Aprelin 17-də Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Azərbaycan Memarlar İttifaqı ilə birgə Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş "İçərişəhər - canlı tarix. Tarazlı qorunma və inkişaf" mövzusunda konfrans keçirib.

Tədbirdə çıxış edən idarə rəisi Samir Nuriyev əlamətdar günün tarixindən söz açıb. Bildirib ki, UNESCO yanında abidələrin və tarixi yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şuranın (İCOMOS) 1983-cü ildə qəbul etdiyi qərara əsasən, hər il aprelin 18-də qeyd olunan bu günün əsas məqsədi ictimaiyyətin diqqətini milli-mədəni irsin qorunmasına yönəltməkdir.
Samir Nuriyev Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarını rəhbər tutaraq idarə tərəfindən İçərişəhərin qorunması və bərpası sahəsində, eyni zamanda qoruq sakinlərinin yaşayış şəraitinin daha da yaxşılaşdırılması və müasir turizm infrastrukturunun yaradılması istiqamətində görülən işlərdən və əldə olunmuş nailiyyətlərdən söhbət açıb.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev əlamətdar gün münasibətilə bu sahədə çalışanları, mütəxəssisləri təbrik edərək konfransın mövzusunun nəinki İçərişəhərin, ümumilikdə Azərbaycanın tarixi yerlərinin və abidələrinin fəaliyyət planını müəyyən edən mövzu olduğunu vurğulayıb. Ölkə başçısının fərmanı ilə yaradılmış Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti barədə danışan Əbülfəs Qarayev qeyd edib ki, qurum yerlərdə təhlillər aparır, qanunsuz işlərin qarşısını alır. Nazir bu sahədə mövcud olan problemlərdən də söhbət açıb.
Əbülfəs Qarayev paytaxtımızda keçiriləcək "Bakı-2015" ilk Avropa Oyunları və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verərək bu tədbirlər çərçivəsində mədəni proqramların təşkil ediləcəyini söyləyib. Bildirib ki, həmin proqramlara əsasən qonaqlar tarixi irsimizlə tanış olacaqlar.
Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbəy Qasımzadə və Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı Gülçöhrə Məmmədova ölkəmizin tarixi abidələrlə çox zəngin olduğunu vurğulayaraq, bu irsin qorunması istiqamətində ardıcıl işlər aparıldığını söyləyiblər. Bildirilib ki, əsas məqsəd cəmiyyət arasında mədəni irsin insan həyatındakı rolunun təbliğinə nail olmaq və bu irsin mühafizəsi istiqamətində imkanları səfərbər etməkdir.
Konfransda Miniatür Kitab Muzeyinin yaradıcısı və təsisçisi, Əməkdar mədəniyyət işçisi Zərifə Salahova “Miniatür Kitab Muzeyinin İçərişəhərin sosial-mədəni həyatında rolu”, “Atelier Erich Pummer GmbH” şirkətinin nümayəndəsi Çingiz Neymanzadə “Bəylər məscidinin konservasiya layihəsinin hazırkı mərhələsi” barədə məruzə edib. Həmçinin “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzinin fəaliyyəti haqqında da məlumat verilib.
Sonra konfrans iştirakçıları “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzini, Bəylər məscidini və Miniatür Kitab Muzeyini ziyarət ediblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar