Oyunlar zamanı ölkəmizə gələcək qonaqlara təqdim ediləcək mədəni proqramların təşkili ilə bağlı müzakirələr aparılıb
İyunun 12-dən 28-dək Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıq davam edir. 49 ölkədən 20 idman növü üzrə 6 mindən çox idmançının qatılacağı Avropa Oyunları Azərbaycanın müstəqillik tarixində ev sahibliyi edəcəyi ən böyük beynəlxalq tədbirdir. Bu tədbir həmçinin ölkəmizin müasir inkişaf səviyyəsini, zəngin mədəniyyətini, turizm imkanlarını dünyaya tanıtmaq və təbliğ etmək üçün mühüm bir fürsətdir. Təkcə onu qeyd etmək kifayətdir ki, I Avropa Oyunları televiziya vasitəsilə dünyanın 100-dən artıq ölkəsinə yayılacaq. Bununla bağlı 40-dan çox şirkətə yayım hüququ verilib. Oyunları Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerika və Avstraliyada izləyə biləcəklər.
"Bakı-2015" I Avropa Oyunları ilə bağlı mədəniyyət və turizm proqramları da hazırlanır. Fevralın 11-də Mədəniyyət və Turizm Nazirliyində bu məqsədlə yaradılmış İşçi Qrupunun iclası keçirilib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, gənclər və idman naziri Azad Rəhimovun və hər iki qurumun məsul şəxslərinin iştirak etdiyi iclasda Avropa Oyunları zamanı ölkəmizə gələcək qonaqlara təqdim ediləcək yüksək səviyyəli mədəni proqramların təşkili ilə bağlı müzakirələr aparılıb.
İclasda Avropa Oyunlarının davam etdiyi günlərdə ölkəmizdə fəaliyyət göstərən teatr-konsert müəssisələrində, kinoteatrlarda, muzeylərdə, açıq havada qonaqlar üçün təqdim ediləcək proqramlar, onların Azərbaycanın mədəni irsi, incəsənəti ilə yaxından tanış olması məqsədilə hazırlanmış əlavə xidmətlər haqqında məlumat verilib. Eyni zamanda daha geniş və əhatəli tədbirlərin hazırlanması məsələsi müzakirə edilib.