Dekabrın 18-də Azərbaycan Xalça Muzeyində milli dekorativ-tətbiqi sənət nümunələri arasında özünün orijinal bəzək texnikasına görə seçilən kəlağayının nümayişi məqsədilə “Kəlağayım - əlvan örpəyim” adlı sərgi açıldı.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva iştirakçıları salamlayaraq qədim el sənətinin tarixi və bugünkü inkişafından söz açdı. Bildirdi ki, 24-28 noyabr tarixində keçirilən UNESCO-nun qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin iclasında Azərbaycan kəlağayı sənətinin qurumun qeyri-maddi mədəni irs üzrə siyahısına daxil edilməsi mədəniyyətimiz üçün böyük bayram oldu. Bundan əvvəl Azərbaycan muğam ifaçılıq sənətinin, aşıq sənətinin, Novruz bayramının, Azərbaycan xalçası və tar ifaçılıq sənətinin, çövkən oyununun UNESCO-nun siyahısına daxil edildiyini deyən nazir müavini ölkəmizin mədəniyyət həyatında baş verən bu cür tarixi hadisələrin ölkə Prezidenti İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasına göstərdiyi yüksək diqqət və qayğının nəticəsi olduğunu diqqətə çatdırdı.
Sevda Məmmədəliyeva Bakıda TÜRKSOY-ya üzv ölkələrin UNESCO üzrə milli komissiya və komitələrinin 5-ci iclasının keçirildiyini qeyd edərək qonaqların bir qisminin sərgidə iştirakından məmnunluğunu bildirdi, Xalça Muzeyinin yeni binası haqqında qonaqlara məlumat verdi.
Təqdim olunan sərgi haqqında danışan nazir müavini qeyd etdi ki, ölkəmizdə bu sənəti yaşadan görkəmli sənətkarlar var, kəlağayı sənəti daim inkişaf edərək modernləşir.
Sonra iştirakçılar sərgi ilə tanış oldular. Dekabrın 28-dək davam edəcək sərgidə muzeyin “Parça, tikmə. Geyim” kolleksiyasından XIX əsrə aid kəlağayılar, “Şəki İpək” ASC-nin, Rəna İbrahimbəyova və rəssam Hüseyn Həsənovun kəlağayılarından ibarət “Yol” adlı kompozisiya, gənc dizayner Mənzər Hacıyevanın kəlağayı nümunələri nümayiş olunur.

L.Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar