2014-cü ildə qeyri-neft sektorunun 7 faiz artması bu sahədə görülən işlərin bariz nümunəsidir

Yanvarın 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclasda geniş nitq söyləyən dövlət başçısı ötən il Azərbaycan iqtisadiyyatının dinamik inkişaf etdiyini, xüsusilə qeyri-neft sektorunda böyük artımın əldə olunduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, qeyri-neft sektorunun inkişaf etdirilməsi bu gün dünya iqtisadiyyatında baş verən proseslər, neftin qiymətinin aşağı düşməsi fonunda olduqca əhəmiyyətlidir: “İqtisadiyyatımız təxminən 3 faiz artmışdır. Bu, bugünkü dünyada çox gözəl göstəricidir. Bəzi ölkələrdə artım da yoxdur, əksinə, tənəzzül müşahidə edilir. Artım olan ölkələrdə bu, 1 faizə qədərdir. Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7 faiz artmışdır. Bu da son illər ərzində görülən işlərin bariz nümunəsidir, aparılan siyasətimizin təzahürüdür. Qeyri-neft sektoru gələcəkdə Azərbaycanın iqtisadi inkişafını daha da böyük həcmdə təmin edəcəkdir. Qeyri-neft sektorunun inkişafı bizə imkan verir ki, ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf etsin və iqtisadiyyatımızın dayanıqlı inkişafı təmin edilsin”.
Ötən il ölkə iqtisadiyyatına 27 milyard dollar investisiya qoyulub, bunun da 16 milyardı daxili sərmayədir: “Son illər ərzində daxili sərmayələr qoyulan investisiyaların həcmində üstünlük təşkil edir. Eyni zamanda, 11 milyard dollar xarici sərmayə göstərir ki, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi qalır. Hazırda bizim 50 milyard dollardan çox valyuta ehtiyatlarımız vardır. Biz bu imkanlardan səmərəli şəkildə istifadə edirik, infrastruktur layihələrinin icrasına böyük həcmdə vəsait qoyuruq”.
Prezident diqqətə çatdırıb ki, dünyada neftin qiymətinin kəskin şəkildə, 2 dəfədən çox aşağı düşməsi, əlbəttə, gəlirlərimizə mənfi təsir edəcək: “Ancaq buna baxmayaraq, iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində görülən və bundan sonra görüləcək işlər, institusional islahatlar və daha da səmərəli idarəetmə üsullarının tətbiq edilməsi nəticəsində əminəm ki, Azərbaycan bu vəziyyətdən də şərəflə çıxacaq, manatın məzənnəsi sabit olaraq qalacaq, iqtisadi inkişaf təmin ediləcək”.
Dövlət başçısı vurğulayıb ki, 2015-ci ildə ölkə qarşısında başlıca vəzifələrdən biri qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi olacaq: “Heç kəsə sirr deyil ki, 2015-ci il dünya iqtisadiyyatı üçün çox ağır il olacaqdır. Biz qeyri-neft sektorunun inkişafı üçün infrastruktur layihələrini icra edirik. Əgər bu layihələr icra edilməsəydi, regionlarda biznes imkanlarından söhbət gedə bilməzdi. Ümumi daxili məhsulumuzda qeyri-neft sektoru üstünlük təşkil edir. Əgər biz vaxtilə bu istiqamətdə önəmli addımlar atmasaydıq, neftin qiymətinin bugünkü konyunkturası bizə çox mənfi təsir göstərə bilərdi. Gələcəkdə neft amilinin ümumi daxili məhsulumuzda aşağı düşməsi nəticəsində ölkə iqtisadiyyatının neft amilindən asılılığı daha da azalacaqdır. Bu, bizim vəzifəmizdir”.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar