Aprelin 6-da Azərbaycan Memarlıq və İnşaat Universitetində Memarlıq Təhsilinə Yardım üzrə Regionlararası İctimai Təşkilatın (MOOCAO) təşəbbüsü, universitetin və Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə buraxılış işlərinin XXIII beynəlxalq baxış-müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə universitetin rektoru, professor Gülçöhrə Məmmədova, Bakı şəhərinin baş memarı Akif Abdullayev, Memarlar İttifaqı idarə heyətinin məsul katibi Elçin Əliyev, Bakıdakı layihə institutlarının rəhbərləri, müsabiqənin sponsorları iştirak ediblər.
MOOCAO tərəfindən buraxılış işlərinin baxış-müsabiqəsi 11-18 oktyabr 2014-cü il tarixində Bakıda keçirilib. AMİU memarlıq fakültəsinin binası əsaslı təmirdə olduğundan mükafatlandırma mərasimi indi gerçəkləşib.
Bu barədə məlumat verən Azərbaycan Memarlar İttifaqının üzvü, Memarlıq və İnşaat Universitetinin şəhərsalma kafedrasının baş müəllimi İlqar Əliyev bildirdi ki, tədris ocağı hələ sovet dövründən MOOCAO-nun üzvü və müsabiqənin fəal iştirakçısıdır. Müxtəlif illərdə müsabiqələrə təqdim edilmiş memarlıq fakültəsi tələbələrinin buraxılış işləri diplomlara layiq görülüb. Həmsöhbətim Bakıda belə bir tədbirin keçirilməsinin Azərbaycan memarlarının beynəlxalq əlaqələrinin inkişafına yardım etdiyini, MDB və digər dövlətlərin memarlıq məktəblərinin nümayəndələri ilə yeni təmaslara zəmin yaratdığını dedi. İ.Əliyev onu da bildirdi ki, müsabiqə Bakıda ilk dəfə 1981-ci ildə, o vaxtkı Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun bazasında keçirilib. Ötən dövrdə tədris ocağında yeni memarlar nəsli yetişib.
Budəfəki baxış-müsabiqəyə hazırlıq ərəfəsində böyük təşkilatçılıq işləri aparılıb, müsabiqə zamanı “Memarlıq təhsilində innovasiyalar” adlı elmi konfrans, memarlıqda suprematizm cərəyanının yaradıcısı Lazar Xidekelin işlərindən ibarət sərgi keçirilib.
Müsabiqəyə Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Rusiya, Belarus və başqa ölkələrdən 53 ali memarlıq məktəbi, 230-dan artıq iştirakçı qatılıb. Müsabiqədə həmçinin Azərbaycan Memarlıq və İnşaat Universiteti memarlıq fakültəsi məzunlarının bina və qurğular, memarlıq abidələrinin bərpası, dizayn, landşaft ixtisasları üzrə 30-dan artıq bakalavr və magistrinin buraxılış işi nümayiş etdirilib. Qaliblərə diplom və mükafatlar verilib. Birinci dərəcəli diplomlara Şeyda Novruzzadə, Üzeyir Qasımov, Sevda Mikayılova, Sabahat Özçelik, Mohsen Hassan Moharram layiq görülüblər.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar