Dekabrın 19-da Yasamal rayonundakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzində görkəmli dramaturq Cəfər Cabbarlının ev-muzeyinin 35 illiyinə həsr olunmuş tədbir keçirildi.

Əvvəlcə muzeyin direktoru Qəmər Bağırova bu mədəniyyət ocağının tarixindən söz açdı. Bildirdi ki, muzey ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1978-ci ildə fəaliyyətə başlayıb. 57 eksponatla qapılarını açan muzeydə hazırda on mindən çox nümunə qorunub saxlanılır. Muzeyin ekspozisiyasında ədibin həyat və yaradıcılığını əks etdirən sənədlər və fotoşəkillər, özünə və ailəsinə məxsus şəxsi əşyalar, ayrı-ayrı tamaşalarına hazırlanan səhnə maketləri və maraqlı rəsm əsərləri nümayiş etdirilir. Görkəmli şəxsiyyətlərin yazıçıya bağışladıqları hədiyyələr, Cəfər Cabbarlı irsini tədqiqinə dair elmi əsərlər də ekspozisiyada yer alıb.
Cəfər Cabbarlı irsinin tədqiqatçısı, filologiya elmləri doktoru, professor Asif Rüstəmli muzeyin fəaliyyətindən, görkəmli dramaturqun yaradıcılığına həsr olunan tədqiqat əsərlərindən danışdı. Bildirdi ki, muzeyin həyata keçirdiyi layihələr arasında böyük ədibin müxtəlif janrlarda yazdığı əsərlərin toplandığı “Mənim tanrım gözəllik”, “Turan ellərinə salam”, “XX əsr Azərbaycan ədəbiyyatında C.Cabbarlının rolu” kitabları diqqəti xüsusilə cəlb edir. Yaradıcılığa şeirlə gələn ədib Azərbaycan dramaturgiyasına “Almaz”, “Aydın”, “Solğun çiçəklər”, “Sevil”, “Od gəlini”, “Oqtay Eloğlu” kimi ölməz səhnə əsərləri bəxş edib. 35 illik ömrünün 20 ilini ədəbi yaradıcılığa həsr edən müəllif poema və hekayələri, tərcümələri ilə də ədəbiyyatımızda böyük şöhrət qazanıb.
Kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə Cəfər Cabbarlını milli kino sənətimizin inkişafında da misilsiz xidmətləri olan fədakar şəxsiyyət kimi xarakterizə etdi. Ədibin ilk milli ssenarist və kino rejissoru olduğunu, onun Azərbaycan kinosuna milli kadrlar gətirdiyini diqqətə çatdırdı.
Xalq artistləri Hacı İsmayılov, Rafiq Əzimov, Məleykə Əsədova və başqaları dramaturqun əsərlərinin onların səhnə həyatında mühüm rol oynadığını bildirdilər. Ev-muzeyinin uğurlu layihələrindən biri olan “Cəfər Cabbarlı” mükafatının tanınmış teatr, kino xadimlərinə, elm və ədəbiyyat adamlarına təqdim olunması yüksək dəyərləndirildi.
İ.Əbilov adına Mədəniyyət mərkəzində fəaliyyət göstərən “Vurğun” teatrı üzvlərinin ifasında ədibin şeirləri oxundu və əsərlərindən ibarət kompozisiya nümayiş olundu.
Tədbirdə ədibin irsinin tədqiqinə görə Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru, professor Gülşən Əliyeva-Kəngərli “Cəfər Cabbarlı” mükafatı ilə təltif edildi. Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov tərəfindən ev-muzeyinə diplom təqdim olundu.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar