Əbülfəs Qarayev: “Azərbaycan Turizm və Menecment Universiteti turizm sənayesinin əsas təhsil ocağına və elmi tədqiqat mərkəzinə çevrilməlidir”
Fevralın 6-da Bakı Turizm Peşə Məktəbinin akt zalında Azərbaycan Turizm və Menecment Universitetinin ilk elmi şurasının geniş tərkibli iclası keçirildi. İclasda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirliyin məsul əməkdaşları, Turizm və Menecment Universitetinin, Bakı Turizm Peşə Məktəbinin müəllim heyətinin, tələbə təşkilatlarının nümayəndələri, ölkənin turizm sektorunun təmsilçiləri iştirak edirdilər.
ATMU aparıcı dövlət ali təhsil müəssisəsinə çevrilməyi planlaşdırır
Əvvəlcə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru, professor Cəfər Cəfərov geniş hesabatla çıxış edərək 2006-cı ildə Azərbaycan Turizm İnstitutu kimi fəaliyyətə başlamış ali məktəbdə tədrisin təşkili, 2006-2014-cü illərdə əldə olunan nəticələr, bakalavr, magistratura və doktorantura səviyyələrində təhsil barədə danışdı. Rektor Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 dekabr 2014-cü il tarixli sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutunun bazasında Azərbaycan Turizm və Menecment Universiteti yaradıldığını diqqətə çatdırdı.
Bildirdi ki, bu sərəncam ölkə rəhbərinin Azərbaycanın gələcəyi ilə bağlı düşüncələrinin, o cümlədən turizm sənayesinin inkişafına göstərdiyi diqqətin nümunəsidir: “Bu, eyni zamanda 9 yaşlı ali məktəbin yeni statuslu spesifik təhsil ocağı kimi uğurlu fəaliyyətini dövrün tələblərinə uyğun davam etdirməsi deməkdir. Bu bir faktdır ki, fəaliyyətə başladığımız ilk illərdən kollektivimizin daha çox iş görmək arzusuna rəğmən mövcud maddi-texniki bazanın məhdudluğu nəzərdə tutduğumuz vacib məsələlərin həllini çətinləşdirirdi. İnanırıq ki, sərəncamda nəzərdə tutulan məsələlərin reallaşması Azərbaycan iqtisadiyyatına daha keyfiyyətli kadrlar hazırlamaq üçün böyük imkanlar açacaq. Turizm və Menecment Universitetinin yaradılması o deməkdir ki, turizm aparıcı sahə olmaqla yanaşı, idarəetmənin başqa sahələrində də kadr hazırlığı ilə bağlı bu ali təhsil ocağının üzərinə vəzifələr qoyulur. Universitetdə təhsilin bütün mərhələlərində turizm və menecment üzrə kadrlar hazırlanacaq. Bu, böyük bir etimaddır və onu doğrultmaq üçün artıq qüvvələr səfərbər olunur».
Cəfər Cəfərov qeyd etdi ki, bu gün ölkəmizdə qeyri-neft sektorunun inkişaf strategiyasına uyğun olaraq turizm ikinci prioritet sahə elan edilib. Məqsədyönlü dövlət siyasəti nəticəsində bu sahədə böyük nailiyyətlər əldə edib. 2003-cü ildən indiyədək Azərbaycanda əsas turizm göstəriciləri 3-5 dəfə artıb, o cümlədən turizm şirkətlərinin sayı 74-dən 270-ə, mehmanxanaların sayı 96-dan 530-a, yerləşdirmə yerlərinin sayı 9500-dən 35 minə çatıb. Ölkəyə gələn turistlərin sayı 2 milyonu ötüb.
Rektorun sözlərinə görə, turizm sahəsində davamlı inkişafın nəticəsi kimi, peşəkar kadrlara ehtiyac da sürətlə artıb və bu ehtiyacın təmin olunması məqsədilə 2006-cı ildə Azərbaycan Turizm İnstitutu yaradılıb: “Tədris ocağı ilk dərs ilində 200 tələbə, 1 fakültə və 3 ixtisasla tədris fəaliyyətinə başlamışdı. Hazırda 3 fakültə, 10 kafedrada 11 ixtisas üzrə bakalavriatura səviyyəsində 1527 nəfər, magistraturada 146 nəfər, doktoranturada 69 nəfər, ikinci ali təhsildə 27 nəfər və ilk peşə-ixtisas təhsili üzrə Bakı Turizm Peşə Məktəbində 12 ixtisas üzrə 460 şagird təhsil alır. Bu günədək 1031 bakalavr və 33 magistr olmaqla 1064 nəfər məzunumuz olub, onlardan 97 nəfəri (94 bakalavr və 3 magistr) ikili diplom proqramına uyğun olaraq eyni zamanda Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin diplomunu alıb».
Təhsil müəssisəsinin xarici əlaqələrindən danışan Cəfər Cəfərov 30 xarici ali məktəb, 34 beynəlxalq təşkilat və şəbəkə ilə əlaqələr qurulduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, istehsalat təcrübəsinə xüsusi önəm verilir, tələbələr Türkiyə, İsrail, Şimali Kipr, Almaniya və Yunanıstanda peşə təcrübəsi keçirlər.
Rektor ATMU-nun qarşısında duran vəzifələrdən də söz açdı: «Azərbaycan Turizm və Menecment Universiteti mövcud ixtisaslar qalmaqla və yeni ixtisasların açılması şərtilə yaxın 5-10 ildə beynəlxalq tələblərə cavab verən, öz akademik şəhərciyi olan, beynəlxalq akkreditasiyadan keçən, 25-dən çox ixtisas üzrə təxminən 6-8 min tələbəyə malik, «tədris-təlim-təcrübə-tədqiqat» modelinə əsaslanan turizm və digər xidmət sahələrində aparıcı dövlət ali təhsil müəssisəsinə çevrilməyi planlaşdırır».
Kadr hazırlığının gücləndirilməsi turizmin sürətli inkişafına təkan verəcək
İclasda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ötən ilin dekabrında ölkə Prezidentinin Mədəniyyət və Turizm Nazirliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı mühüm sərəncamlar imzaladığını vurğuladı. Bunlardan biri də Azərbaycan Turizm İnstitutunun bazasında ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığını həyata keçirən Turizm və Menecment Universitetinin yaradılmasıdır.
Nazirin sözlərinə görə, universitetin yaradılması ilə ölkədə turizm sahəsində kadr hazırlığı daha da gücləndiriləcək və bu da turizm sahəsinin sürətli inkişafına təkan verəcək: «Bu gün turizm sənayesi Azərbaycanda ən çevik inkişaf edən sahələrdən biridir. Bu sərəncamlar Azərbaycanda mədəniyyət və turizm sisteminin təkmilləşdirilməsinə gətirib çıxaracaq. Ölkədə teatrların, muzeylərin fəaliyyəti də ATMU-nun məzunlarının işi ilə bağlı olacaq. Çünki turistlərə müxtəlif xidmətlərin göstərilməsində mədəni xidmətlərin yeri əvəzsizdir. Biletlərin elektron satışı, hotellərdə xidmətlərin qurulması Azərbaycana gələn qonaqların və ölkəmizin sakinlərinin mədəni proseslərə bilavasitə qoşulmasına imkan verir. Turizmin inkişafı Azərbaycanın tarixi irsi olmadan mümkün deyil, çünki bizim əsas sərvətimiz mirasımızdır və bu mirası ölkəmizə gələn qonaqlara təqdim etmək turizm sənayesinin ən vacib fəaliyyət istiqamətlərindən biridir».
Nazir qeyd etdi ki, Azərbaycan Turizm və Menecment Universitetində bütün ixtisaslar üzrə menecerlər hazırlanacaq: «Çünki biz məhdud turizm ixtisasları ilə gələcəyə baxa bilmərik. Mədəniyyəti, turizmi və digər xidmətləri əhatə edən peşəkar menecerlər hazırlanmalıdır. Ölkədə idarəetmə bacarığı olan, geniş dünyagörüşünə malik, xarici dilləri bilən menecerlərin sayı azdır. Bunun nəticəsi də ona gətirib çıxarır ki, məcbur olub böyük hotellərə rəhbərlik etmək üçün menecerlər xaricdən dəvət edilir».
Universitet ixtisasartırma proseslərini öz üzərinə götürməlidir
Əbülfəs Qarayev qarşıdakı illərdə universitetdən gözləntilərini də diqqətə çatdırdı və bunun üçün bu ali təhsil ocağı kollektivinin daha çox çalışmalı olduğunu vurğuladı: «Turizm və Menecment Universitetində təhsil prosesinə sənayedən təcrübəli adamların dəvət olunması, gənc kadrlardan, o cümlədən öz məzunlarından daha səmərəli istifadə olunması bizim üçün önəmli olmalıdır. Universitet kadr hazırlığı və ixtisasartırma proseslərini öz üzərinə götürməlidir. Bu, vahid bir sistemdə olmalıdır. Hoteldə çalışan insan bu gün hotelçilik sistemində hansı yeniliklərin tətbiq olunduğunu bilməlidir. Bu gün insanlar turizm şirkətlərinin fəaliyyətini tamamilə başqa cür görürlər. Bu sahədə çalışan insanlar kurslar vasitəsilə öz ixtisaslarını artırmalı, yeniliklərlə tanış olmalıdırlar.
Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti cəmi 15 ilə ölkənin ən qabaqcıl tədris ocaqlarından birinə çevrilib. Biz də 9 ilə çox nəticələr əldə etmişik. İndi gələcəyə baxmalıyıq. Bu gün artıq Azərbaycanın turizm və mədəniyyət şəbəkəsi kifayət qədər genişlənib. Turizm və Menecment Universiteti hotellərlə yaxından əlaqələr qurmalıdır və hesab edirəm ki, hotellər universitetlə müqavilə bağlamalıdırlar, bəzi dərslər hotellərdə keçilməlidir. Bundan əlavə, hotellərdə təşkil edilən kurslar da bu universitetin proqramları ilə uyğunlaşdırılmalıdır. Bu, çox gözəl bir sistem olar. Bir sözlə, Azərbaycan Turizm və Menecment Universiteti turizm sənayesinin əsas təhsil ocağına və elmi tədqiqat mərkəzinə çevrilməlidir».
Elmi şuranın iclası cari məsələlərin müzakirəsi ilə davam etdirildi.
Fəxriyyə Abdullayeva