Bakıda keçirilən iclasda bu mövzuda geniş müzakirələr aparıldı
Xəbər verdiyimiz kimi, dekabrın 18-19-da Bakıda TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə milli komissiya və komitələrinin 5-ci iclası keçirilib. Tədbirin ikinci günü mədəni irslə bağlı dəyirmi masalarla davam etdi.
“Türkdilli ölkələrin qeyri-maddi mədəni irs elementləri reyestrinin yenilənməsi və yaxın perspektivdə UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına təqdim ediləcək birgə çoxmilli nominasiyaların müəyyənləşdirilməsi” mövzusunda dəyirmi masada iştirakçılar öz mədəni irs nümunələrindən bəhs edərək bu xüsusda əməkdaşlıq imkanlarından söz açdılar.
Qırğızıstan nümayəndəsi milli çörək məmulatı “Halama”nın hazırlanması texnologiyasından danışaraq onun gələcəkdə UNESCO-nun siyahısına salınmasının əhəmiyyətini vurğuladı. Bu mövzuda çıxışlarda UNESCO Hökumətlərarası Komitəsinin son sessiyasında lavaşla bağlı müzakirələrdən də bəhs edilərək lavaşın Azərbaycan xalqına məxsus olması bir daha tarixi faktlarla diqqətə çatdırıldı.
“Türkdilli ölkələrin mədəni və təbii irs obyektlərinin reyestrinin yaradılması və yaxın perspektivdə UNESCO-nun dünya irs siyahısına təqdim ediləcək birgə çoxmilli nominasiyaların müəyyənləşdirilməsi” mövzusunda dəyirmi masada isə milli parkların, meşələrin, qədim yaşayış məskənlərinin qorunmasından və turizm üçün əhəmiyyətindən söhbət açıldı. Türkiyənin UNESCO üzrə Milli Komissiyasının rəhbəri, professor Öcal Oğuz türkdilli ölkələrin milli muzeylərində qorunub saxlanan ortaq tariximizə aid qədim əşyaların bir araya gətirilərək sərgilənməsinin vacibliyini qeyd etdi.
Növbəti dəyirmi masa “UNESCO-nun assosiativ məktəbləri, UNESCO klubları və kafedraları proqramları çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi” mövzusuna həsr olunmuşdu. Müzakirələrdə milli təhsil sistemində ortaq dəyərlərin qorunması və təbliğinə dair dərslərin keçirilməsinin zəruriliyi diqqətə çatdırıldı.
Digər dəyirmi masa “Türkdilli dövlətlərin sənədli irs obyektləri reyestrinin yaradılması və UNESCO-nun “Dünya yaddaşı” dünya sənədli irs siyahısına təqdim ediləcək birgə çoxmilli nominasiyaların müəyyənləşdirilməsi” mövzusunda idi.
Sonuncu dəyirmi masada isə UNESCO-nun assosiativ məktəblər, UNESCO klubları və kafedraları proqramları çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi aparıldı, bu istiqamətdə işbirliyi perspektivlərindən söz açıldı.
Günün ikinci yarısında dəyirmi masa rəhbərləri - Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Yaşar Hüseynli, AMEA-nın “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktor müavini Şaiq İbrahimov, Təhsil Nazirliyinin şöbə müdiri Fariz Rzayev, mədəniyyət siyasəti üzrə ekspert, Avropa Muzeyləri Forumunun münsiflər heyətinin daimi üzvü Cahangir Səlimxanov müzakirə olunan məsələlərə dair çıxış etdilər. Diqqətə çatdırıldı ki, səsləndirilən təkliflər gələcək əməkdaşlıq üçün yeni imkanlar açır.
Sonra TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə milli komissiya və komitələrinin 5-ci iclasının bağlanış mərasimi keçirildi. UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva çıxış edərək iki gün ərzində davam edən toplantıda mühüm məsələlərin müzakirə olunduğunu bildirdi: “İclasda iştirak edən hər təmsilçinin növbəti görüşədək müzakirə olunan məsələlərlə bağlı ölkəsində müəyyən işlərin görülməsini təşviq etməsi məqsədəuyğundur. Eyni zamanda, ölkələr qəbul edilən ortaq qərarlarla bağlı məlumatlandırılmalıdır ki, növbəti görüşdə müzakirə ediləcək mövzular yenidən yox, bu gün qaldığımız yerdən davam etsin”.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov da tədbirin yekunlarından bəhs etdi. Bildirdi ki, səsləndirilən təkliflərə dair növbəti tədbirədək milli komissiyalarımız arasında işlərin gedişi ilə bağlı məlumatlandırmaların aparılması vacibdir.
Daha sonra iclasın yekun bəyannaməsi qəbul edildi. İclas iştirakçılarına sertifikatlar və xatirə hədiyyələri təqdim olundu.
Xatırladaq ki, TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə milli komissiya və komitələrinin 5-ci iclası Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 20 illik yubileyinə həsr olunmuşdu. İclasın keçirilməsində əsas məqsəd türkdilli ölkələrin birgə nominasiyalarının UNESCO-nun müvafiq siyahılarına daxil edilməsi kimi əhəmiyyətli məsələlərin müzakirəsi idi.
Mehparə