Mədəniyyət və turizm naziri Nyu-Yorkda bir sıra görüşlər keçirib
Xəbər verdiyimiz kimi, Azərbaycan dövlətinin həyata keçirdiyi mədəniyyətlər və sivilizasiyalar arasında dialoq siyasətini və təcrübəsini beynəlxalq aləmdə təbliğ etmək məqsədilə ABŞ-ın Nyu-York şəhərində “Bakı prosesi” və Dünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimat mərasimi təşkil edilib.
Tədbirlə bağlı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti Nyu-Yorkda səfərdədir. Nazir səfər gedişində bir sıra görüşlər də keçirib.
* * *
Yanvarın 28-də Əbülfəs Qarayev Nyu-York şəhərinin böyük inzibati bölgüsü olan Bruklin rayonunun yerli hakimiyyət rəhbəri Erik Adamsla görüşüb.
Naziri salamlayan Erik Adams ikitərəfli münasibətlərin inkişafından söz açıb. Ötən ilin noyabrında Nyu-Yorkun Bruklin və Bakının Səbail rayonları arasında dostluq və əməkdaşlıq haqqında protokolun imzalandığını deyən Erik Adams bu qardaşlaşmanın təşəbbüskarı olduğunu diqqətə çatdırıb. 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsini izləmək üçün Azərbaycana səfər etdiyini xatırladan Erik Adams Bakının onun yaddaşında zəngin təəssüratlarla qaldığını, bundan sonra belə bir təşəbbüslə çıxış etdiyini deyib. Qeyd edib ki, Bruklin və Bakının Səbail rayonu arasında qardaşlaşma münasibətləri onları Azərbaycana daha da yaxınlaşdırıb.
Erik Adams Bruklində çoxlu sayda azərbaycanlının yaşadığını və onların mədəni zənginlikləri ilə rayonun həyatında özünəməxsus rol oynadıqlarını vurğulayıb. Onun fikrincə, Azərbaycanla Bruklin arasında münasibətlər üç əsas istiqamət - təhsil, ticarət və mədəni mübadilə üzrə inkişaf etməlidir.
Nazir Əbülfəs Qarayev Bruklində və Bakıda fəaliyyət göstərən mədəniyyət müəssisələri arasında əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib. Bildirib ki, keçən ilin sonundan başlayaraq “Azərbaycan Hava Yolları” tərəfindən həyata keçirilən Bakı - Nyu-York birbaşa uçuşları Bruklinlə Azərbaycan arasında mədəniyyət və təhsil sahəsində mübadilənin genişlənməsinə şərait yaradacaq.
Nazir Azərbaycanın turizm potensialından da söz açıb və Nyu-Yorkda ölkəmizin təbliğ edilməsinin önəmini vurğulayıb. Əbülfəs Qarayev Erik Adamsı bu ilin mayında Bakıda keçiriləcək 3-cü Dünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.
Sonda Erik Adamsa Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyələr təqdim edilib.
* * *
Həmin gün Əbülfəs Qarayev Etnik Anlaşma Fondunun prezidenti, Ravvin Mark Şnayrla görüşüb. Görüşdə nazir Azərbaycanın etnik müxtəlifliyi və tolerantlıq ənənələri haqqında söhbət açıb, Prezident İlham Əliyevin ölkədə mövcud olan müxtəlif etnik azlıqlara, xüsusilə də yəhudi icmasına göstərdiyi diqqəti qeyd edib. Yəhudi icmasının Azərbaycanda əsrlər boyu sülh şəraitində yaşadığı, Azərbaycan cəmiyyətinin tamhüquqlu parçası olduğu vurğulanıb. Nazir Mark Şnayrı Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak üçün Azərbaycana dəvət edib.
Ravvin Mark Şnayr Etnik Anlaşma Fondu haqqında məlumat verib, təşkilatın 40-dan çox ölkədə fəaliyyət göstərdiyini qeyd edib. Yaxın keçmişdə bir neçə müsəlman ölkəsində səfərdə olduğunu qeyd edən M.Şnayr Azərbaycanın tolerantlıq baxımından nümunəvi ölkə olduğunu vurğulayıb. O, Azərbaycanda yəhudi icmasına göstərilən hörmətə və diqqətə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib.
Görüşlərdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və ölkəmizin BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev iştirak ediblər.
Etnik Anlaşma Fondu ABŞ-da müsəlman, iudaizm və xristian dinlərinin nümayəndələri arasında dialoq və əməkdaşlığın inkişafı məqsədilə yaradılmış, nüfuzlu insanların, dini liderlərin şəbəkələşdiyi təşkilatdır. 2014-cü ildə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Fond arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
* * *
Yanvarın 28-də Nyu-Yorkun tarixi binalarından olan “Seynt Recis” hotelində Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizin ABŞ-dakı səfirliyi və Etnik Anlaşma Fondunun birgə təşkilatçılığı ilə “Bakı prosesi” və Dünya Mədəniyyətlərarası Dialoq Forumunun təntənəli təqdimat mərasimi keçirilib. Tədbirdə nüfuzlu dini, siyasi və mədəniyyət xadimləri, akademik dairələrin təmsilçiləri iştirak ediblər.
Tədbiri açan Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov “Bakı prosesi”nin dünya mədəniyyətlərini bir araya gətirmək üzrə mühüm platforma olduğunu və Bakının bu olduqca aktual təşəbbüsün episentrinə çevrildiyini qeyd edib. O, bunun səbəbinin həm Azərbaycan xalqının tarixən tolerantlıq ənənələrinə malik olması, həm də ölkə rəhbərliyinin bu prosesə xüsusi diqqət və qayğı göstərməsi ilə bağlı olduğunu söyləyib. Səfir bu kontekstdə Prezident İlham Əliyevin şəxsən tolerantlıq və mədəniyyətlərarası dialoq və sülhə sadiqliyini qeyd edib.
Mərasimdə çıxış edən nazir Əbülfəs Qarayev “Bakı prosesi” haqqında məlumat verib, Azərbaycanın dini və mədəni müxtəliflik baxımından nadir ölkə olduğunu qeyd edib. Bildirib ki, hər dövlətin başlıca məqsədlərindən biri öz vətəndaşları üçün təhlükəsiz və möhkəm cəmiyyət qurmaqdır. Müxtəlif etnik və dini azlıqlar arasında qarşılıqlı etimad, hörmət və tolerantlıq prinsipləri belə bir cəmiyyətin qurulmasının təməlini təşkil edir. Nazir Azərbaycanda yəhudi icmasının əsrləri əhatə edən tarixini ölkəmizdə sülh və tolerantlığın nümunəsi olduğunu diqqətə çatdırıb, ölkə rəhbərliyinin tolerantlıq ənənələrini daim təşviq etdiyini, buna önəmli töhfə verdiyini vurğulayıb. Əbülfəs Qarayev həmçinin Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması haqqında danışıb.
Nazir tədbir iştirakçılarını may ayında Bakıda keçiriləcək 3-cü Dünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.
Etnik Anlaşma Fondunun prezidenti Ravvin Mark Şnayr Azərbaycanın tolerantlıq məkanı olması barədə geniş məlumat verib və bu ənənələrin ABŞ-da təbliğ edilməsinin vacibliyini vurğulayıb.
Tədbir çərçivəsində “Bakı prosesi” sərgisi və Dünya Forumunun işindən bəhs edən film nümayiş olunub. Mərasim məşhur cazmenlər Emil Əfrasiyab və Cefri Verbokun konserti ilə davam edib.