Əsrin faciəsinə həsr olunmuş kitab sərgisi
Fevralın 25-də Milli Kitabxanada “Xocalı soyqırımı: insanlığa qarşı cinayət” adlı kitab sərgisi açıldı. Xocalı şəhidlərinin və Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Tədbiri kitabxananın direktoru, professor Kərim Tahirov açaraq Xocalı şəhərinin erməni faşistləri tərəfindən işğalından, azərbaycanlılara qarşı törədilən soyqırımından danışdı. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində bu genosid aktının təbliği məqsədilə dünyanın bir çox ölkəsində müxtəlif tədbirlərin keçirildiyini bildirdi.
Tədbirdə Xocalı həqiqətlərinin yer aldığı “Keçmişini unudan gələcəyini itirər” adlı yeni kitabın təqdimatı da keçirildi. Kitabxananın direktoru bildirdi ki, tarix necə yazılarsa, bizdən sonrakı nəsillər də onu eləcə tanıyar, öyrənər və qoruyar: “Bu baxımdan tarixi reallıqlarımızı əks etdirən ədəbiyyatın yaradılması vacib şərtlərdəndir”.
Kitabın müəllif, professor Əsgər Abdullayev nəşr barədə məlumat verdi. Böyük ürək yanğısı ilə qələmə alınan kitabda Xocalı həqiqətlərinin yer aldığını bildirdi. Kitabxananın əməkdaşları, Yazıçılar Birliyinin üzvləri Fəridə Hacıyeva və Səyyarə Məmmədli Xocalıya həsr etdikləri şeirlərini söylədilər.
Sonda tədbir iştirakçıları Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Xocalı soyqırımı” adlı elektron məlumat bazası və “Xocalı soyqırımı: insanlığa qarşı cinayət” adlı sərgi ilə tanış oldular.
Lalə Azəri