Jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb

Dekabrın 24-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Əvvəlcə Fondun icraçı direktoru Vüqar Səfərli mətbuatın maddi-texniki problemlərinin həlli, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib. Qeyd edilib ki, bu il müxtəlif mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birgə 10-dək fərdi jurnalist yazı müsabiqəsi təşkil olunub. Həmin müsabiqələrdən 350-dən çox jurnalist bəhrələnib. Jurnalistlərə daha geniş yaradıcılıq imkanlarının verilməsi məqsədilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə elan etdiyi müsabiqənin qaydalarında bəzi dəyişikliklər edilib və 19 istiqamət üzrə sərbəst mövzuda müsabiqə elan olunub. Müsabiqəyə 58 KİV-dən 154 yazı təqdim edilib. 57 redaksiyanı təmsil edən 114 jurnalist qalib elan olunub. Onların 19 nəfəri birinci yerə, 38 nəfər ikinci, 57 nəfər üçüncü yerə layiq görülüb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov 2014-cü ili medianın inkişafı baxımından uğurlu il kimi dəyərləndirib. Bildirilib ki, Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” bu sahəyə diqqət və qayğının ən yüksək təzahürüdür. Ölkə başçısının sərəncamı ilə 2009-cu ildə yaradılan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu bu sahədə ardıcıl tədbirlər həyata keçirir: “Azərbaycan dünyada yeganə ölkədir ki, jurnalistlər dövlət hesabına mənzillə təmin olunurlar. Dövlətimizin başçısının müvafiq sərəncamına əsasən 156 mənzilli bina inşa edilərək jurnalistlərə paylanıb. Hazırda 250 mənzildən ibarət daha bir binanın tikintisi davam etdirilir”.
Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək Azərbaycan mətbuatının keçdiyi tarixi inkişaf yoluna bir daha nəzər salıb və jurnalistləri qarşıdan gələn bayramlar münasibətilə təbrik edib. Sonra müsabiqənin qaliblərinə mükafatlar təqdim olunub.
Müsabiqədə fərqlənənlər arasında “Mədəniyyət” qəzetinin əməkdaşları Tahir Abbaslı və Vüqar Əliyev də var.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar