Xəbər verdiyimiz kimi, 13-15 mart tarixində Bakıda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Gənc Şairələrin II Beynəlxalq Forumu” keçirildi.

Forumda 25 ölkədən yaradıcı gənclər iştirak edirdi. Ötən forumdan fərqli olaraq bu il Almaniya, Böyük Britaniya, İtaliyanı təmsil edən gənc şairələr də Bakıya təşrif buyurmuşdu. Qonaqlar əvvəlcə “Trend” mətbuat mərkəzində jurnalistlərlə görüşdülər. “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının mətbuat katibi Xaqani Səfəroğlu və təşkilatın baş katibi Aydan Kərimli forum haqqında danışdılar. Bildirildi ki, 2013-cü ildə təşkil edilən ilk foruma 20 ölkədən iştirakçı qatılmışdı. Bu il isə iştirakçıların sırası daha da genişlənib.
Baş katib 100-dən artıq müraciət qəbul etdiklərini, onların arasından 25 ölkədən 30 xanımı seçdiklərini bildirdi: “Poeziya və nəsrdə əsas uğur qazanmış, tanınan insanların çoxu güclü cinsin nümayəndələridir. Biz bu forumla həm də bu stereotipə qarşı çıxdıq. Hesab etdik ki, dünyada sırf qadın yazarların, xüsusilə gənclərin forumu təşkil edilməyib. Bakı forumunda onları bir araya toplamaq istədik. Təşəbbüs də özünü doğrultdu, kifayət qədər müraciətlər aldıq. Biz bu təşəbbüslə Bakını həm də ədəbiyyatın paytaxtı kimi tanıtmaq istədik. Bütün forumların da məhz Bakıda keçirilməsi bu məqsədə xidmət edir”.
Forumun proqramına Şərq-Qərb mədəni müxtəlifliyi qadınların perspektivində, XXI əsrdə ədəbiyyatda yeni tendensiyalar, ədəbiyyatda sülhə çağırış meylləri mövzusunda diskussiyaların daxil olduğu da diqqətə çatdırıldı.
Qonaqlarla Yazıçılar Birliyində, Gənclər Fondunda da görüşlər oldu.
Tədbirin əsas hissəsi isə Beynəlxalq Muğam Mərkəzində gerçəkləşdi. Mərasimdə “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri, millət vəkili Fuad Muradov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxış etdilər. Gənc şairələrin şeirləri səsləndirildi. Sonda bütün iştirakçılar diplomlarla təltif olundular. Biz də fürsətdən istifadə edib onların bir neçəsi ilə həmsöhbət olduq.

* * *
Onlara ilk sualımız Azərbaycan ədəbiyyatı ilə nə dərəcə tanış olmaları ilə barədə oldu. Türkiyəli Müəssər Yeniay Bəxtiyar Vahabzadəni, Mikayıl Müşfiqi sevə-sevə oxuduğunu dedi: “Mən əvvəllər Azərbaycan ədəbiyyatı ilə o qədər də tanış deyildim. Son bir neçə ildə maraqlanmağa başladım. Əvvəl mənə elə gəlirdi ki, oxusam anlamaqda çətinliklər yaranacaq. Ancaq tamam fərqli oldu. Bəxtiyar Vahabzadəni, Mikayıl Müşfiqi oxuduqdan sonra dil, düşüncə baxımından nə qədər yaxın olduğumuzu anladım. İndi də sizin ədəbiyyatı oxuyuram”.
Digər iştirakçılar isə Nizami Gəncəvi haqqında eşitdiklərini, amma yaradıcılığına bələd olmadıqlarını dedilər. Bunu isə şairin əsərlərinin müxtəlif dillərə tərcüməsinin azlığı ilə izah etdilər.
“Azərbaycanlı yaşıdlarınızla münasibətləriniz varmı” sualına isə əksəriyyət foruma qədər belə bir ünsiyyətin olmadığını dedilər. Forumun bu baxımdan əlamətdar fürsət olduğunu vurğuladılar.
İştirakçılardan təmsil etdikləri ölkələrdə əsas yaradıcılıq mövzularının nə olması ilə bağlı suala müxtəlif cavablar aldıq.
Almaniyalı Anna Laura Sayferman mövzuların ölkənin ictimai-siyasi həyatı ilə əlaqəli olduğunu dedi: “Bizim ölkəmizdə o qədər təlatümlü hadisələr baş vermədiyindən əsas mövzular insani hisslərlə, sevgi, xəyanət, insanın kamilləşməsi ilə bağlıdır.
Banqladeş nümayəndəsi Aşita Çovduri və İordaniya təmsilçisi Anna Qudanın cavablarında oxşarlıq özünü göstərdi. Hər iksi insan iztirabları, yoxsulluq, qadın azadlığı, siniflərarası fərq kimi mövzuların üstünlük təşkil etdiyini dedi.
Ukrayna təmsilçisi Mariana Loviç bu ölkədə baş verən son hadisələrlə bağlı həmrəylik və vətənpərvərlik mövzularının aparıcı olduğunu vurğuladı.

Sadiq Musa