“Çalışmalıyıq ki, ümumiyyətlə, qeyri-neft sektorumuz ümumi daxili məhsulun çox böyük hissəsini təşkil etsin”

Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

İclasda giriş nitqi söyləyən dövlət başçısı ötən ilin sonunda region ölkələrində başlanan böhrana rəğmən Azərbaycan iqtisadiyyatının dinamik inkişafının təmin edildiyini diqqətə çatdırıb: “Bu ilin birinci rübündə də bu müsbət meyllər davam edib. Ümumi daxili məhsul 5 faizdən çox artmışdır. Sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7 faiz artmışdır. Bu da son illər ərzində aparılan düşünülmüş iqtisadi siyasət nəticəsində mümkün olmuşdur. Hətta dünyada neftin qiymətinin kəskin şəkildə düşməsi bizim ümumi iqtisadi inkişafımıza təsir etməmişdir. Qeyri-neft sektoru prioritet olaraq qalacaq. Çünki bundan sonra Azərbaycan iqtisadiyyatı çoxşaxəli surətdə inkişaf edəcəkdir. Artıq bir müddətdir ki, qeyri-neft sektorumuz ümumi daxili məhsulumuzun əksər hissəsini təşkil edir. Əgər biz vaxtilə ölkəmizin qeyri-neft sektorunun inkişafına bu qədər böyük diqqət göstərməsəydik, bəlkə də bu gün bu nəticələr o qədər də ürəkaçan olmazdı”.
Prezident qeyd edib ki, regionlarda da birinci rübdə müsbət meyllər müşahidə olunub. Bu müddətdə 30 minə yaxın iş yeri açılıb, onlardan 25 mini daimi iş yeridir. Sosial məsələlər öz həllini tapır. Bu sahə daim diqqət mərkəzindədir və bizim düşünülmüş iqtisadi islahatlarımız bütün güclü sosial siyasətlə də tamamlanır. Bu il də bütün sosial öhdəliklər yerinə yetirilir, sosial infrastrukturun yaradılması üçün əlavə vəsait ayrılır.

“Azərbaycan öz milli dəyərlərinə sadiq olaraq müasirlik yolu ilə gedir”

Ölkəmizin beynəlxalq nüfuzunun gündən-günə artdığını deyən Prezident Azərbaycanın dünya birliyinin etibarlı, dəyərli üzvü olduğunu vurğulayıb: “Azərbaycan öz dini, milli, mənəvi dəyərlərinə sadiq olaraq müasirlik yolu ilə uğurla, inamla gedir. Biz bütün ölkələrlə bərabərhüquqlu münasibətləri qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq, dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurmuşuq və bizə göstərilən hörmət, əlbəttə ki, bizi sevindirir. Eyni zamanda, bu, bir daha göstərir ki, bizim xarici siyasətimiz qüsursuzdur. Mən bunu açıq bəyan etmək istəyirəm. Biz heç bir ölkə ilə əlaqələrimizi pozmamışıq. Əksinə, son illər ərzində biz nə qədər dost qazanmışıq, nə qədər çox ölkələr bizimlə əməkdaşlıq etmək istəyir. Dövlət, hökumət başçılarının Azərbaycana səfərləri, beynəlxalq tədbirlərdə mənim iştirakım bunu bir daha göstərir. Azərbaycan bu gün dünya miqyasında öz güclü yerini tutmuş ölkədir. Ölkəmizin dünya miqyasında hörməti getdikcə artır”.
* * *
Sonra vergilər naziri Fazil Məmmədov, nəqliyyat naziri Ziya Məmmədov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək müvafiq sahələrdə görülən işlər, əldə olunan nəticələr barədə danışıblar.
* * *
Azərbaycan Prezidenti İlham Əliyev iclasda yekun nitq söyləyib. Dövlət başçısı qeyri-neft sektorunun prioritet olaraq qaldığını bir daha diqqətə çatdırıb: “Hesab edirəm ki, bu il qeyri-neft sektorumuz daha da arta bilər. Çalışmalıyıq ki, ümumiyyətlə, qeyri-neft sektorumuz ümumi daxili məhsulun çox böyük hissəsini təşkil etsin. Mən sahibkarlarla il ərzində dəfələrlə görüşürəm. Hər il biz regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını müzakirə edərkən bu görüşlər olur. Ondan sonra mənim bütün bölgələrə, rayonlara səfərlərimdə bölgələrdə hansısa sənaye obyektinin açılışı nəzərdə tutulur. Beləliklə, sahibkarlara göstərilən siyasi dəstək kifayət qədər yüksəkdir. Ümumi daxili məhsulumuzun haradasa 80 faizdən yuxarı hissəsi özəl sektorda formalaşır. Kənd təsərrüfatının inkişafı üçün çox ciddi tədbirlər görülür, islahatlar aparılır. Ümumiyyətlə, ixrac - kənd təsərrüfatının ixracı və sənaye məhsullarının ixracı gələcəkdə iqtisadiyyatımızın əsas hərəkətverici qüvvəsi olacaqdır”.
Prezident sosial infrastruktur layihələrinin icrasının, əhaliyə xidmətin yaxşılaşdırılması məqsədilə sosial innovasiyaların tətbiqinin davam etdiriləcəyini, bu il bölgələrdə daha üç “ASAN xidmət” mərkəzinin açılacağını deyib.

“Avropa Oyunları böyük idman və dostluq bayramına çevriləcək”

Prezident Avropa Oyunlarına hazırlıq barədə də danışıb: “Əslində, biz bütün hazırlıq işlərini artıq başa çatdırırıq. Nəqliyyat, infrastruktur, təhlükəsizlik, texniki-təşkilati məsələlər öz həllini tapır. İdman obyektlərimiz demək olar ki, hazırdır. Keçən ay biz Bakı Olimpiya Stadionunun və Bakı Atıcılıq Mərkəzinin açılışını qeyd etdik. Su İdmanı Sarayında son tamamlama işləri gedir. Heydər Əliyev adına İdman-Konsert Kompleksində təmir işləri başa çatır. Bulvarda yerləşən idman sarayında da işlər yekunlaşır. Avropa Oyunları Parkı yaradılır. Bu, əslində müvəqqəti idman qurğuları kimi nəzərdə tutulurdu. Ancaq nəzərə alsaq ki, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları Bakıda keçiriləcəkdir, hesab edirəm, Avropa Oyunlarından sonra Avropa Oyunları Parkı qalmalıdır. Ola bilər İslam Həmrəyliyi Oyunlarından sonra da qalsın. Çünki indi Bakıda yeni gözəl bir istirahət zonası yaradılır. Bayraq Meydanından ta Bibiheybətə qədər gözəl bir park və istirahət zonası, idman zonası yaxın zamanlarda ictimaiyyətin istifadəsinə veriləcəkdir. Biz tədricən bulvarı genişləndiririk. Yadınızdadır, Bayraq Meydanı yaradılandan bir qədər sonra insanların sərəncamına verildi. İndi Bayraq Meydanından Bibiheybətə tərəf olan hissədə böyük tikinti, abadlıq işləri görülür. Beləliklə, “Ağ Şəhər” bulvarı ilə birlikdə bulvarın uzunluğu 16 kilometrə çatacaqdır.
Tofiq Bəhramov adına Stadionda təmir-bərpa işləri artıq başa çatmışdır. İndi orada da müvafiq qurğular tikilir. “Crystall Hall”da bir neçə idman növü üzrə yarışlar keçiriləcəkdir. Orada da işlər hazırdır. Mingəçevirdəki “Kür” avarçəkmə bazasında müvəqqəti qurğular, tribunalar yaradılır. Atletlər Kəndi demək olar ki, hazırdır, Media Kəndi yaradılıbdır. Media Kəndi - deyə bilərəm ki, ümumiyyətlə, ilk dəfə belə bir yer olacaq. Çünki Yay Olimpiya və Qış Olimpiya oyunlarında heç vaxt Media Kəndi olmamışdı, jurnalistlər hərəsi bir yerdə qalırdı. Biz isə jurnalistlərə də diqqət göstərərək onlar üçün də gözəl yaşayış yerlərini müəyyən etdik, düz Atletlər Kəndinin yanında yerləşir.
Oyunlara dünyada çox böyük maraq var. Altmışa yaxın telekanal artıq müqavilə bağlayıb ki, bu Oyunları yayımlasın və beləliklə, “Bakı-2015” birinci Avropa Oyunları dünya ictimaiyyəti tərəfindən də izlənəcək. Yəni, son mərhələdəyik, ona görə şadam ki, çox qısa bir müddətdə - iki il yarım ərzində biz bu işin öhdəsindən gəldik. Əslində mən şübhə etmirdim, çünki bizim başladığımız bütün işlər uğurla yekunlaşır. Əminəm ki, Avropa Oyunları da böyük idman və dostluq bayramına çevriləcəkdir.
Bir sözlə, vəzifələr aydındır. Biz ilin sonuna qədər fəal işləməliyik ki, bütün vəzifələri uğurla icra edək, ölkəmizi daha da gücləndirək”.

* * *

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Nazirlər Kabinetinin iclasında çıxışı

- Hörmətli cənab Prezident!
Sizin tərəfinizdən müəyyən edilən etibarlı sabitlik və dinamik inkişaf strategiyası indi bütün dünyada müasir dövlət quruculuğunun yeni Azərbaycan modeli kimi qəbul olunur. İnkişafımızın bu mərhələsi, başqa sözlə, əldə olunmuş yekunlar bir daha sübut edir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik, həmişəyaşar ideyalarına və müasir strateji məqsədlərə əsaslanan inkişaf yolu ən doğru yoldur.
Bu gün respublikamızda həyatın ahəngi olduqca dinamik və sürətlidir. Hətta o qədər sürətlidir ki, onunla ayaqlaşmaq üçün bəzən mövcud qanunvericilik bazasına yenidən baxmaq, işimizi tənzimləyən bir çox mühüm sənədləri daim təkmilləşdirmək, strateji konsepsiyalar qəbul etmək zərurəti yaranır. Bu baxımdan Sizin tərəfinizdən irəli sürülən gələcəyimizin konturlarını müəyyənləşdirən, ən mühüm vəzifələri əks etdirən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası fəaliyyətimizin başlıca məqsədini təşkil edir. Eyni zamanda Sizin Fərmanınızla təsdiq edilən “Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu”, tapşırığınızla hazırlanmış yeni “Mədəniyyət konsepsiyası” da bu sahədə çalışan 70 minə yaxın insanın fəaliyyətini tənzimləyir.
Məlumat üçün bildirirəm ki, nazirliyin fəaliyyət dairəsinə aid əsas istiqamətlər üzrə Dövlət proqramlarından ikisi - “Kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə” və “2010-2014-cü illərdə turizmin inkişafına dair” Dövlət proqramları artıq yekunlaşmış, "Azərbaycan kinosu 2008-2018-ci illərdə", “Azərbaycan teatrı 2009-2019-cu illərdə”, “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə” Dövlət proqramları icra edilməkdədir. Vəzifələrin kompleks şəkildə yerinə yetirilməsinin və məqsədyönlü idarəetmənin səmərəliliyi nəzərə alınaraq uşaq incəsənət və rəssamlıq məktəblərinin inkişafı, dövlət rəsm qalereyaları, qeyri-maddi mədəni irsin qorunması, Qafqaz Albaniyası irsinin tədqiqi, mühafizəsi və təbliği, nəşriyyat-poliqrafiya sahəsinin və kitab sənətinin inkişafı ilə əlaqədar beş istiqamət üzrə Dövlət proqramlarının layihələri hazırlanmışdır və indi həmin sənədlər razılaşdırma mərhələsindədir.
Respublikamızda aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq bu gün siyasi, iqtisadi və mədəni istiqamətlərdəki fəaliyyət tempi və nailiyyətləri ilə Azərbaycan sərhədləri aşaraq regionun liderinə, qitənin inkişaf edən qabaqcıl ölkələrindən birinə çevrilmişdir. Azərbaycan mədəniyyəti, milli varlığımız dünyanın mədəniyyət və mənəviyyat məkanında layiqli yer almışdır. Ölkəmiz tərəfindən təklif olunan unikal mənəvi sərvətlər dünya ictimaiyyətinin böyük marağına səbəb olur. Fikrimi bir misalla izah etmək istərdim. Uzun illərdir cəmiyyətimiz tərəfindən Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın həm beynəlxalq miqyasda, həm də ölkə daxilində mədəni-intellektual sferadakı yeni məzmuna malik fəaliyyəti müşahidə və təqdir olunmaqdadır. Məhz onun təşkilatçılığı və iştirakı ilə reallaşan layihələr sayəsində milli, tarixi-mədəni irsin əhəmiyyətli hissəsinin Azərbaycana məxsusluğu dünya ictimaiyyəti tərəfindən təsdiqlənmişdir. İçərişəhərin, Qobustan tarix-mədəniyyət qoruğunun, xalça, saz, tar və muğam sənətlərinin, Novruz bayramının, Çövkən Qarabağ atüstü oyununun ardınca bu yaxınlarda Azərbaycan kəlağayısı da UNESCO-nun Mədəni irs siyahısına xalqımızın mədəni sərvəti kimi daxil edilmişdir.
Azərbaycan musiqisinin şedevrləri - Üzeyir Hacıbəylinin məşhur musiqili komediyaları, “Leyli və Məcnun”, “Koroğlu” operaları, “Yeddi gözəl”, “1001 gecə”, “Məhəbbət əfsanəsi”, “Eşq və ölüm”, “Qobustan kölgələri”, “İntizar” baletləri, muğamat, tar ifaçılığı, saz musiqisi uzun illərdən sonra ən cəlbedici şəkildə dünya səhnəsinə qayıtmış, ölkəmizin yaradıcı kollektivləri dünyanın ən şöhrətli festivallarında təmsil olunmuş, yüksək mükafatlara layiq görülmüşlər. Bir çox pyeslər ingilis, rus, habelə türkdilli xalqların dillərinə tərcümə olunaraq xarici ölkə teatrlarında oynanılır. Heydər Əliyev Fondunun təşkilatçılığı və nazirliyin iştirakı ilə Azərbaycanda Beynəlxalq Muğam Festivalı, Beynəlxalq Caz Festivalı, Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Qara Qarayev Beynəlxalq Müasir Musiqi Festivalı, Rostropoviç Beynəlxalq Festivalının keçirilməsi ənənəyə çevrilmişdir.
İdman Filmləri Festivalı, Turizm Filmləri Festivalı keçirilmişdir. Yalnız bir faktı - il ərzində Azərbaycan filmlərinin dünyada təşkil olunan 52 beynəlxalq festivalda iştirakını göstərmək kifayətdir ki, uğurlu yekunların miqyası təsəvvür olunsun. Bu gün Azərbaycan beynəlxalq kitab və beynəlxalq turizm sərgilərinin keçirilməsi sahəsində iştirakçı ölkədən təşkilatçı ölkəyə çevrilmişdir. Bir neçə gün öncə keçirilən və Sizin də təşrif buyurduğunuz Beynəlxalq Turizm Sərgisində 42 ölkədən 370 şirkət iştirak etmişdir. Yaxud hazırlıq işləri aparılan IV Bakı Beynəlxalq Kitab Sərgisində artıq 150-yə yaxın xarici və yerli nəşriyyat-poliqrafiya müəssisəsi iştiraklarını təsdiqləyiblər.
Xüsusilə də son vaxtlar Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dünyanın aparıcı dövlətlərində ölkəmizin təqdimatlarının keçirilməsi ənənəsi ictimaiyyətin diqqət mərkəzindədir. Heydər Əliyev Fondunun müəllifi və icraçısı olduğu mədəniyyət proqramları bütün dünyada, eləcə də hər bir vətəndaşımızın düşüncəsində yeni Azərbaycanın real obrazının, müasir imicinin formalaşmasına əhəmiyyətli təsir göstərir.
Hörmətli cənab Prezident!
Azərbaycan Respublikasının mərhələlərlə həyata keçirilən sosial-iqtisadi inkişaf proqramlarına uyğun olaraq ölkəmizin paytaxtı Bakı şəhərinin, eləcə də regionlarımızın siması sürətlə dəyişməkdədir. Yeniləşmə yalnız zahiri xarakter daşımır, o, müasir dövrün proseslərinə uyğun məzmuna malikdir. Bu o deməkdir ki, respublika üzrə mədəniyyət və turizm şəbəkəsinə müasir yanaşma həyat zərurətidir. Əhalinin maddi, sosial durumu yaxşılaşdıqca, mənəvi tələbatı da yüksəlir. Rayon və şəhərlərimizdə mövcud maddi-texniki baza - kitabxanalar, klublar, mədəniyyət evləri, muzeylər, musiqi və incəsənət məktəbləri davamlı olaraq yenidən qurulur, daha müasir obyektlərin inşası aparılır.
Məhz maddi-texniki bazanın müasir tələblər səviyyəsində yenidən qurulması fonunda ölkədə fəaliyyət göstərən 25 dövlət teatrının və digər teatr kollektivlərinin, 219 muzeyin, 35 rəsm qalereyasının, 3161 kitabxana-informasiya sahəsinin, 100-dən çox yüksək təmirli mədəniyyət sarayının, bölgələrdə yaradılan, hər biri geniş istirahət parkına malik olan Heydər Əliyev mərkəzlərinin qaynar həyatı müşahidə olunur. Regionlarımızın simvoluna çevrilən Heydər Əliyev mərkəzləri çağdaş və qlobal informasiya texnologiyaları, kitabxana, konfrans salonu, təlim kursları olan müasir mədəniyyət müəssisələri kimi əhalinin geniş təbəqələrinə xidmət göstərir. Biz bu yüksək şəraitli mərkəzlərin imkanlarından da geniş istifadə etməliyik.
Eyni zamanda dövlətin mədəniyyət və turizm siyasətinin effektiv icrasının təmin olunması, mövcud nöqsanların aradan qaldırılması üçün regionlarda mədəniyyət müəssisələri ilə əlaqədar islahatların daha keyfiyyətlə və sürətlə həyata keçirilməsi diqqət mərkəzindədir. Bu, ilk növbədə yerlərdə müasir dövrün tələbləri ilə uyğunlaşmayan köhnə iş üsullarının, qeyri-işlək strukturların, vahidlərin, ümumən, şəbəkə sisteminin optimallaşdırılmasını nəzərdə tutur. Şübhəsiz ki, bu prosesin yekunu olaraq göstərilən xidmətlərin səviyyəsi müasir tələbata uyğun olaraq əhəmiyyətli dərəcədə yüksələcəkdir.
Hesabat dövründə regionların mədəniyyət mühitini yeni ideyalarla canlandırmaq üçün xalq yaradıcılığı festivalları keçirilmiş, bir çox şəhərlər müxtəlif xarakterik meyarlara görə mədəniyyət paytaxtları seçilmişlər. 2010-cu ildən etibarən Gəncə, Şabran, Gədəbəy, Xaçmaz, Qəbələ “Əfsanələr paytaxtı”, Qazax, Lənkəran, Masallı, Zaqatala, Balakən “Folklor paytaxtı”, Şəki, İsmayıllı, Quba, Göygöl, Abşeron müvafiq olaraq “Sənətkarlıq paytaxtı” olmuşdur. 2015-ci ildə Şamaxı “Ədəbiyyat paytaxtı”, Qax isə “Milli mətbəx paytaxtı” elan edilmişdir. Bu da təbii olaraq regionlarda yalnız konkret məkana məxsus mədəniyyət dəyərlərinin qorunması və inkişafına yeni şərait yaradır. Önəmli cəhətlərdən biri də budur ki, Bakı şəhərində “Bölgələrdən paytaxta” adlı layihəyə start verilmişdir. İndiyə qədər Masallı, Qəbələ və Quba rayonunun mədəniyyət kollektivlərinin proqramları Bakının ən nüfuzlu tamaşa salonlarında göstərilmiş, böyük marağa səbəb olmuşdur. Yeri gəlmişkən, hörmətli Prezidentimizin tapşırıqlarına uyğun olaraq regionlara məqsədyönlü diqqətin artırılması üçün bir sıra görkəmli sənətkarların təntənəli yubiley tədbirləri onların anadan olduqları rayonlarda keçirilmişdir.
Hörmətli cənab Prezident!
Şübhəsiz ki, Azərbaycanda mədəniyyət şəbəkəsinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması yüksək ixtisaslı kadrlar olmadan mümkün deyildir. Belə bir mərhələdə Sizin müvafiq sərəncamlarınızla bütün təhsil pillələrini özündə ehtiva edən Azərbaycan Xoreoqrafiya Akademiyasının, Azərbaycan Turizm və Menecment Universitetinin yaradılması mühüm əhəmiyyət kəsb edir. Tam əminliklə bildirirəm ki, uzaqgörənliklə qəbul edilmiş bu qərarlar mədəniyyət və turizm sahəsinin bilikli, yeni dünyagörüşlü kadrlarla təmin olunmasında müstəsna rol oynayacaqdır. Buna görə Sizə öz dərin təşəkkürümüzü bildiririk.
Xalqımızın milli mədəni dəyərlərinin qorunması, təbliği, gələcək nəsillərə çatdırılması daim diqqət mərkəzindədir. Bu sahədə Dövlət Proqramının icrasına uyğun olaraq 18 dekabr 2014-cü il tarixində imzaladığınız Fərmanla nazirliyin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaradılması əhəmiyyətli addımlardan biridir. Bu, bizə imkan yaradır ki, milli tarixi-mədəni irsimiz ciddi nəzarət altında olsun, gələcək nəsillərə bütün məzmunu ilə çatdırılsın. Eyni zamanda düşünürük ki, tarix və mədəniyyət abidələrinin etibarlı qorunma mühitinin təminatı üçün qanunvericilikdə məsuliyyəti artıracaq qaydaları sərtləşdirməyə zərurət vardır.
Hörmətli cənab Prezident!
Sizin regionların, ümumən Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığınız elə bir rəhbər sənəd yoxdur ki, orada milli turizm sənayesinin yüksəlişinə yol açan müddəalar yer almasın. Siz böyük turizm obyektlərinin, mehmanxanaların, digər infrastruktur vahidlərinin açılışlarında, turizm sərgilərində şəxsən iştirak edir, müvafiq tapşırıqlar verir, hər bir işimizə dəstək olursunuz. Ötən il ölkəmizə 2 milyon 300 minə yaxın turist gəlmişdir. Sadə hesablamaya görə, ötən il ərzində turizm xidmətlərindən ölkəmizin maliyyə dövriyyəsinə ən azı 1 milyard manat həcmində vəsait daxil olmuşdur. Hazırda Sizin tapşırıqlarınıza əsasən turistlər üçün viza rejiminin sadələşdirilməsi, yeni turist qarşılama yerlərinin yaradılması, ilboyu turizmin təşkili, Azərbaycanın turizm potensialının dünyanın ən məşhur televiziya kanallarında tanıdılması istiqamətində fəaliyyətimiz davam etdirilir. Ölkədə daxili turizmin inkişafı da yeni mərhələ qarşısındadır. Cənab Prezident, Sizin tapşırığınızla 9-11-ci siniflərdə təhsil alan şagirdlərin ölkə üzrə turist səfərlərini təşkil etdik. Layihə “Ölkəmizi tanıyaq” adlanırdı. Marşrutlara 4 mindən çox yeniyetmə qatıldı. İnanıram ki, “Ölkəmizi tanıyaq” marşrutu gələcək illərdə daha geniş miqyas alacaq. Azərbaycanı yeni nəsillərə sevdirmək, tanıtmaq, onları milli tarixi kökə, zəngin təbiətə bağlamaq mənəvi intellektual formalaşmanın əyani vasitəsidir.
Son illərdə ölkəmizin regionlarına gələn həm yerli, həm də xarici turistlərin sayının artmasının əsas səbəblərindən biri orada infrastrukturun təkmilləşdirilməsidir. Sizin müvafiq tapşırığınıza əsasən yeni yollar çəkilmiş, mövcud yollar bərpa edilmişdir. Birbaşa nəzarətinizlə həyata keçirilən infrastruktur layihələrinin reallaşması nəticəsində bölgələrdə müasir kurort və yerləşdirmə obyektləri yaradılmışdır. Ölkəmizdə turizm infrastrukturunun müasir standartlara uyğunlaşdırılması, mövcud turizm məhsullarının təkmilləşdirilməsi, yeni məhsulun yaradılması turizmin perspektiv inkişafına imkan verir. Azərbaycanda ən mükəmməl turizm layihələrindən olan “Şahdağ” Qış-Yay Turizm Kompleksi respublikamızda dağ-xizək idmanı və digər qış idman növlərinin inkişafı üçün layiqli nümunədir. Bu örnək özəl sektor tərəfindən Qəbələdə analoji “Tufandağ” Turizm Mərkəzinin yaradılmasına təkan vermişdir. Layihələrin həyata keçirilməsi müvafiq bölgələrdə iş yerlərinin artırılmasına səbəb olmuşdur. Tapşırığınıza əsasən və daimi nəzarətiniz altında yaradılan “Şahdağ” Qış-Yay Turizm Kompleksinin yalnız ilkin mərhələsinin istifadəyə verilməsinə baxmayaraq, vətəndaşların və xarici turistlərin regiona axını müşahidə edilir. İstirahətə və idmanla təmasda olmağa gələnlərin sayı il ərzində yüz minlərlə ölçülür.
Bu yüksək kürsüdən Sizi əmin edirəm ki, “Şahdağ” kompleksində quruculuq və inşaat işləri tapşırdığınız qaydada tam həcmdə başa çatdıqdan sonra müəssisə gəlirlə çalışacaqdır.
Sizin məqsədyönlü siyasətiniz nəticəsində ölkəmiz dünyanın mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilmiş və bu siyasətin nəticəsi olaraq xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşama mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsinə və inkişafına töhfə vermişdir. Sizin 2010-cu ildə BMT Baş Assambleyasında elan etdiyiniz Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu gün “Bakı prosesi” çərçivəsində həyata keçirilən qlobal layihədir. Cari il may ayının 18-19-da Bakıda 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Bu gün dünya xalqlarının Forumun ideyaları ətrafında birləşməyə çağırışı Azərbaycana məxsus olmaqla bərabər, dünyanın UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası, İSESCO kimi nüfuzlu təşkilatları bu tədbirin həmtəşkilatçısı qismində çıxış edirlər. Bu o deməkdir ki, dünyada gedən proseslərə Sizin, beləliklə, Azərbaycanın təşəbbüsü beynəlmiləl status qazanmağa nail olmuşdur.
Çıxışının sonunda Əbülfəs Qarayev dövlət başçısını əmin etdi ki, Mədəniyyət və Turizm Nazirliyi birinci Avropa Oyunlarına gələn hər kəsə xalqımızın ən gözəl mənəvi cəhətləri, qonaqpərvərliyi, mədəni dəyərləri və tarixi ilə yaxından tanış olmaları üçün hər cür şərait yaradacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar