Fevralın 8-də Müasir İncəsənət Mərkəzində “Mənim Bakım” və “Təbiət də bir sənətdir” adlı fotomüsabiqələrin qaliblərinin mükafatlandırma mərasimi keçirildi.

Əvvəlcə “İRS Publishing House” nəşriyyat evi, “İRS” beynəlxalq jurnalı və Azərbaycan Fotoqraflar Birliyinin 2014-cü il oktyabrın 10-dan 2015-ci il yanvarın 5-dək keçirdiyi “Mənim Bakım” müsabiqəsinin qalibləri elan olundu. “İRS” jurnalının redaktoru Musa Mərcanlı, Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu qalibləri təbrik etdilər.
Birinci yerin qalibi Vüqar İbadov, ikinci yerin qalibləri Artur Abdullayev və Zamin Cəfərov, üçüncü yerin sahibləri isə Fidan Virçers, Etibar Cəfərov, Emin Quliyev oldu. Daha bir neçə iştirakçıya həvəsləndirici mükafatlar verildi. Həvəsləndirici mükafata layiq görülənlər sırasında “Mədəniyyət” qəzetinin fotomüxbiri Ceyhun Vəliyev də var.
Qeyd edək ki, münsiflər heyətinin seçdiyi ən yaxşı fotoların “İRS Publishing House” tərəfindən hazırlanan və I Avropa Oyunlarına həsr olunan “Bakı simfoniyası” fotoalbomunda dərc olunması nəzərdə tutulub.
Sonra Fotoqraflar Birliyinin yanvar ayı üçün elan etdiyi “Təbiət də bir sənətdir” adlı aylıq fotomüsabiqəsinin qalibləri elan olundu. Layihənin koordinatoru Azad Bağırov bildirdi ki, müsabiqədə ümumilikdə 34 fotoqraf iştirak edib və 21 iştirakçının 64 işi şərtlərə uyğun olduğu üçün müsabiqəyə buraxılıb. Müsabiqənin qalibləri isə Ruslan Məmmədov, Minarə Carcalova və Hikmət Sadıxov elan olundu.
Tədbirin sonunda Moskvada yaşayan həmyerlimiz Cavid Məmmədovun “Moskva metrosu” adlı foto layihəsinin nümayişi keçirildi.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar