“Kütləvi informasiya vasitələrinin mədəniyyət sahəsində baş verən hadisələrə baxışı yeni layihələrin, ideyaların meydana gəlməsinə şərait yaradır”

Aprelin 8-də Azərbaycan Xalça Muzeyində Mətbuat Şurasının təşəbbüsü ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin respublikamızda fəaliyyət göstərən informasiya agentlikləri və jurnalist təşkilatlarının rəhbərləri, qəzet redaktorları ilə görüşü keçirildi.

Əbülfəs Qarayev iştirakçıları salamlayaraq bildirdi ki, belə bir görüşün ölkəmizin yeni mədəniyyət rəmzinə çevrilən Xalça Muzeyinin binasında keçirilməsi özlüyündə əlamətdar hadisədir. Azərbaycanın mədəni həyatı yeni inkişaf dövrünü yaşayır və ölkəmizdə inşa olunan müasir mədəniyyət ocaqları bunun bir göstəricisidir. Mədəniyyət və Turizm Nazirliyi respublikamızın mədəni həyatında, turizm sektorunda gedən proseslərin, baş verən yeniliklərin operativ və dolğun şəkildə ictimaiyyətə çatdırılmasında hər zaman maraqlıdır.
Nazir bu baxımdan media rəhbərləri ilə belə görüşlərin böyük əhəmiyyət kəsb etdiyini bildirdi: “İnanıram ki, bu görüş öz müsbət nəticəsini verəcək və bizi maraqlandıran suallara cavab tapacağıq. Media vasitələrinin mədəniyyət sahəsində baş verən hadisələrə baxışı və verdiyi reaksiya yeni layihələrin, ideyaların meydana gəlməsinə şərait yaradır. Nazirlikdə baş verən yeniliklər mütəmadi ictimaiyyətə çatdırılır. Başlıca məqsəd mədəni sərvətlərimizin qorunmasıdır. Bu işdə həm medianın, həm də ümumilikdə ictimaiyyətin iştirakı vacibdir”.
Əbülfəs Qarayev bildirdi ki, nazirlikdə dövrün tələblərinə uyğun mütəmadi olaraq idarəetmə sistemi təkmilləşdirilir, yeni layihələrə imza atılır. Turizm və mədəniyyətin birləşməsində məqsəd ölkənin tanıdılmasına bu iki sahənin qarşılıqlı vəhdətinə nail olmaqdır ki, nəticədə hər iki istiqamətdə görülən işlər bir-birini tamamlaya bilsin.
Son illər həyata keçirilən işlərdən, mədəniyyətimizin inkişafı, təbliği istiqamətində reallaşdırılan layihələrdən danışan Əbülfəs Qarayev son bir neçə ayda Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları ilə Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, habelə iki təhsil ocağının bazasında yeni ali tədris müəssisələrinin - Turizm və Menecment Universitetinin, Bakı Xoreoqrafiya Akademiyasının yaradıldığını qeyd etdi, bu qurumların fəaliyyəti haqqında danışdı.
Nazir həmçinin turizm sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsindən söz açdı, Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatı və Avropa İttifaqının “Tvininq” layihəsi ekspertlərinin təklif və tövsiyələrinin nəzərə alındığı “Turizm haqqında” yeni qanun layihəsində bu sahənin daha effektli idarə olunması üçün mühüm institusional, tənzimləyici yeniliklərin və qabaqcıl təcrübələrin əksini tapdığını söylədi.
Əbülfəs Qarayev may ayında Bakıda keçiriləcək III Dünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq, forumun mediada işıqlandırılması, “Bakı - 2015” I Avropa Oyunları ilə əlaqədar nazirliyin vəzifələri, turizm müəssisələrində bu tədbirə hazırlığın səviyyəsi kimi məsələlərə dair fikir və tövsiyələrini də diqqətə çatdırdı, dövlətimizin mənafeyinə xidmət edən mövzularda KİV-ləri vasitələrini həssas olmağa çağırdı. Bildirildi ki, Bakıda keçiriləcək I Avropa Oyunları zamanı dünya media və informasiya məkanında Azərbaycanın adının daha da ciddi səslənməsi əsas məqsədimiz olmalıdır. Mədəniyyət abidələrimizə və qeyri-maddi mədəni irsə xüsusi münasibət bəslənməsinin, onların təbliğinə önəm verilməsinin vacibliyi vurğulandı.
III Dünya Mədəniyyətlərarası Dialoq Forumuna və I Avropa Oyunlarına hazırlıq barədə danışan Əbülfəs Qarayev qeyd etdi ki, paytaxtın mədəniyyət müəssisələri və ümumilikdə nazirlik hər iki tədbir günlərində gücləndirilmiş iş rejimində çalışacaq. Şəhərimizə gələcək qonaqlar üçün mədəniyyət mərkəzlərimizə ekskursiyalar təşkil ediləcək, muzeylər uzadılmış iş rejimində - səhər saat 10.00-dan gecə 1.00-dək işləyəcək. Nazirlik bununla bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə əməkdaşlıq edir. Bakıda fəaliyyət göstərən teatrlarda nümayiş edilən tamaşalar tərcümə ilə veriləcək. Avropa Oyunları zamanı küçələrdə şou və təqdimatların keçirilməsi də planlaşdırılır: “Məqsədimiz Azərbaycanı ən yüksək səviyyədə dünyaya tanıtmaq və hər bir qonağın ölkəmizdən razı getməsinə nail olmaqdır”.
Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək dövlət qurumlarının rəhbərləri ilə belə görüşlərin əhəmiyyətini vurğuladı. Onun sözlərinə görə, bu ünsiyyət media təmsilçilərinin rəhbər şəxslərlə birlikdə hər hansı problemi, mövzunu müzakirə etməsinə və həllinə müsbət təkan verir. İlin sonunadək bir sıra dövlət idarələrinin rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.
“APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı, “İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Azvision.az saytının rəhbəri Vüsal Məmmədov, Haqqın.az saytının redaktoru Zaur Rəsulzadə çıxış edərək media ilə dövlət qurumları arasında sıx əməkdaşlığın, rəhbər şəxslərlə bilavasitə təmasların vacibliyini diqqətə çatdırdılar.
Fikir mübadiləsi ilə davam edən görüşün iştirakçıları mədəniyyət və turizm sahəsində gedən proseslərin işıqlandırılması, bu sahələrdə jurnalistlərin ixtisaslaşması və digər aktual məsələlərlə bağlı mülahizələrini bölüşdülər.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar