İki təşkilatın birgə layihələri ümumtürk mədəni irsinin dünyada təbliğinə töhfə verir

 Mart ayında UNESCO-nun mənzil-qərargahında Novruz konserti, apreldə isə “Kitabi-Dədə Qorqud” simpoziumunun keçirilməsi planlaşdırılır

UNESCO-nun baş direktoru İrina Bokovanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edib. Baş direktor səfər çərçivəsində TÜRKSOY-un Ankaradakı qərargahında olub.
İrina Bokova əvvəlcə UNESCO ilə TÜRKSOY arasındakı əməkdaşlığı əks etdirən fotosərgi ilə tanış olub.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov iki təşkilat arasındakı mövcud əməkdaşlıq sazişinin uğurlu nəticələrindən bəhs edib. O, UNESCO-nun Parisdəki mənzil-qərargahında TÜRKSOY tərəfindən Novruz bayramına həsr edilmiş konsertin, dünya şöhrətli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının 100 illiyi ilə bağlı mərasimin təşkilinə, eləcə də 2014-cü ilin dekabrında Bakıda TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə milli komissiya və komitələrinin beşinci iclasının keçirilməsinə verdiyi dəstəyə görə baş direktor İrina Bokovaya təşəkkürünü bildirib.
Düsen Kaseinov iki təşkilatın birgə layihələri və əməkdaşlıq perspektivlərindən danışaraq qeyd edib ki, 2015-ci ilin martında UNESCO-nun 70 illiyinə həsr olunacaq Novruz konsertinin, apreldə isə təşkilatın mənzil-qərargahında “Kitabi-Dədə Qorqud” simpoziumunun keçirilməsi planlaşdırılır.
Öz növbəsində İrina Bokova iki təşkilat arasında münasibətlərin əhəmiyyətini diqqətə çatdıraraq bu əməkdaşlıqdan bəhs edən fotosərgini yüksək dəyərləndirib. Türk xalqlarına aid mədəni irs nümunələrinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi istiqamətində görülən işlərdən danışan baş direktor bildirib ki, 2016-cı ildə UNESCO ilə TÜRKSOY arasında əməkdaşlığın qurulmasının 20 illiyi ilə bağlı beynəlxalq tədbir təşkil olunacaq.
Tərəflər əminliklə bildiriblər ki, əməkdaşlığın genişlənməsi gələcəkdə daha faydalı nəticələr verəcək. Əlavə edək ki, TÜRKSOY-UNESCO əməkdaşlığı, iki təşkilatın birgə dəstək verdiyi layihələr nəticə etibarilə ümumtürk mədəni irsinin dünyada təbliğinə töhfə verir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar