Aprelin 14-də Azərbaycan İstiqlal Muzeyində Osmanlı ordusunun I Dünya müharibəsindəki Çanaqqala zəfərinin 100 illiyinə həsr olunmuş “Savaşdan barışa” adlı fotosərgi keçirildi.

Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Bakıdakı səfirliyi, Yunus Əmrə İnstitutu Türk Mədəniyyət Mərkəzi və Azərbaycanda Atatürk Mərkəzinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Fəridə Şəmsi bildirdi ki, yüz il əvvəl minillik savaş təcrübəsi olan türk ordusu bir daha böyük şücaət göstərərək hərbi texnika və canlı qüvvə baxımından qat-qat üstün olan düşmən ordularına və onun hərbi donanmasına qarşı qəhrəmanlıqla müqavimət göstərib. Düşmənlər türkün Vətən sevgisi, qətiyyəti, cəsarəti və inadkarlığı qarşısında öz məğlubiyyətini etiraf edib. Çanaqqala döyüşü I Dünya müharibəsinin ən ağır döyüşlərindən biri, Osmanlı dövlətinin hərb tarixində son zəfəri olub. 250 mindən çox əsgərin şəhid olduğu bu döyüşlərdə 3 mindən artıq azərbaycanlı da vuruşub, həlak olub. Türkiyə Cümhuriyyəti qurulduqdan sonra ingilis və fransız donanmalarının geri çəkildiyi gün - 18 mart Çanaqqala Şəhidlərini Anma Günü elan edilib.
Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun qeyd etdi ki, Anadoluda gedən döyüşlərdə türk əsgəri öz qəhrəmanlığı və rəşadəti ilə tarix yazıb. Osmanlı ordusunda ən yüksək rütbəli zabitdən sıravi əsgərə qədər - hər kəs eyni ruh yüksəkliyi ilə döyüşərək ya şəhid, ya da qazi olub. Bu savaşdan yüz il keçməsinə baxmayaraq, insanlar Çanaqqala adını eşidəndə qəhrəman türk millətinin əzmkarlığına heyran olur və bu şərəfli mücadilə hər kəsi düşündürməklə yanaşı, onlara əsl vətənpərvərlik irsini tərbiyə edir.

Bakıdakı Yunus Əmrə İnstitutu Türk Mədəniyyət Mərkəzinin direktoru Əli Cura, Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı çıxış edərək Çanaqqala zəfərinin əhəmiyyətindən söz açdılar. Qeyd olundu ki, bu qələbə ilə bağlı xatirələri oxuduqca insan heyrətini saxlaya bilmir. Həqiqətən də, Çanaqqala savaşında babalarımızın göstərdiyi şücaət və igidliklər bu gün örnək olaraq anılmaqdadır. 100 il öncəyə nəzər salanda sanki nümunəvi qəhrəmanlıq portretinə tamaşa edirsən. Fotolardakı simalar və şücaətlər Çanaqqala savaşının qeyd-şərtsiz böyük qəhrəmanlıq dastanına çevrildiyini nümayiş etdirir.
Çıxışlardan sonra sərgiyə baxış keçirildi. Ekspozisiyada 45 fotoşəkil yer alıb. Tədbirdə Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları, Bakıdakı Atatürk Mərkəzinin və Yunus Əmrə İnstitutu Türk Mədəniyyət Mərkəzinin nümayəndələri, Prezident Qvardiyasının və Daxili Qoşunların əsgərləri iştirak edirdilər.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar