Böyük rus şairi Mixail Lermontovun 200 illik yubileyi Bakıda qeyd olunub

Böyük rus şairi, yazıçı və dramaturq Mixail Lermontovun 200 illik yubileyi bu il bütün dünyada, UNESCO səviyyəsində qeyd olunur. Nakam şairin xatirəsi qısa ömrünün bir hissəsini keçirdiyi Azərbaycanda da ehtiramla anılır, yubiley münasibətilə müxtəlif tədbirlər keçirilir.

Dekabrın 22-də Heydər Əliyev Mərkəzində Mixail Lermontovun 200 illiyi ilə bağlı tədbirlər çərçivəsində dəyirmi masa və musiqili gecə keçirilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə gerçəkləşən dəyirmi masada dövlət və hökumət rəsmiləri, tanınmış elm, mədəniyyət xadimləri, xarici qonaqlar iştirak ediblər.
Əvvəlcə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov çıxış edərək Heydər Əliyev Fondunun gördüyü işlərdən, təhsil, mədəniyyət sahəsində ölkəmizdə və xaricdə həyata keçirdiyi layihələrdən söz açıb.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanla Rusiya arasında mədəni əlaqələrin iki əsrə yaxın zəngin tarixi olduğunu, müstəqillik dövründə bu əlaqələrin qorunub inkişaf etdirildiyini vurğulayıb. Azərbaycanda görkəmli rus şairinin yaradıcılığına hər zaman dərin hörmət bəsləndiyini diqqətə çatdıran nazir qeyd edib ki, Lermontov - dünya mədəniyyəti və ədəbiyyatında hadisədir. Taleyin cəmi 13 illik yaradıcılıq nəsib etdiyi şairin poeziya, nəsr və dramaturgiya sahəsində yaratdığı əsərlər ona dahi ədiblər sırasına daxil olmaq hüququ verib. Lermontov Qafqazda sürgündə olarkən bu yerlərdən yeni yaradıcılıq ilhamı alıb, dağları, təbiəti, burada yaşayan xalqların ənənələrini sevib və bütün bunları əsərlərində əks etdirib. Lermontov Azərbaycanın görkəmli mütəfəkkiri, dramaturgiyamızın banisi Mirzə Fətəli Axundovla dostluq edib və ondan Azərbaycan dilini öyrənib. Azərbaycanın Qusar rayonu ərazisində hərbi xidmət keçən şair kəndləri gəzib, sadə insanlarla görüşüb. Bu gün rayonun tarix-diyarşünaslıq muzeyində Lermontovla bağlı eksponatlar saxlanılır. Qeyd olunub ki, ölkə Prezidentinin müvafiq sərəncamı ilə dünya klassikləri sırasında Lermontovun, digər rus şair və yazıçılarının əsərləri latın qrafikalı Azərbaycan əlifbasında nəşr edilir.
Təhsil naziri Mikayıl Cabbarov da Azərbaycanla Rusiya arasında humanitar, təhsil, mədəniyyət əlaqələrindən bəhs edib. Bildirib ki, bu gün orta və ali məktəblərdə rus dili öyrənilir, rus dilində tədris həyata keçirilir, rus teatrı fəaliyyət göstərir, rus dili və ədəbiyyatı üzrə müsabiqələr təşkil olunur.
Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacılı “M.Y.Lermontov və Azərbaycan: mədəniyyətlərin qavranılmasından qarşılıqlı nüfuz etməsinə doğru” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, bir çox Azərbaycan yazıçı və şairləri Lermontovun əsərlərini tərcümə ediblər. Ədəbi irsindən başqa, şairin bioqrafiyasından unudulmaz faktlar da onun Azərbaycanla sıx bağlılığını göstərir.
O, Qafqaz xalqlarının, o cümlədən Azərbaycan xalqının folkloru ilə daha yaxından tanış olub, “Aşıq Qərib” poemasını qələmə alıb. Qafqaz mövzusu Lermontovun “İsmayıl bəy”, “Mtsıri”, “Demon”, “Zəmanəmizin qəhrəmanı”, “Qaçqın”, “Görüş” və başqa əsərlərində əksini tapıb.
Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Rus Ədəbiyyatı İnstitutunun direktoru, filologiya elmləri doktoru Vsevolod Baqno, Dövlət Ədəbiyyat Muzeyinin direktoru, professor Dmitri Bak, M.Y.Lermontovun Malaya Molçanovkadakı ev-muzeyinin direktoru Valentina Lentsova çıxış edərək yubiley tədbirinə dəvətə görə Heydər Əliyev Fonduna təşəkkürlərini bildiriblər.
Lermontovlar nəslinin nümayəndəsi, “Lermontov irsi” Assosiasiyasının prezidenti, Mixail Yuryeviç Lermontov şairin şəcərəsi barədə məlumat verib.
Dəyirmi masadakı diskussiyalarda çıxış edən millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev, Xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və başqaları Lermontovun yaradıcılığından söz açıblar. Qeyd olunub ki, ədibin ictimai, fəlsəfi fikirləri XIX və XX əsrlərin rus yazıçı və şairlərinə böyük təsir göstərib, əsərləri rəssamlıq, teatr və kinematoqrafda geniş əksini tapıb.
* * *
Həmin gün axşam Heydər Əliyev Mərkəzində görkəmli rus şairinin ədəbi-bədii yaradıcılığına həsr olunmuş musiqili gecə keçirilib. Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.
İştirakçılar əvvəlcə şairin 200 illiyi ilə bağlı təşkil edilmiş sərgi ilə tanış olublar.
Sərgi üç bölmədən - “Rəssam Lermontovun əsərlərinin reproduksiyası”, “Şairin bədii surəti uşaqların gözü ilə”, “Lermontov şəxsiyyətinin və onun ədəbi yaradıcılığının Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbə və müəllimləri tərəfindən təqdimatı”ndan ibarətdir.
Yubiley gecəsində çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Lermontovun dühası bütün bəşəriyyətə məxsus olduğunu vurğulayıb: “Onu həm Qərbdə, həm də Şərqdə sevirlər. Lermontovun poeziyası həm parlaq vətəndaşlıq mövqeyi, həm dərin fəlsəfə, həm də incə məhəbbət lirikasıdır. Lermontov əsərlərinin bir çoxunu Qafqazda sürgündə olarkən yazıb. Qafqaz dağlarının, meşələrinin və çaylarının parlaq rəngləri onu bir rəssam və şair kimi çox ruhlandırıb, o öz əsərlərini yerli adət-ənənələrin koloriti ilə zənginləşdirib.
Azərbaycanda böyük rus mədəniyyətinə və ədəbiyyatına həmişə dərin ehtiramla yanaşıblar. Biz Lermontovun Azərbaycan dilini öyrənməsi ilə çox qürur duyuruq. O qeyd edirdi ki, fransız dili Avropa üçün əhəmiyyətli olduğu qədər Azərbaycan dili də Qafqaz üçün əhəmiyyətlidir. Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadə Lermontova Azərbaycan dilini öyrədib. Onları səmimi dostluq hissləri bağlayıb. Zənnimcə, bu, Azərbaycan ilə Rusiyanı birləşdirən köklərin nə qədər dərin olduğunu bir daha vurğulayır”.
“Lermontov irsi” Assosiasiyasının prezidenti Mixail Lermontov çıxış edərək görkəmli şairin 200 illik yubileyinin belə yüksək şəkildə qeyd olunduğuna görə tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
Tədbirin bədii hissəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Azərbaycan Dövlət Xor Kapellasının müşayiəti ilə Azərbaycan və Rusiyanın mədəniyyət, incəsənət xadimlərinin ifasında şairin yaradıcılığı ilə bağlı musiqilər, filmlərdən fraqmentlər və şeirlər səslənib. Sonda Lermontovun “Mələk” əsərinin dünya premyerası təqdim olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar