Ölkəmizin baş elm məbədi sayılan Azərbaycan Milli Elmlər Akademiyası həm də sənət, bədii yaradıcılıq sahəsində önəmli uğurlara imza atmışdır. Akademiyanın institutlarında, ayrı-ayrı qurumlarında çalışan əməkdaşlar arasında incə sənət duyumu, musiqi, rəssamlıq istedadı olanlar az deyil. Əlbəttə, bu istedadı inkişaf etdirmək, onu, necə deyərlər, lazımi məcraya yönəltmək, təqdim etmək gərəkdir.

Son dövrlərdə bu sahədə aparılan məqsədyönlü fəaliyyət AMEA əməkdaşlarının rəssamlıq istedadının cəmiyyətə tanıdılmasında önəmli rol oynayıb. Bu baxımdan Memarlıq və İncəsənət İnstitutunun gördüyü işlər təqdirəlayiqdir. AMEA əməkdaşlarının rəsm əsərlərinin sərgilənməsini Memarlıq və İncəsənət İnstitutu həyata keçirir.
Ötən ilin noyabrında AMEA-da çoxsaylı qonaqların iştirakı ilə ölkəmizdə ilk dəfə olaraq möhtəşəm elm festivalı keçirildi. Festival çərçivəsində respublikamızın nailiyyətlərini əks etdirən elm və texnika sərgisi də nümayiş etdirildi. Lakin bu, həmin günlərdə AMEA-da gerçəkləşən yeganə sərgi deyildi. Festival günlərində akademiyanın əsas binasının birinci mərtəbəsindəki foyedə ayrı-ayrı institutların əməkdaşlarının rəsmləri, maraqlı əl işləri də toplaşanlarda böyük maraq doğurdu. Bu həm də AMEA əməkdaşlarının ilk rəssamlıq sərgisi oldu.
Bu günlərdə isə ikinci rəssamlıq sərgisi keçirildi. Sərgi 2-3 mart tarixində AMEA Folklor İnstitutu tərəfindən təşkil edilən beynəlxalq elmi-nəzəri konfrans çərçivəsində reallaşdı. Konfrans XX əsrin ən müdhiş faciələrindən olan Xocalı soyqırımına, azərbaycanlılara qarşı törədilən qanlı cinayətlərin dünya birliyinə çatdırılması problemlərinə həsr edilmişdi. Tədbirin mövzusuna uyğun olaraq AMEA əməkdaşlarının ikinci rəsm sərgisi də Qarabağ faciələrinə, məruz qaldığımız dəhşətli soyqırımına həsr olunmuşdu.
Keçən sərgidə olduğu kimi, budəfəki sərgidə də əsasən Memarlıq və İncəsənət İnstitutu əməkdaşlarının əl işləri təqdim olundu. Əlbəttə, bu, səbəbsiz deyil. Elmi-nəzəri fəaliyyəti təsviri sənət, rəssamlıq problemlərinin araşdırılması, öyrənilməsi ilə bağlı olan mütəxəssislər, təbii ki, bədii yaradıcılığa daha çox bağlıdır və onların içərisində peşəkar rəssamlar da az deyil.
Sərgidə əsas etibarilə qrafik əsərlər - plakatlar, karikaturalar, qravürlər nümayiş etdirilirdi. Lakin ekspozisiyaya yağlı boya, tempera və akril ilə işlənmiş əsərlər, toxuculuq (qobelen) nümunələri də daxil idi. Bütün bunlar sərginin rəngarəngliyini artırmaqla yanaşı, onu həm də peşəkar, çoxnövlü sənət təqdimatı kimi səciyyələndirdi.
Geoloq-alim, AMEA-nın müxbir üzvü, professor Kərim Kərimovun karikaturalar seriyası konfrans iştirakçılarının böyük marağına səbəb oldu. Qeyd edək ki, o həm də istedadlı karikaturaçı-rəssam kimi ölkəmizdə və onun hüdudlarından kənarda yaxşı tanınır. Onun Qarabağ münaqişəsi mövzusunda işlədiyi kəskin ruhlu, ifşaedici karikaturaları sərgini daha rəngarəng və məzmunlu etdi.
Əməkdar incəsənət xadimi, tanınmış memar və rəssam Elturan Avalovun «Şuşa görüntüləri» seriyasında işlədiyi qravürlər ekspozisiyanın əsas nümunələri cərgəsinə daxil idi. Bu seriyadakı ağ-qara təsvirlərin hər biri düşmən tapdağı altında inləyən Şuşamızın müxtəlif guşələrini, qiymətli tarixi-memarlıq incilərini təsvir edir. Memarlıq abidələrinin rəssamı kimi şöhrət qazanmış Elturan Avalov bu qravürləri böyük ustalıqla, tükənməz vətən sevgisi ilə işləmişdir.
Sərgidə istedadlı toxucu-rəssam, qobelen ustası Tamilla Abdullayevanın qobelenləri də yer almışdı. Qara və qırmızı rənglərin üstün olduğu qobelenlərdə yaralı vətən torpağının ah-naləsi, çəkdiyi haray alleqorik, rəmzi xarakterli görüntülər, həndəsi fiqurlar vasitəsilə ifadə olunur.
Memar Rizvan Qarabağlı (Babaşov) uzun illərdir ki, «Əsir düşmüş abidələrimiz» plakat seriyası üzərində işləyir, bu seriyadan onlarla kiçik həcmli plakatlar yaratmışdır. Plakatlarda düşmənin zəbt etdiyi yurd yerimizdə qalmış tarixi-memarlıq abidələri, onların bugünkü acınacaqlı taleyi təsvir olunur. «Vətən oğulları, bizi azad edin!» deyə hayqıran, haray çəkən abidələrimiz müəllif tərəfindən ustalıqla əks etdirilmişdir.
Memarlıq və İncəsənət İnstitutunun əməkdaşları Səyyad Bayramovun, Xəzər Zeynalovun, İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Səbinə Məmmədzadənin və başqalarının rəsmləri də seyrçi marağına səbəb oldu.
Ümumilikdə sərgidə 30-dan artıq əsər təqdim edildi. Xüsusi hazırlanmış stolda sərgidə iştirak edən əməkdaşlar haqqında qısa məlumat, onların fotoşəkilləri yer almışdı. Qeyd edək ki, müəlliflər özləri də ekspozisiya sahəsində idilər və maraqlananlara sərgilənən rəsmlər barəsində məlumat verdilər.
Son olaraq onu qeyd edək ki, Memarlıq və İncəsənət İnstitutu AMEA əməkdaşlarının rəssamlıq sərgilərini gələcəkdə ardıcıl olaraq təşkil edəcəkdir.

Ərtegin Salamzadə,
Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar