Fevralın 2-də Beynəlxalq Mətbuat Mərkəzində «Azərbaycanlıların soyqırımı XX əsrin insanlığa qarşı cinayətidir» mövzusunda konfrans keçirildi.

Azərbaycan Mətbuat Şurası, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Milli QHT Forumunun birgə təşkil etdiyi tədbir Xocalı soyqırımının beynəlxalq miqyasda tanıdılmasına həsr olunmuşdu.
Konfransı Mətbuat Şurasının sədri Əflatun Amaşov açaraq bildirdi ki, Xocalı faciəsi bəşər tarixinin qanlı səhifələrindən biridir. Ermənilərin öz havadarlarının köməyi ilə zaman-zaman azərbaycanlılara və türklərə qarşı həyata keçirdikləri etnik təmizləmə siyasətinin ən böyük təzahürü Xocalı soyqırımıdır. Azərbaycan dövləti bu faciənin soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm işlər görür. Bu işlərə ictimai sektordan, o cümlədən mediadan da hər zaman dəstək olmalıdır.
ATXƏM-in sədri İlham İsmayılov rəhbərlik etdiyi qurumun Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində fəaliyyətindən danışıb. Qeyd edib ki, təşkilat hər il Strasburqda Xocalı faciəsi ilə bağlı yürüş keçirir. Bu il fevralın 25-də Avropa Parlamenti önündə Belçika-Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə mitinq keçiriləcək.
Konfransda iştirak edən Moldova Ombudsmanı Aureliya Qriqoriu Xocalı faciəsini törədənlərin beynəlxalq ədalət məhkəməsi qarşısında mühakimə olunmasının vacibliyini qeyd edərək, azərbaycanlılara qarşı törədilən bu soyqırımı bəşəri cinayət adlandırdı. O, 1990-cı ildə Bakıda törədilmiş 20 Yanvar faciəsinin 25 illiyi ilə əlaqədar Moldovada keçirilən tədbirlərdə Xocalı soyqırımı haqqında da filmin nümayiş etdirildiyini diqqətə çatdırdı.
Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Məhsəti Əliyeva və digər çıxış edənlər beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan həqiqətlərinə cəlb etmək üçün daha sistemli şəkildə fəaliyyət göstərməyin zəruriliyini vurğuladılar.
Çıxışlarda Heydər Əliyev Fondunun bu istiqamətdə fəaliyyəti, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyasının əhəmiyyəti xüsusi vurğulandı. Soyqırımı haqqında dünya birliyinin məlumatlandırılmasında medianın rolundan, qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyətin artırılmasının vacibliyindən söz açıldı.
Konfransın sonunda qeyri-hökumət təşkilatlarının və media qurumlarının təmsilçilərinin Xocalı faciəsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciəti qəbul olundu.

Lalə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar