“Xalq Yaradıcılığı Paytaxtları” proqramı şəhər və rayonlarımızın mədəni inkişafına zənginlik gətirdi

 “Xalq Yaradıcılığı Paytaxtları” proqramı bölgələrimizin mədəni inkişafına, mədəniyyət sahəsində dövlət siyasətinin hər bir rayonda, şəhərdə, kənd və qəsəbədə ahəngdar şəkildə həyata keçirilməsinə xidmət edir

Azərbaycan xalqının böyük tarixi, zəngin mədəniyyəti var. Bu milli-mənəvi zənginliyin dünyaya layiqincə təqdim olunması nəticə etibarilə ölkəmizin təbliğinə, beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət edir. Çağdaş dünyadakı qlobal inteqrasiya prosesində hər bir ölkə üçün mədəni zənginliyi qorumaq və inkişaf etdirmək, qloballaşma prosesinə öz milli-mənəvi irsi ilə qoşulmaq müstəsna önəm kəsb edir. Azərbaycanda bu istiqamətdə dövlət tərəfindən mühüm işlər görülür.

Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” proqramı da bu sahədə həyata keçirilən mühüm layihələrdən biridir.
Proqram qeyri-maddi mədəni irsimizin qorunması istiqamətində aparılan islahatlarla əlaqədar olaraq, diyarşünaslıq (adət-ənənə, bayram-mərasim, rəmz-sirr), folklor (xalq musiqisi və rəqsləri, şifahi xalq yaradıcılığı, milli oyun-tamaşa) və sənətkarlığın (xalq tətbiqi, dekorativ və təsviri sənəti) dəstəklənməsi, bu sahədə müasir formaların tətbiqi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin 3 noyabr 2009-cu il tarixli 463 nömrəli əmri ilə təsdiq edilib. Sənəddə qarşıya qoyulan məqsədə nail olmaq üçün xalq musiqi və rəqs janrlarının təşviqi, xalq teatrının inkişafı, şifahi xalq yaradıcılığı nümunələrinin qorunması, xalq tətbiqi sənətinin inkişaf etdirilməsi, ənənəvi dekorativ sənətin qorunması, milli təsviri sənət ənənələrinin canlandırılması, milli mərasim, adət-ənənə və oyunların bərpası, mədəni tarix, əsatir və əfsanələrin tədqiqi, diyar turizminin inkişafı kimi mühüm vəzifələr müəyyənləşdirilib.
Proqramda hər il üç nominasiya - diyarşünaslıq (əfsanələr), folklor və sənətkarlıq istiqamətləri üzrə “xalq yaradıcılığı paytaxtları”nın seçilməsi nəzərdə tutulmuşdu. Nominasiyalar üzrə daxil olmuş təkliflər müvafiq namizəd şəhər və rayonların ümumi hazırlığı, tarixi ənənələri və digər amillər nəzərə alınaraq təhlil edilib və Azərbaycanın “Əfsanələr paytaxtı”, “Folklor paytaxtı” və “Sənətkarlıq paytaxtı” elan olunub.
Proqramın icrasına başlanılan 2010-cu ildə Gəncə şəhəri “Əfsanələr paytaxtı”, Şəki “Sənətkarlıq paytaxtı”, Qazax rayonu “Folklor paytaxtı” seçilib. İl ərzində “paytaxt” proqramlarına uyğun olaraq bu şəhər və rayonlarda ümumilikdə 190-dək müxtəlif səpkili tədbirlər keçirilib.
Növbəti, 2011-ci ildə Şabran rayonu Azərbaycanın “Əfsanələr paytaxtı”, Lənkəran “Folklor paytaxtı”, İsmayıllı rayonu “Sənətkarlıq paytaxtı” elan olunub. Qeyd olunan bölgələrdə bu müddətdə 170-dən çox tədbir təşkil edilib.
Proqramın üçüncü ilinin “xalq yaradıcılığı paytaxtları” müvafiq olaraq Gədəbəy (“Əfsanələr paytaxtı”), Masallı (“Folklor paytaxtı”) və Quba (“Sənətkarlıq paytaxtı”) olub. 2012-ci il bu bölgələrdə 120-dək tədbir keçirilib, o cümlədən Masallıda beynəlxalq folklor festivalı, Qubada “Alma bayramı” kimi layihələrin əsası qoyulub.
2013-cü il Azərbaycanın “Əfsanələr paytaxtı" elan olunan Xaçmaz rayonunda, “Folklor paytaxtı" Zaqatalada və “Sənətkarlıq paytaxtı" seçilən Göygöl rayonunda da müxtəlif mərasimlər, rəngarəng tədbirlərlə (ümumilikdə 160 tədbir) yadda qalıb.
Beşillik proqramın yekunlaşdığı 2014-cü ildə Qəbələ rayonu ölkəmizin “Əfsanələr paytaxtı”, Balakən “Folklor paytaxtı”, Abşeron rayonu “Sənətkarlıq paytaxtı” elan edilib. İl ərzində bu bölgələrimizdə festival, konsert proqramları, dəyirmi masa və yaradıcılıq görüşləri, sərgilər və s. - ümumilikdə 120-dək tədbir keçirilib. Bölgələrin bədii kollektivləri, el sənətkarları Azərbaycanın zəngin xalq yaradıcılığı irsini beynəlxalq festival və sərgilərdə də uğurla təmsil ediblər.
“Xalq Yaradıcılığı Paytaxtları” proqramının icra edildiyi beş ildə keçirilən tədbirlərin bir qismi ənənəvi hal alıb, əhatə coğrafiyası ölkəmizin sərhədlərini aşıb. 2011-ci ildə Masallıda əsası qoyulan “Beynəlxalq folklor festivalı”na müxtəlif ölkələrin bədii kollektivləri qatılırlar. Qəbələdə 2013-cü ildən keçirilən “Mürəbbə festivalı”, bu il Şəkidə əsası qoyulan “Şirniyyat festivalı”, 2014-cü ilin “Folklor paytaxtı” Balakəndə təşkil olunan “Folklor və turizm festivalı” xalq sənətkarlığının, mədəni irsimizin, bölgələrimizin əsrarəngiz gözəlliklərinin, turizm imkanlarının təbliği və tanıdılmasına xidmət edən layihələr, gələcək illər üçün ənənələrin başlanğıcıdır.
Mədəniyyət və Turizm Nazirliyi və yerli icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə gerçəkləşən bu layihələr eyni zamanda bölgələrimizin mədəni inkişafına, mədəniyyət sahəsində dövlət siyasətinin hər bir rayonda, şəhərdə, kənd və qəsəbədə ahəngdar şəkildə həyata keçirilməsinə xidmət edir.
Ötən müddət ərzində “paytaxt” şəhər və rayonlarımızda keçirilən tədbirlər qəzetimizin səhifələrində geniş işıqlandırılıb. “Mədəniyyət”in oxucularına təqdim etdiyimiz bu xüsusi buraxılışda 2014-cü ilin “xalq yaradıcılığı paytaxtları”nın rəngarəng tədbirlərinə, bu bölgələrimiz üçün ilin əlamətdar hadisələrinə ətraflı nəzər salacağıq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar