Dekabrın 18-də Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyi, “525-ci qəzet” və “Mədəniyyət” qəzetlərinin təşkilatçılığı ilə keçirilən “Teatr sənəti mövzusunda ilin ən yaxşı məqaləsi” müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi oldu.

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bu formatlı müsabiqələrin vacibliyindən danışdı. Bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən teatr sənətinin müxtəlif sahələrinə həsr edilmiş məqalələri dəyərləndirmək, təbliğ etmək, gənc teatrşünasları, jurnalistləri bu mövzularda yazmağa həvəsləndirmək məqsədilə təşkil olunan müsabiqə davamlı olacaq və növbəti illərdə miqyası daha da genişlənəcək. Qeyd olundu ki, bu il fevralın 1-dən noyabrın 1-dək davam edən müsabiqəyə yaşı 35-dək olan, peşəkar, gənc teatrşünaslar və teatr sahəsindən mütəmadi olaraq yazan KİV nümayəndələri tərəfindən ən yaxşı resenziya, nəzəri araşdırma, portret yazı, tənqidi məqalə və müsahibə nominasiyaları üzrə məqalələr təqdim edilib. Məqalələr münsiflər heyət tərəfindən oxunaraq qiymətləndirilib.
Ədalət Vəliyev növbəti il keçiriləcək müsabiqənin şərtlərinin genişləndiriləcəyini diqqətə çatdırdı. Qeyd etdi ki, zəngin ənənələrə malik milli teatrımızın keçdiyi yolun, son illərdə əldə olunan nailiyyətlərin, dövlətin bu sahəyə xüsusi diqqət və qayğısının, ölkə teatrlarının fəaliyyətinin mətbuatda mütəmadi işıqlandırılması, bütün bu məsələlərə yüksək peşəkarlıqla münasibət bildirilməsi vacib amildir. Nazir müavini üzünü bu sahədən yazan teatrşünas və yazarlara tutaraq mövzu rəngarəngliyi, peşəkar yanaşma, yazılan mövzunun mahiyyətinə varıb müşahidəçilik və təhlil qabiliyyəti ortaya qoymağın əsas şərtlərdən olduğunu dedi: “Cəmiyyətin 100 ildə teatra göstərdiyi qayğı və diqqətin 100 mislini bu gün dövlət Azərbaycan teatrına göstərir. Düşünürəm ki, təkcə teatr haqqında yazmaqla müsabiqədə iştirak etmək kifayət deyil. Misal üçün deyə bilərəm ki, teatrla dostluq edən məktəbdən yazmaq olar. Ola bilər ki, o yazı ilə onlarla məktəbi teatra çağırdıq. Bununla da şəbəkə genişlənsin. Hər zaman demişəm ki, teatra sevgi ailədən başlayır. İnsanı teatra bağlayan birinci amil ailədir. Digərlərini isə teatra məktəb, universitet və cəmiyyət bağlayır. Mən deyə bilmərəm ki, Azərbaycandakı 26 teatrdan hər birinin vəziyyəti əladır. Amma yaxşı olanların sayı çoxdur və daha da artması üçün işlər görülür. 40 il idi ki, Sumqayıt Dövlət Teatrının binası yox idi. Cənab Prezidentimizin tapşırığı ilə bu teatra bina verildi. Belə nümunələr çoxdur və cəmiyyətə teatrın nə qədər böyük əhəmiyyətə malik estetik zövq, mənəvi tərbiyə məkanı olduğunu bir də bu prizmadan təbliğ etməliyik”.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid mətbuat səhifələrində teatr sənəti ilə bağlı yazıların mütəmadi dərc olunmasının vacibliyini vurğuladı, müəlliflərin bu sahəyə cəlb edilməsi üçün belə müsabiqələrin əhəmiyyətindən danışdı.
Sonra müsabiqənin qalibləri mükafatlandırıldı. Pərvin Nurəliyeva 1-ci, Elçin Cəfərov 2-ci, Aliyə Dadaşova 3-cü yerə, Həmidə Rüstəmova və Aygün Süleymanova həvəsləndirici mükafata layiq görüldülər. Qaliblərə diplom və pul mükafatları təqdim olundu. “525-ci qəzet”in əməkdaşı Pərvin Nurəliyeva çıxış edərək yaradıcı gənclərə göstərdiyi diqqət və qayğıya görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirdi.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar