Azərbaycan dövlətçilik tarixinin öyrənilməsində mühüm mənbə olan kitabın təqdimatı
Fevralın 9-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu ilə birgə XVI-XVII əsrlərdə yaşamış görkəmli tarixçi, şair və xəttat İsgəndər bəy Münşinin Azərbaycan dilinə tərcümə edilmiş “Dünyanı bəzəyən Abbasın tarixi” (“Tarixi-aləm arayi-Abbasi”) kitabının təqdimatı olub.
Tədbirdə çıxış edən kitabxananın direktoru Mail Əhmədov bu əsərin Azərbaycanın dövlətçilik tarixinin öyrənilməsinə mühüm töhfə olduğunu söyləyib. Bildirilib ki, Azərbaycanın orta əsrlər tarixini, xüsusilə Səfəvilər imperiyasının tarixini araşdırmaq üçün dəyərli mənbə olan kitabı dilimizə tarix elmləri doktoru, professor Şahin Fərzəliyev çevirib. Tarix İnstitutu bu əsəri iki kitab şəklində nəşr etdirib.
2500 səhifədən ibarət ikicildlikdə təqribən 200 səhifəlik şərhlər yer alıb. Nəşrdə adlar, məkan, dövlətçilik və titullarla bağlı 300 səhifəlik qeydlər verilib ki, bu da tədqiqatçıların kitabdan istifadəsini asanlaşdıracaq.
Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov da “Dünyanı bəzəyən Abbasın tarixi” əsərini Azərbaycanın tarixini öyrənmək üçün qiymətli mənbə, tarix elmi üçün mühüm hadisə adlandırıb. Bildirilib ki, İsgəndər bəy Münşinin bu əsərinin doğma dilimizə çevrilərək geniş oxucu kütləsinə təqdim olunması xalqımızın orta əsərlərdə də möhtəşəm tarixi əsərlər yaratdığını bir daha sübut edir. O, azərbaycanlı alim İsgəndər bəy Münşinin həyat və fəaliyyəti barədə məlumat verib.
Professor Şahin Fərzəliyev kitabın ərsəyə gəlməsindən, tərcümə prosesindən, əsərin elmi mahiyyətindən, İsgəndər bəy Münşinin həyatından söz açıb. Qeyd edib ki, Şah Abbasın sarayında xidmət etmiş görkəmli orta əsr tarixçisi İsgəndər bəy Münşi əsəri fars dilində qələmə alıb. O, zəngin biliyə malik olmaqla yanaşı, həm də şair, nasir, xəttat idi. İsgəndər bəy gənc yaşlarında Səfəvi ordusunda xidmət edib, sonralar Şah Abbasın sarayında münşi (katib) vəzifəsində çalışıb.
Bildirilib ki, əsər Azərbaycan Səfəvilər dövlətinin tarixinə dair faktiki materiallarla zəngindir. Müəllif bu əsərə ömrünün bir neçə ilini sərf edib. O, qələmə aldığı hadisənin fars dilində sərrast mənasını verə bilmədikdə, doğma dilinə - Azərbaycan türkcəsinə müraciət edib. Bununla da tarixçi milli mənsubiyyətini və Azərbaycana sonsuz məhəbbətini əsər boyu oxucuların diqqətinə çatdırır.
Kitaba “Ön söz”ü AMEA-nın müxbir üzvü Yaqub Mahmudov yazıb. Təqdimat mərasimində akademik Vasim Məmmədəliyev, Tarix İnstitutu direktorunun müavini Cəbi Bəhramov, dosentlər Tofiq Nəcəfli, Elxan Əzizov və başqaları çıxış edərək İsgəndər bəy Münşinin bu qiymətli kitabının onun doğma dilində çap olunmasının əhəmiyyətindən danışıb, əsərin Azərbaycan tarixşünaslığı və elmi ictimaiyyətimiz üçün mühüm töhfə olduğunu söyləyiblər.