Dekabrın 22-də “Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyi Azərbaycan Milli İncəsənət Muzeyi ilə birlikdə tanınmış yazıçı, ssenarist, sənətşünas, Əməkdar incəsənət xadimi Sara Oğuzun (Nəzirovanın) 70 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirib.

İctimai birliyin “Ziyalı ünsiyyəti” layihəsi çərçivəsində keçirilən tədbiri yazıçı-dramaturq Əli Əmirli açaraq, Sara Oğuzun həyat yolundan, zəngin yaradıcılığından danışıb. “Özündən sonra iz qoyan insanlar xoşbəxt insanlardır”, - deyən yazıçı iştirakçıları rejissor Şamil Nəcəfzadənin “Mən gözəlliyi seçdim...” filminə baxmağa dəvət edib.
Zahiri gözəlliyi ilə daxili gözəlliyi bir-birini tamamlayan Sara Oğuzun həyat və yaradıcılığına güzgü tutan film alqışlarla qarşılanıb.
Nümayişdən sonra filmin rejissoru Şamil Nəcəfzadə çıxış edərək xatirələrini bölüşüb: “Biz Sara xanımla üç ildə üç film çəkmişik. Bu üç ildə o mənim üçün doğma bir insana çevrilib. Sənətə, həyata, kinoya baxışımız üst-üstə düşdüyündən çəkiliş meydançalarında çox rahat işləyərdik. Sara xanım təvazökar, çox istedadlı və fədakar insan idi, belə insanla ünsiyyətdə olduğum üçün özümü xoşbəxt sanıram”.
Xatirə gecəsində çıxış edən tənqidçilər Akif Hüseynov, Bəsti Əlibəyli yazıçının yaradıcılığından söz açıblar. Bildirilib ki, Sara Oğuz ilk hekayələrindən istedadlı qələm sahibi olduğunu sübut etmişdi. “Bayat oxşaması”, “Beton evdən yazılar”, “Köhnə kişi”, “Qədr gecəsi”, “Xan yolu” və onlarca başqa hekayəsi ədəbiyyatımıza qeyri-adi istedadın gəlişindən xəbər verirdi. O, həmçinin maraqlı, çoxqatlı publisistik yazıların müəllifidir.
Teatrşünas Aydın Talıbzadə də ürək sözlərini Sara Oğuz şəxsiyyətini və sənətini sevənlərlə bölüşüb: “Sara xanımın ssenari müəllifi olduğu “Üfüqü ötənlər” filmi mənə çox təsir eləmişdi. Bu filmdə Abşeronun çox qəribə romantikası var və bu romantikanın içində rəssamların faciəsi açılır”.
Sara xanımın həyatında qazandığı etibarlı dostlardan biri, tanınmış jurnalist Qalina Mikeladze də xatirələrini danışıb.
Sonda Sara Oğuzun bacısı Sürəyya xanım çıxış edərək gecənin təşkil olunmasına görə “Aydınlığa doğru” İctimai Birliyinin sədri Solmaz Əmirliyə və Milli İncəsənət Muzeyinin rəhbərliyinə təşəkkürünü bildirib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar