Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə “Milli irs mükafatı”nın və “İrs” silsiləsindən növbəti nəşrin təqdimetmə mərasimi keçirildi

Aprelin 17-də Azərbaycan Xalça Muzeyində 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin «Milli irs mükafatı»nın təqdimetmə mərasimi və Şəkinin maddi və mənəvi irsinə həsr olunmuş «Məftun edən şəhər» kitabının təqdimatı keçirildi. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, millət vəkilləri, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edirdi.

Əvvəlcə Xalça Muzeyinin qarşısında “Bakı - 2015” I Avropa Oyunlarının təbliği münasibətilə gənclər tərəfindən hazırlanan flaş-mob nümayiş etdirildi.
Sonra iştirakçılar muzeyin foyesində rəssam Faiq Əhmədin sərgisi ilə tanış oldular. Sərgidə rəssamın yeni üsulla hazırlanan və ənənəvi xalçalardan tamamilə fərqlənən işləri nümayiş etdirilirdi. Onu da qeyd edək ki, ənənəvi xalça dilini universal incəsənət dilinə çevirərək hamını bu sehrli aləmlə tanış edən rəssamın indiyədək Birləşmiş Ərəb Əmirlikləri, Fransa, Almaniya, İtaliya, ABŞ, Rusiya və Hindistanda sərgiləri keçirilib və böyük maraqla qarşılanıb.
Təqdimat mərasimi «Mədəni irsimizi qoruyaq» mövzusunda videoçarxın nümayişi ilə başlandı.

Azərbaycan xalqı tərəfindən yaradılan tarixi abidələr ümumbəşəri sərvətdir

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün qeyd olunması bəşəriyyətin tarixi irsə və abidələrə qiymətinin təzahürüdür: «Keçmiş bizim hamımıza məxsusdur. Azərbaycan xalqı tərəfindən yaradılan tarixi abidələr yalnız bizim deyil, bütün bəşəriyyətin sərvətidir. Qobustan, İçərişəhər, muğam, tar, xalça, aşıq sənəti, çövkən, kəlağayı artıq bəşəriyyət tərəfindən Azərbaycan xalqının mədəni sərvəti kimi qəbul olunur. Təəssüf ki, bəzən vətəndaşlarımız bu mirasa onun dəyəri qədər fikir vermir, irs nümunələrimizə vurulan ziyana laqeydlik göstərirlər. Qədim abidələr, tarixi məkanlar xalqımızın keçmişini yaşatmaqla yanaşı, gələcəyimiz üçün də çox böyük əhəmiyyət kəsb edir. Biz tarixi irsimizi öyrənməliyik”.

Nazir son vax tlar ölkə prezidenti tərəfindən tarixi-mədəni irisin qorunması ilə bağlı imzalanan fərman və sərəncamların önəmini diqqətə çatdırdı: “Bu sıranda Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin xüsusi əhəmiyyətini qeyd etmək istərdim. Biz cəmiyyətdə elə bir mühit formalaşdırmalıyıq ki, insanlar müvafiq qurumların fəaliyyətinin keçmişin, tarixi irsin qorunmasına xidmət etdiyini dərk etsinlər. Bu işdə ictimaiyyət də fəal, təəssübkeş olmalıdır. Azərbaycanda dövlət tərəfindən tarixi abidələrə diqqət və qayğı cəmiyyət üçün də nümunə olmalıdır. Vaxtilə sıradan çıxarılmaq təhlükəsi ilə üzləşən İçərişəhər indi dünya tərəfindən bərpa olunmuş ən yaxşı tarixi şəhər məkanı kimi qəbul olunur. Qobustan muzeyi 2013-cü ildə Avropanın 5 ən yaxşı muzeyi sırasına daxil oldu. Yeni Xalça Muzeyi artıq müasir Azərbaycan memarlığının bir abidəsinə çevrilib. Bu gün ölkə olaraq dünyanın ən nüfuzlu sərgilərində təmsil olunuruq. Bu yaxınlarda ilk dəfə olaraq İtaliyada keçirilən dünyanın ən böyük arxeoloji sərgisində Azərbaycan əsas qonaq qismində çıxış etdi».
Nazir qeyd etdi ki, abidələrin mühafizəsi və tədqiq olunmasında müvafiq dövlət orqanları ilə yanaşı, ictimai təşkilatlar da iştirak edir: “Onlar bizimlə bərabər layihələrdə iştirak edirlər, Azərbaycanın milli geyimlərindən mətbəxinə qədər geniş spektri əhatə edən mədəniyyətimizə aid olan anlayışları yaşatmağa çalışırlar. Bu belə də olmalıdır, çünki tək əldən səs çıxmaz. Hökumət nə qədər çalışsa, qərar versə də, ictimaiyyət tərəfindən dəstək olmasa, nailiyyət əldə etmək mümkün deyil. Fürsətdən istifadə edib bu işdə zəhməti keçən hər kəsə təşəkkürümü bildirirəm».
Tədbirdə çıxış edən «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün Azərbaycanda geniş şəkildə qeyd olunmasının əhəmiyyətindən, bu sahədə görülən işlərin ictimaiyyətə çatdırılmasının vacibliyindən danışdı: «2013-cü ilin sonunda ölkə Prezidenti tərəfindən abidələrin bərpası, qorunması və mədəniyyət qoruqların fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Dövlət Proqramı təsdiq olundu. 2014-2020-ci illəri əhatə edən proqramın icrası ilə bağlı tədbirlər həyata keçirilir. Dövlət və qeyri-dövlət təşkilatları ilə birgə bu sahədə hüquqi bazanın təkmilləşdirilməsi, bərpa sahəsində müasir texnologiyaların tətbiq edilməsi, abidələrin qorunması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində mühüm işlər görülür. İnanıram ki, birlikdə daha böyük uğurlara imza atacağıq».

«Məftun edən şəhər»

Sonra Mədəniyyət və Turizm Nazirliyi ilə «PAŞA Həyat Sığorta» Açıq Səhmdar Cəmiyyətinin tərəfdaşlığı ilə «İrs» silsiləsi çərçivəsində nəşr olunan növbəti kitabın - Şəkinin maddi və mənəvi irsinə həsr olunmuş «Məftun edən şəhər» kitabının təqdimatı keçirildi. Kitab Azərbaycan-rus və Azərbaycan-ingilis dillərində çapdan çıxıb.
Layihənin müəllifi və nəşrlərin baş redaktoru Musa Mərcanlı bildirdi ki, «İrs» beynəlxalq jurnalı 10 ildən artıq müddətdir ki, Azərbaycandan kənarda ölkəmizin mədəni irsinin təbliği ilə məşğuldur: «Nəşrin əsas məqsədi Azərbaycanın mədəni irsini xarici ölkələrdə tanıtmaqdır. Amma bu istiqamətdə jurnal çıxarmaq azdır. Ona görə də qərara gəldik ki, Azərbaycanın mədəni irsinə həsr olunmuş silsilə kitablar hazırlayaq. «PAŞA Həyat Sığorta» və Mədəniyyət və Turizm Nazirliyi də bizim layihəyə dəstək verdilər. Hər iki qurumun rəhbərliyinə təşəkkürlərimi bildirirəm».
«PAŞA Həyat Sığorta» ASC idarə heyətinin sədr müavini Niyaz İsmayılov qeyd etdi ki, təmsil etdiyi qurum hər zaman Azərbaycanın maddi və mənəvi dəyərlərinə çox diqqətlə yanaşıb. O, «PAŞA Həyat Sığorta»nın bu istiqamətdə layihələrə bundan sonra da dəstək göstərəcəyini bildirdi.

“Millli irs mükafatı”nın builki sahibləri bəlli oldu

Mərasimdə Azərbaycanın mədəni irsinin təbliği, milli memarlıq və bərpaçılıq sənətinin təşviqi, tarix və mədəniyyət abidələrinin qorunması sahəsində fəaliyyətin dəstəklənməsi və stimullaşdırılması məqsədilə bu sahə üzrə fərqlənmiş şəxslərə və təşkilatlara Mədəniyyət və Turizm Nazirliyinin “Milli irs mükafatı” təqdim edildi.
Azərbaycanın mədəni irsinin tədqiqindəki xidmətlərinə görə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova, mədəni irs abidələrinin mühafizəsi, bərpası və istifadəsində xidmətlərinə görə Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və mədəni irsin təbliğində xidmətlərinə görə «Yol» jurnalının baş redaktoru Lalə Kazımova «Milli irs mükafatı»na layiq görüldülər.
Eyni zamanda Mədəniyyət və Turizm Nazirliyinin Tarix-mədəniyyət abidələrinin istifadəsi şöbəsinin əməkdaşı Təranə Qəmbərova, Şəki arxeoloji ekspedisiyasının rəisi Nəsib Muxtarov, Ağstafa Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Gülgün Kərimov, «Kiş» tarix-memarlıq qoruğunun (Şəki) direktoru İlhamə Hüseynova və «Avey» tarix-mədəniyyət qoruğunun (Qazax) direktoru Səadət Əliyeva 2014-cü ildə işlərində göstərdikləri fəallığa görə Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı və pul mükafatı ilə təltif edildilər.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar