəaliyyətindən və zəngin siyasi irsindən söz açdılar. Qeyd olundu ki, Heydər Əliyev Azərbaycanın müstəqilliyi, suverenliyi və inkişafı uğrunda daima əzmlə çalışıb. Məhz onun nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq arenada tanınır və ən mötəbər təşkilatların tribunasından haqq səsini dünyaya çatdıra bilir.
Çıxışlardan sonra mərasim iştirakçıları “Anadolu” agentliyinin və AzərTAc-ın obyektivlərindən Heydər Əliyev” fotosərgisi ilə tanış oldular. Fotoşəkillər ulu öndərin həyatının ayrı-ayrı dövrlərini, siyasi və dövlətçilik fəaliyyətini, səfərlərini, mədəniyyət xadimləri, idmançılar, digər peşə sahibləri ilə müxtəlif görüşlərini əks etdirir. Sərgi üç gün davam edəcək.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar