Rəfiq Zəka Xəndanın 75 illiyinə həsr olunmuş dəyirmi masa

Dekabrın 24-də AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda tanınmış şair, Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi, professor Rəfiq Zəka Xəndanın 75 illiyinə həsr olunmuş dəyirmi masa keçirildi.

“Çağlayan şair” mövzusunda tədbir Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin və AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə gerçəkləşdi.
Dəyirmi masanı AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Rəfiq Zəka Xəndanın milli poeziyamıza dəyərli töhfələr verdiyini dedi. Bildirdi ki, onun yaradıcılığının əsas istiqamətləri Vətənə məhəbbət, tarixi-mədəni dəyərlərə bağlılıq, azərbaycançılıq və istiqlal ideyalarının tərənnümündən ibarətdir.
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru, professor Vilayət İsmayılov şairin yubileyinin ölkə başçısının sərəncamına əsasən keçirildiyini söylədi. Rəfiq Zəkanın poeziyasının geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılandığını və nəğməkar şair kimi hörmətlə anıldığını diqqətə çatdırdı.
Ədəbiyyat İnstitutunun şöbə müdirləri, filologiya elmləri doktorları Vaqif Yusifli, Şirindil Alışanlı, Əməkdar jurnalist Flora Xəlilzadə məruzələrlə çıxış etdilər. Qeyd olundu ki, Rəfiq Zəka sovet dönəmində, türkçülüyün yasaq olunduğu, bu barədə ucadan danışılmadığı çağlarda böyük salonlarda, ədəbi məclislərdə milli düşüncəni təbliğ edən şeirlər söyləyərdi. Sovet quruluşunun çökməyə başladığı illərdə isə onun səsi daha gur eşidilirdi. 90-cı illərdə şairin Türkiyədə mətbuatda şeirləri dərc olunur, kitabları nəşr edilirdi. O, Türkiyə Folklor Akademiyasının fəxri akademiki seçilib, “Beynəlxalq Atatürk Mükafatı” laureatı və qardaş ölkənin bir çox ədəbi jurnallarının redaksiya heyətinin üzvü olub. Kitabları Ankara və İstanbulda kütləvi tirajlarla çap edilib.
Qeyd olundu ki, müəllifin “Çağlayan” adlı ilk şeirlər kitabı Mikayıl Müşfiqə ithaf edilib. Bu da səbəbsiz deyildi. Müşfiq şəxsiyyətinin və şeriyyətinin vurğunu olan Rəfiq Zəka nakam şairin ilk kitabının adının da “Çağlayan” olmasından xəbərdar idi.
Məruzəçilər ədiblə bağlı xatirələrini bölüşdülər, tarixi-mədəni dəyərlərə verdiyi yüksək qiymətdən söz açdılar. Ədibin ədəbiyyat və mədəniyyətimizin inkişafında xidmətlərinin geniş araşdırılmasına ehtiyac olduğu vurğulandı.
Sonda ədibin həyat yoldaşı, Bakı Slavyan Universitetinin dosenti Nailə Xəndan şairin yubileyinin keçirilməsinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi, dəyirmi masanın təşkilatçılarına təşəkkür etdi.

Lalə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar