Əbülfəs Qarayev
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Minilliklərin yaddaşından süzülüb gələn xalq yaradıcılığı irsimizin gələcək nəsillərə çatdırılması üzərimizə düşən tarixi borcdur
Azərbaycanın qədim və zəngin qeyri-maddi mədəni irsi uzun əsrlər boyu formalaşaraq milli mentalitet və milli şüurumuza təsir göstərən, xalq yaradıcılığının nailiyyətlərini özündə ehtiva edən unikal fenomendir. Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Respublikasında mədəniyyətin, o cümlədən qeyri-maddi mədəni irsin inkişafı üçün müvafiq qanunvericilik, idarəçilik, maliyyələşdirmə, informasiya, kadr hazırlığı, maddi-texniki və digər mədəni-siyasi təminat mexanizmləri yaradılmışdır. Bütün bunların nəticəsində milli folklor kollektivləri, xalq sənətkarları yeni yaradıcılıq nailiyyətləri əldə etmiş, xalqın tarixi yaşam tərzi, milli bayram və adət-ənənələrinin qorunması, tədqiq və təbliğ edilməsi üçün əlverişli imkanlar yaradılmışdır.
Bu gün biz böyük qürurla qeyd edirik ki, milli mədəniyyətimizin inciləri olan ulu muğamımız, aşıq sənətimiz, Novruz bayramımız, xalçaçılıq sənətimiz, tar ifaçılığı, kəlağayı sənətimiz UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına, çövkən - ənənəvi Qarabağ atüstü oyunu isə təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.
Bu nailiyyətlər ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan milli-mədəni irsə qayğı, mədəniyyətə dəstək siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir. Azərbaycanın mədəni zənginliyinin dünyada daha geniş şəkildə tanıdılması, bu tarixi mirasın qorunaraq gələcək nəsillərə çatdırılması möhtərəm Prezidentimiz İlham Əliyevin daim diqqət mərkəzindədir. Prezidentin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında bu sahəyə xüsusi yer ayrılmışdır. Ölkə başçısının 2013-cü il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilən “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” mədəni irsə diqqət və qayğının göstəricisidir. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu sahədə fəaliyyəti mədəni sərvətlərə yüksək dəyər verilməsinin əsl parlaq nümunəsidir. Onun təşəbbüsü və rəhbərliyi ilə xalq sənətinin inkişaf etdirilməsi, muğam sahəsində yeni istedadların üzə çıxarılması, saz-söz sənətimizin, folklor yaradıcılığımızın təbliği və mədəni irsin müxtəlif sahələrində həyata keçirilən layihələri böyük rezonans doğurmuş, xalqın dərin rəğbətini qazanmışdır.
Bu gün Azərbaycanın qeyri-maddi mədəni irsinin inkişafına yönəldilmiş çoxsaylı respublika, beynəlxalq folklor müsabiqə və festivalları, sənətkarlıq yarmarkaları, diyarşünaslıq mövzusunda dəyirmi masalar, konfranslar, digər tədbirlər təşkil olunur.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dünyanın qabaqcıl ölkələrinin mədəniyyət siyasəti sahəsində təcrübəsi nəzərə alınmaqla Azərbaycan mədəniyyətinin, xüsusilə qeyri-maddi mədəni irsimizin qorunması, bərpası və istifadəsində aparıcı mədəni-siyasi texnologiyaların tətbiqi vasitəsilə geniş islahatlar uğurla davam etdirilir.
Nazirlik tərəfindən qeyri-maddi mədəni irs sahəsinin mədəni-siyasi təminat mexanizmlərinin monitorinqi aparılmış və əldə olunan nəticələr əsasında “Azərbaycan qeyri-maddi mədəni irsinin qorunmasına dair” Dövlət Proqramının layihəsi hazırlanaraq baxılması üçün müvafiq qurumlara təqdim olunmuşdur. Aparılan islahatların davamı olaraq, milli mənəviyyatın və mədəniyyətin inkişaf özəyini təşkil edən diyarşünaslıq, folklor və sənətkarlıq üzrə qeyri-maddi mədəni irs nümunələrinin qorunub saxlanılması, gələcək nəsillərə çatdırılması məqsədilə “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri” tərtib edilir. Bu iş üç mərhələdə aparılır. Birinci mərhələdə qeyri-maddi mədəni irs nümunələrinin siyahısı hazırlanır, ikinci mərhələdə bütün nümunələr pasportlaşdırılır. Üçüncü mərhələdə isə nümunələrin UNESCO standartlarına uyğun faylları hazırlanır. Bundan əlavə, qeyri-maddi mədəni irsimizin sistemli şəkildə inkişafı və təbliğini təşkil etmək məqsədilə “Azərbaycan qeyri-maddi mədəni irs subyektlərinin Portfolio Bankı” hazırlanır. Bu toplu xalq kollektivləri, ifaçılar, xalq dekorativ-tətbiqi və təsviri sənəti ilə məşğul olan sənətkarlar, bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, özəl qurumlar və sair barədə məlumatları əhatə edir.
Eyni zamanda, “Azərbaycan qeyri-maddi mədəni irsinin infrastruktur vahidlərinin Dövlət Kadastrı”nın yaradılması istiqamətində iş aparılır, klub sistemində mərkəzləşdirilmə və profilləşdirilmə üzrə əsaslı islahatlar həyata keçirilir. Yerlərdə şəhər (rayon) mədəniyyət evləri əsasında mədəniyyət mərkəzlərinin və onların diyarşünaslıq, folklor, sənətkarlıq və digər profilli filiallarının yaradılması bu prosesin tərkib hissəsidir. “Qeyri-maddi mədəni irsin qorunmasına dair" UNESCO Konvensiyasının tövsiyələrinə əsasən və qeyri-maddi mədəni irs sahəsində beynəlxalq təcrübədən bəhrələnərək hazırlanmış "Şəhər (Rayon) Mədəniyyət Mərkəzlərinin yaradılması" layihəsi artıq bir sıra bölgələrimizdə həyata keçirilərək müsbət nəticəsini vermişdir.
Bu sahədə həyata keçirilən müvafiq konseptual proqram və layihələr sırasında Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” proqramının xüsusi yeri vardır. Proqramın əsas vəzifəsi regionlarda müvafiq tədbirlərin təşkil olunması vasitəsilə Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunmasına, xalq yaradıcılığının təşviqinə, tarazlı və davamlı regional sosial-iqtisadi inkişafa töhfə vermək idi. Beş ilin tamamında qeyd edə bilərik ki, proqramda qarşıya qoyulan məqsədə nail olunmuşdur. Ötən beş ildə proqrama əsasən üç nominasiya - əfsanələr, sənətkarlıq və folklor üzrə Azərbaycanın 15 rayon və şəhəri “Xalq yaradıcılığı paytaxtı” elan olunub, bu çərçivədə bölgələrdə müxtəlif səviyyəli tədbirlər, elmi-praktik konfranslar, dəyirmi masalar, konsertlər, festival və sərgilər keçirilib. Bu tədbirlərin bir qismi daha sonra ənənəvi hal alıb, geniş format qazanıb. 2014-cü ilin “Əfsanələr paytaxtı” Qəbələdə, “Folklor paytaxtı” Balakəndə və “Sənətkarlıq paytaxtı” Abşeronda həyata keçirilən tədbirlər də zəngin və yaddaqalan olmuş, mədəni irsimizin, rəngarəng xalq yaradıcılığının təbliğinə mühüm töhfə vermişdir.
Sözsüz ki, “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” proqramının yekunları, əldə olunan nəticələr geniş təhlil ediləcək və bu istiqamətdə fəaliyyətimiz yeni layihələrlə, proqramlarla davam edəcək. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında bu sahədə mühüm vəzifələr əksini tapıb. Konsepsiyada Azərbaycanın qeyri-maddi mədəni irsinin mədəni-siyasi təminat mexanizmlərinin inkişaf etdirilməsi, diyarşünaslıq, folklor və xalq tətbiqi sənəti sahələrinin təşkili üçün ardıcıl tədbirlər görülməsi, bu sahədə beynəlxalq miqyasda təbliğatın aparılması, xüsusi proqram və fəaliyyət planlarının hazırlanması prioritet məsələlər olaraq göstərilir. Minilliklərin yaddaşından süzülüb gələn xalq yaradıcılığı irsimizin daha da zənginləşdirilməsi və gələcək nəsillərə layiqli şəkildə çatdırılması tarix və milli yaddaş qarşısında üzərimizə düşən borcdur.