Məşhur rejissor azərbaycanlı həmkarları ilə birgə layihələrə imza atmaq niyyətindədir

Rusiya Kinematoqrafçılar İttifaqının sədri, Rusiya Mədəniyyət Fondunun prezidenti, məşhur kinorejissor Nikita Mixalkov Bakıda səfərdədir. Martın 31-də sənətkar Nizami Kino Mərkəzinin mətbuat klubunda Azərbaycan kinematoqrafçıları ilə görüşdü və gənc rejissorlar üçün ustad dərsi keçdi.

Görüşdə çıxış edən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova qonaq haqqında ətraflı məlumatı iştirakçıların nəzərinə çatdırdı. Bildirdi ki, ilk filmini 28 yaşında çəkən Nikita Mixalkov tezliklə öz dəst-xətti ilə seçilən rejissorların sırasında yer alıb. Uzun illərdir Rusiya Kinematoqrafçılar İttifaqına sədrlik edən sənətkarın yaratdığı Kino Akademiyasında təhsil alan aktyor, rejissor və operatorların sayı ildən-ilə artır və bu akademiyada təhsil alanlar həm Rusiya, həm də MDB ölkələrində öz kino karyeralarını qururlar.
Sonra söz qonağa verildi. Nikita Mixalkov Bakıya səfərindən və belə görüşün təşkil edilməsindən məmnunluğunu bildirdi. Qeyd etdi ki, kino sənəti, rejissor və aktyor işi ilə bağlı təcrübəsini gənc azərbaycanlı həmkarları ilə bölüşmək onun üçün xoşdur və inanır ki, bu təcrübə gələcəkdə onlara işlərində kömək ola bilər. Rejissor həmçinin qeyd etdi ki, Bakıya qısamüddətli səfəri zamanı o, azərbaycanlı həmkarları ilə fikir mübadiləsi apararaq gələcəkdə qarşılıqlı əməkdaşlıq üçün bir sıra layihələrin reallaşmasına imza atmaq niyyətindədir.
Yaratdığı Kino Akademiyasının fəaliyyəti barədə geniş məlumat verən rejissor bildirdi ki, kino həm də sosial xətdir. Elə bu səbəbdən də akademiyada təhsil alanlar öz istedadları ilə seçilirlərsə, bu zaman onlar təhsil haqqının yalnız 10%-ni ödəyirlər. Kino təcrübəsindən söz açan Nikita Mixalkov həmçinin qeyd etdi ki, kino kollektiv, ailəvi sənətdir. Çəkiliş meydançasında bir araya gələn rejissor, operator, aktyor və texniki işçilər əgər çəkiliş boyunca bir ailə kimi atmosferi qoruya bilmirlərsə, bu ailənin yaradacağı yeni körpəni, yəni filmi hamı eyni dərəcədə sevmirsə, bu zaman mütləq nəsə çatışmazlıq baş verəcək. Ona görə də kino sənətində, çəkiliş meydançasında həm mehriban, həm sevincli, həm də sərt və ciddi olmaq vacib şərtdir. Yalnız bu zaman gözəl sənət nümunəsi yarana bilər.
Rejissor həmçinin bildirdi ki, teatr səhnəsindən fərqli olaraq, aktyor üçün kinoda oynamaq daha çətindir. Çünki teatrda aktyor tamaşaçını hiss edə bilir, kinoda isə o təkdir. Məhz buna görə də çəkiliş zamanı bütün heyət aktyoru duymalı, onun oyununa həssas yanaşmalıdır: “Bu illər ərzində mən heç vaxt çəkiliş zamanı bir dəfə də olsa belə saatına baxan insanla işləmədim. Bu insanlara mənim yaradıcı qrupumda yer yoxdur. Çünki bu zaman o həm aktyorun oyununu, düşüncəsini, həm də digərlərinin fikrini yayındırır. Mənim üçün kinoda həmişə əsas fiqur aktyor olub. Kinonu çəkmək çox çətindir. Yaxşı, yaxud pis - fərq etməz. Buna görə də bütün heyət bir-birinin uğuruna sevinməli, məhəbbət və sevgi olmalıdır. Bunlar olmadısa, o film təbii alına bilməz. Bu isə çox çətin mərhələlərdən keçən bir prosesdir. Kinoda məni aktyorun oyunu deyil, onun gizlədiyi maraqlar daha çox maraqlandırır”.
İki saatdan çox davam edən ustad dərsindən sonra rejissor azərbaycanlı gənc kino mütəxəssislərinin suallarını cavablandırdı, intellektual kino, Amerika kinosu və müasir zaman, filmlərindəki mesajlarla bağlı fikirlərini bölüşdü. Kann, Venesiya kimi dünyanın nüfuzlu kinofestivallarının mükafatçısı, "Oskar” laureatı Nikita Mixalkov öz uğurlarının səbəbi və ümumilikdə dünya kinosu ilə bağlı sualları da cavablandırdı.
Rusiya kinosunun ən böyük simalarından olan Nikita Mixalkov "Beş gecə", "Piano üçün yarımçıq qalmış pyes", "Oblomovun həyatından bir neçə gün", "Şahidlərsiz", "Qara gözlər", "Urqa", "Günəşdən usanmışlar", "Sibir bərbəri", "12", "Günvurma" və bir çox başqa filmlərin müəllifidir.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar