Zəlimxan Yaqubun şeirlər kitabının və ona həsr olunmuş nəşrin təqdimatı

Fevralın 13-də Milli Kitabxanada Azərbaycan Aşıqlar Birliyinin (AAB) sədri, Xalq şairi Zəlimxan Yaqubun 65 illik yubileyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunan “Mənə ümid kimi bax” şeirlər toplusunun və Musa Nəbioğlunun “Sözün Zəlimxan zirvəsi” kitabının təqdimatı keçirildi.

Kitabxananın foyesində şairin yaradıcılığını əhatə edən nəşrlərdən ibarət sərgi təşkil olunmuşdu.
Tədbirdə çıxış edən kitabxananın direktoru Kərim Tahirov bildirdi ki, Zəlimxan Yaqubun “Mənə ümid kimi bax” kitabında müxtəlif illərdə yazdığı və bu gün də dillər əzbəri olan şeirlərindən seçmələr toplanıb. Oxucular kitabda müəllifin Vətən, türkçülük, ictimai-siyasi mövzularda yazdığı şeirlərlə yanaşı, dünya, sevgi, həyat və ölüm, qürbət və digər mövzularda qələmə aldığı poetik nümunələrlə tanış ola biləcəklər.
Aşıqlar Birliyinin katibi Musa Nəbioğlunun “Sözün Zəlimxan zirvəsi” kitabı çağdaş Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan və dəst-xətti ilə seçilən şairin bənzərsiz yaradıcılığına həsr edilib.
Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev qeyd etdi ki, hər bir yazıçı və şair üçün şöhrət onun kitabıdır: “Əsl şairin şeirindən hər kəs ən azından bir bənd bilməlidir. Zəlimxan Yaqubun isə onlarla bir-birindən gözəl əsərləri var. Mən də onun yaradıcılığını çox sevirəm. Onun şairlik ilhamına və bənzərsiz yaddaşına vurğunam”.
Çingiz Abdullayev 22 il əvvəl olmuş hadisə barədə xatirələrini də bölüşdü: “Gürcüstanda soydaşlarımızın sıx yaşadığı Borçalıda bir tədbirdə idik. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar və Xalq şairi Cabir Novruz da orada idi. Belə məsləhət olundu ki, tədbiri aparmaq gənc şair və yazıçılardan birinə tapşırılsın və aparıcılıq Zəlimxan Yaquba həvalə olundu. Bəziləri buna etiraz etdilər. O vaxt Anar dedi ki, onlar Zəlimxan Yaqubu yaxşı tanımırlar. Tədbir gözlənildiyindən də yaxşı keçdi və hər kəs onun yüksək natiqlik qabiliyyətinin şahidi oldu”.
Filologiya üzrə elmlər doktoru, professor Qəzənfər Paşayev bildirdi ki, Zəlimxan Yaqubun yaradıcılığı dərin köklərə, xüsusilə aşıq yaradıcılığına, folklora söykənir. Şairin yaradıcılığı xalqımız tərəfindən sevilir. Belə bir sevgi, məhəbbət XX əsr Azərbaycan ədəbiyyatı tarixində Xalq şairi Səməd Vurğuna olub. Bu hər kəsə nəsib olmayan bir nailiyyətdir.
Professorlar Nizaməddin Şəmsizadə, Buludxan Xəlilov, Asif Rüstəmli, Xalq yazıçısı Mövlud Süleymanlı və başqaları çıxış edərək dünyanın bir çox ölkəsində Azərbaycan ədəbiyyatını ləyaqətlə təbliğ edən şairin məhsuldar yaradıcılığından söhbət açdılar. Onun yaradıcılığını sahilsiz ümmana bənzətdilər. Türk ədəbiyyatını dərindən bilən, güclü hafizəyə malik şairin Mövlanə Cəlaləddin Rumi, Dadaloğlu, Yunis Əmrə, Abbas Tufarqanlı, Xəstə Qasım kimi nəhəng söz ustadlarının irsini sevə-sevə təbliğ etdiyi, özünün də ustad səviyyəsinə yüksəldiyi vurğulandı.
Çıxışlarda Zəlimxan Yaqubun Aşıqlar Birliyinin sədri kimi folklorumuzun, aşıq ədəbiyyatının beşiyi başında dayandığı, bu gün saz sənətimizin dünyanın bir çox ölkələrində sevgi ilə qarşılanmasında onun da böyük zəhməti olduğu diqqətə çatdırıldı. Qələm dostları səhhətindəki problemlərə baxmayaraq, böyük əzmlə yazıb-yaradan şairə cansağlığı arzuladılar.
Sonda Zəlimxan Yaqub hər iki kitabın ərsəyə gəlməsində əməyi olan insanlara öz təşəkkürünü bildirdi.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar