Yanvarın 14-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində “Rast. Niyazi” sənədli filminin yaradıcı heyəti ilə görüş keçirildi.

Tədbiri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq böyük musiqiçiyə həsr olunmuş film barədə məlumat verdi. Qeyd olundu ki, “Rast. Niyazi” sənədli filminin təqdimatı ötən ilin dekabrında Beynəlxalq Muğam Mərkəzində keçirilib. Ekran əsərinin çəkilişləri Azərbaycanla yanaşı, Türkiyə və Rusiyada da aparılıb. Çəkilişlərdə Niyazinin mənzil-muzeyinin fond materiallarından istifadə olunub.
Sonra muzeyin şöbə müdiri Xanım Abdinova, filmin ssenari müəllifi, Əməkdar incəsənət xadimi, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, rejissoru Nonna Müzəffərova və filmin direktoru Vladimir Dudniçenko çıxış edərək sənədli filmdə Niyazi ömrünün necə əhatə olunması və çəkiliş prosesindən söhbət açdılar.
Mərasimdə görkəmli bəstəkarın ev-muzeyi tərəfindən Türkiyə və Rusiyadan əldə olunan materiallar əsasında tərtib olunan slayd-şou nümayiş olundu.
Sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova, Əməkdar artist Anar Şuşalı və başqalarının ifasında Niyazinin əsərlərindən nümunələr səsləndirildi.
Sonda “Rast. Niyazi” sənədli filmi nümayiş olundu. Filmdə xalq artistləri Arif Məlikov, Fərhad Bədəlbəyli, Xalq yazıçısı Anar, Niyazinin mənzil-muzeyinin direktoru Rza Bayramov və başqaları maestro haqqında fikirlərini bölüşürlər.
Tədbirdə Bakı Musiqi Akademiyasının müəllim və tələbələri, Azərbaycan Bəstəkarlar İttifaqının, muzeyin Klassik Musiqi Klubunun üzvləri və Bakı muzeylərinin əməkdaşları iştirak edirdi.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar