Nazir Əbülfəs Qarayevin Fransa, Macarıstan və Türkmənistan səfirləri ilə görüşlərində ikitərəfli əlaqələrin vəziyyəti və perspektivlər müzakirə olunub

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev fevralın 6-da Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye və fransız prodüser Daniela Lümbrozo ilə görüşüb.

Görüşdə mədəniyyət və turizm sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi, yeni layihələr və incəsənət tədbirlərinin keçirilməsi, həmçinin bu mədəni tədbirlərin Fransanın televiziya kanallarında yayımlanması məsələləri müzakirə edilib. Nazir qeyd edib ki, iki ölkə xalqlarının bir-birinin mədəniyyətinə göstərdiyi maraq əməkdaşlığın uğurlu inkişafına daima təkan verir.
Səfir Paskal Mönye Fransanın Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə fəal iştirak etdiyini, qarşılıqlı sərgilərin keçirildiyini vurğulayaraq, ölkəmizlə prioritet əməkdaşlıq sahələri sırasında mədəniyyət və turizmə xüsusi üstünlük verildiyini diqqətə çatdırıb. Diplomat bu sahədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xüsusi təşəbbüslərindən məmnunluğunu ifadə edib.
Sonda səfir görüşə görə Əbülfəs Qarayevə minnətdarlığını bildirib, nazir isə öz növbəsində ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
* * *
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev fevralın 10-da Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutoranı qəbul edib.
Söhbət zamanı ikitərəfli əlaqələrin dostluq münasibətlərinə əsaslandığını qeyd edən nazir mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişafı üçün böyük perspektivlərin olduğunu və səfirliyin bu istiqamətdə səylərini təqdirlə qarşıladığını bildirib.
Görüşdə bu ilin aprel ayında Bakıda keçirilməsi planlaşdırılan mədəniyyət tədbirləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Səfir Jolt Çutora Azərbaycan-Macarıstan mədəni əlaqələrinin dinamik inkişafından məmnunluğunu bildirərək qəbula görə təşəkkür edib.
* * *
Həmin gün nazir Əbülfəs Qarayev Türkmənistanın ölkəmizdəki səfiri Toyli Komekovla görüşüb. Nazir Azərbaycanın Türkmənistanla mədəniyyət və turizm sahəsində əməkdaşlığa böyük önəm verdiyini və qarşılıqlı olaraq həyata keçirilən tədbirlərin bu xüsusda mühüm yer tutduğunu qeyd edib.
Əbülfəs Qarayev səfiri Türkmənistanın Mərv şəhərinin 2015-ci ildə "Türk dünyasının mədəniyyət paytaxtı" seçilməsi münasibətilə təbrik edərək bu missiyanın layiqincə həyata keçiriləcəyinə əmin olduğunu bildirib. Nazir mədəniyyət və turizm sahəsində konkret işlərin aparılmasında səfirliyin operativ fəaliyyətini yüksək qiymətləndirdiyini deyib. Görüşdə bu il Azərbaycanda xalçalara həsr olunacaq tədbir, turizm və kitab sərgiləri mövzusunda fikir mübadiləsi aparılıb.
Qəbula görə minnətdarlığını bildirən Toyli Komekov mədəniyyət, tarix, milli-mənəvi dəyərlər baxımından Azərbaycan və türkmən xalqlarının tarixi bağlılığını xüsusi vurğulayıb. Diplomat iki ölkə arasında əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin, bu məqsədlə geniş tədbirlər planının, birgə layihələrin hazırlanmasının vacibliyini diqqətə çatdırıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar