Dekabrın 18-də Bakıda TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə milli komissiya və komitələrinin 5-ci iclası işə başladı. Tədbir iştirakçıları əvvəlcə “Biz sülh tərəfdarıyıq” adlı uşaq rəsmlərindən ibarət sərgi ilə tanış oldular.

Dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının iştirak etdikləri tədbir xarici işlər naziri Elmar Məmmədyarovun açılış nitqi ilə başladı. Ölkəmizin UNESCO üzrə Milli Komissiyasının yaradılmasının 20 ilinin tamam olduğunu deyən nazir iclasın əhəmiyyətindən danışdı: “TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə milli komissiya və komitələrinin 5-ci iclası bu yubileyə həsr olunub. 20 ildir ki, ölkəmiz UNESCO ilə təhsil, elm, mədəniyyət, kommunikasiya və digər sahələr üzrə sıx əməkdaşlıq edir. Azərbaycan təşkilatın demək olar ki, bütün konvensiyalarına qoşulub, müxtəlif komitələrinin üzvü olub, bir çox beynəlxalq tədbirlərinə ev sahibliyi edib”.
Nazir bildirdi ki, iclasın keçirilməsində məqsəd türkdilli ölkələrin UNESCO-da əməkdaşlıq imkanlarının araşdırılması, müxtəlif layihələrin həyata keçirilməsi, birgə nominasiyaların UNESCO-nun müvafiq siyahılarına daxil edilməsi kimi əhəmiyyətli məsələlərin müzakirəsi və ölkələr arasında əlaqələrin möhkəmləndirilməsidir.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov iclasın Bakıda keçirilməsindən məmnun olduğunu dedi: “Son illər Azərbaycan beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. TÜRKSOY-un fəaliyyəti UNESCO-nun ideya istiqamətlərinə uyğundur. Sevindirici haldır ki, təşkilatın fəaliyyəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilir. İki gün davam edəcək iclasda aparılacaq müzakirələr müvafiq sahədə əməkdaşlığa öz töhfəsini verəcək”.
Sonra baş katib Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının birinci katibi Günay Əfəndiyevaya TÜRKSOY adından xatirə hədiyyəsi təqdim etdi.
Açılış mərasimində UNESCO-nun baş direktoru İrina Bokovanın tədbir iştirakçılarına müraciəti oxundu. Müraciətdə Azərbaycan-UNESCO əlaqələrinin geniş istiqamətlərdə inkişafı, bu əlaqələrdə Heydər Əliyev Fondunun fəaliyyəti qeyd olunur. Bildirilir ki, Bakıda keçirilən iclas müvafiq komissiyalar arasında mədəniyyət, elm, təhsil sahəsində vacib addımların atılması üçün daha bir fürsətdir.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, UNESCO Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra qoşulduğu ilk beynəlxalq təşkilatlardan biridir: “Həmin dövrdən bu günə kimi UNESCO-Azərbaycan əlaqələri inkişaf edən xətt üzrə irəliləmiş və hazırda özünün ən dolğun mərhələsini yaşamaqdadır. Bu əməkdaşlığın dərinləşdirilməsi ümummilli lider Heydər Əliyevin mədəniyyət siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir”.
Nazir təşkilatla əməkdaşlığın inkişafında Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın müstəsna xidmətləri olduğunu diqqətə çatdırdı. UNESCO üzrə Milli Komissiyanın fəaliyyətinə toxunan nazir komissiyanın 20 illik fəaliyyəti dövründə təşkilatla əməkdaşlığın inkişafına böyük töhfələr verdiyini dedi: “Azərbaycanın müxtəlif dövlət qurumlarının təhsil, elm və mədəniyyət sahəsində UNESCO ilə əməkdaşlığının artmasında komissiyanın fəaliyyəti olduqca təqdirəlayiqdir”.
Nazir UNESCO-nun iştirakı və yaxından dəstəyi ilə ölkəmizin görkəmli şəxsiyyətlərinin, əlamətdar mədəniyyət hadisələrinin yubileylərinin dünya səviyyəsində keçirildiyini diqqətə çatdırdı. Qeyd olundu ki, ölkəmizin maddi və qeyri-maddi mədəni irs nümunələrinin UNESCO-nun siyahılarına daxil edilməsi Azərbaycanın təşkilatla əməkdaşlığının gözəl bəhrəsidir.
TÜRKSOY-un fəaliyyətindən danışan Əbülfəs Qarayev bildirdi ki, türkdilli dövlətlərin ortaq tarixini, mədəniyyətini, irsini qorumaq, təbliğ etmək məqsədilə yaradılmış qurum UNESCO ilə sıx əməkdaşlığa malikdir: “Türkdilli ölkələrlə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi zərurəti və meylləri ilkin olaraq bir kökdən, bir soydan olmağımız və bundan irəli gələn ümumi cəhətlərin varlığı ilə bağlıdır. Məhz bu səbəbdən TÜRKSOY son dövrlərdə mədəni irsimizin nümunələrinin nəinki türk dünyasında, həmçinin UNESCO vasitəsilə beynəlxalq miqyasda təbliği üçün çox mühüm layihələr həyata keçirir. Bunun parlaq nümunəsi UNESCO-nun baş qərargahında TÜRKSOY-un 20 illik yubileyinin və bu tədbir çərçivəsində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin UNESCO-nun yubileylər proqramına daxil edilmiş “Arşın mal alan” operettasının 100 illiyinin qeyd edilməsi olmuşdur”.
İclasda çıxış edən Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdıralı rəhbərlik etdiyi qurumun həyata keçirdiyi layihələrdən bəhs etdi.
Tədbirdə həmçinin AMEA-nın prezidenti Akif Əlizadə, təhsil naziri Mikayıl Cabbarov, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası baş katibinin müavini Abzal Saparbekuli və digərlərinin çıxışları dinlənildi.
Çıxışlardan sonra “TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə milli komissiya və komitələri arasında əməkdaşlığın möhkəmləndirilməsi, fikir və təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi perspektivləri” mövzusunda plenar iclas oldu. İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan, Moldova, Qaqauz Muxtar Qurumu, Şimali Kipr Türk Cümhuriyyəti və digər respublikaların UNESCO üzrə milli komissiyalarının rəhbərləri, Rusiya Federasiyası Tatarıstan Respublikasının mədəniyyət naziri, Saxa Respublikası Dövlət Məclisinin sədri çıxış etdi. İştirakçı ölkələrin nümayəndələri özlərinə məxsus mədəni irs nümunələri ilə bağlı təqdimatlar etdilər.
Dekabrın 19-da tədbir çərçivəsində mədəni və təbii irs, qeyri-maddi mədəni irs, təhsil və dünya yaddaşı proqramı üzrə dəyirmi masalar keçiriləcək.

Mehparə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar