Aprelin 7-də Bakı Musiqi Akademiyasında bəstəkar, Xalq artisti, Prezident təqaüdçüsü, professor Nəriman Məmmədovla vida mərasimi keçirildi.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan mədəniyyətinə ağır itki üz verdiyini, milli bəstəkarlıq məktəbinin tanınmış nümayəndələrindən olan Nəriman Həbib oğlu Məmmədovun aprelin 6-da, ömrünün 88-ci ilində vəfat etdiyini bildirdi. Nazir sənətkarın ömür yolundan, yaradıcılıq axtarışlarından, bəstələdiyi musiqilərdən, pedaqoji fəaliyyətindən söz açdı.
Bildirildi ki, Nəriman Məmmədov 1927-ci il dekabrın 28-də Naxçıvan şəhərində anadan olub. İlk musiqi təhsilini şəhərdəki uşaq musiqi məktəbinin tar sinfində aldıqdan sonra A.Zeynallı adına Bakı Musiqi Texnikumunun nəzəriyyə şöbəsinə daxil olub. Burada muğam bilicisi, mahir tarzən Əhməd Bakıxanovdan muğamın sirlərini öyrənib. Sonra Azərbaycan Dövlət Konservatoriyasında (indiki də Bakı Musiqi Akademiyası) təhsilini davam etdirib, 1956-cı ildə nəzəriyyə şöbəsində görkəmli pedaqoq Nikolay Çumakovun sinfini, 1961-ci ildə isə bəstəkarlıq üzrə professor Cövdət Hacıyevin sinfini bitirib.
Bəstəkarın yaradıcılığından söz açan nazir bildirdi ki, onun Xalq şairi Səməd Vurğunun “Komsomol” poemasının motivləri əsasında yazdığı “Humay” baleti 1981-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında uğurla səhnəyə qoyulub və müəllifinə şöhrət gətirib. Sənətkarın musiqili səhnə əsərləri içərisində Tofiq Bakıxanovla birgə yazdığı 3 musiqili komediyası (“Altı qızın biri Pəri”, “Qız görüşə tələsir”, “Məmmədəli kurorta gedir”) tamaşaçıların rəğbətini qazanıb.
Nəriman Məmmədovun əsərləri sırasında Hüseyn Cavidə həsr olunmuş IV simfoniya, Xocalı faciəsinə həsr olunmuş VII simfoniya və “Fərhad və Şirin” simfonik poemasını da xüsusi qeyd etmək lazımdır. Bəstəkarın yaradıcılığında mahnı və romanslar da xüsusi yer tutur. “Xumar baxışlar”, “Kaş səni görməyəydim”, “Sənin eşqin” və s. lirik mahnılar səmimiliyi ilə xalqın qəlbinə yol tapıb.
Qeyd olundu ki, bəstəkarlıqla yanaşı, Nəriman Məmmədov folklorşünaslıq sahəsində də diqqətəlayiq xidmətləri olan musiqiçi kimi tanınıb. O, 40 ildən artıq muğamlarımızın not yazısı və tədqiqi ilə məşğul olub.
Nazir Nəriman Məmmədovun pedaqoji fəaliyyətindən də söz açdı. Bildirdi ki, bəstəkar uzun illər A.Zeynallı adına Bakı Musiqi Texnikumunda, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında çalışıb, akademiyanın “Xalq musiqisinin tarixi və nəzəriyyəsi” kafedrasının professoru kimi fəaliyyət göstərib.
Musiqi sənəti sahəsindəki xidmətlərinə görə Nəriman Məmmədov 1974-cü ildə Naxçıvan MR-in Əməkdar incəsənət xadimi, 1982-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə Nəriman Məmmədovu səmimi insan, gözəl pedaqoq və bənzərsiz bəstəkar kimi xarakterizə etdi: “O, Bəstəkarlar İttifaqının ən fəal üzvlərindən idi. Çeşidli yaradıcılığı ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Onun əziz xatirəsi qəlbimizdə daim yaşayacaq”.
Prezident təqaüdçüsü, şair Ramiz Muxtar qeyd etdi ki, Nəriman Məmmədovun yaşı 80-ni keçsə də, daim yazıb-yaradırdı.
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Ərtegin Salamzadə bildirdi ki, Nəriman Məmmədovun klassik irsin tədqiqində, qorunmasında və onun gənc nəslə çatdırılmasında xidmətləri çox olub.
Bəstəkarın ailəsi adından çıxış edən yaxın qohumu, Bakı Dövlət Universitetinin professoru Əli Əhmədov mərasim iştirakçılarına öz dərin təşəkkürünü bildirdi.
Sonra görkəmli bəstəkarın cənazəsi son mənzilə yola salındı. Mərhum II Fəxri xiyabanda torpağa tapşırıldı.
Allah rəhmət eləsin.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar