Aprelin 22-də Paris şəhərində UNESCO İcraiyyə Şurasının sessiyası çərçivəsində III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun və mədəniyyətlərarası dialoqa dair “Bakı prosesi”nin təqdimatı keçirilib.

İcraiyyə Şurasının sədri səfir Məhəmməd Əmr tədbiri açaraq Azərbaycanın təşəbbüsünün dünyada sülh və əməkdaşlığa xidmət etdiyini qeyd edib.
Mərasimdə çıxış edən UNESCO-nun baş direktoru İrina Bokova müasir qlobal proseslər, rəhbərlik etdiyi təşkilatın mədəniyyətlər və dinlərarası dialoqa töhfələri barədə danışıb. O, Azərbaycanın mədəniyyətlərarası dialoq təşəbbüsünün belə məsələlərdə olduqca əhəmiyyətli olduğunu və UNESCO-nun Bakı Forumu ilə tərəfdaşlığının davam edəcəyini vurğulayıb. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyətinə toxunan baş direktor bu fəaliyyətin UNESCO-nun məqsəd və prinsiplərinə böyük dəstək olduğunu deyib.
Daha sonra geniş təqdimatla çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Bakı prosesi” və Forumun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dünya mədəniyyətləri arasında dialoq və anlaşmanı təşviq etmək məqsədilə irəli sürülən təşəbbüs olduğunu bildirib. Nazir ölkəmizin mədəniyyətlər arasında körpü rolu oynadığını, xalqımızın multikultural tərkibli zəngin birgəyaşama ənənələrinə sahib olduğunu və bu ənənələrin dünya ictimaiyyəti ilə bölüşmək istədiyimizi diqqətə çatdırıb.
Vurğulanıb ki, Azərbaycan Prezidentinin 2010-cu ildə BMT Baş Assambleyasında çıxışı zamanı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsini bəyan etməsi beynəlxalq ictimaiyyətin sülh və dialoq şəraitində, irqi, dini, milli fərq qoyulmadan yaşaması üçün bir çağırışı idi və Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv olduğu zaman da bu prinsiplərə sadiqliyini öz fəaliyyəti ilə sübut edib. Forumun tərəfdaşları olan UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası və İSESCO-nun tədbir çərçivəsində ölkəmizlə birgə olduqca maraqlı tədbirlər təşkil edəcəyini qeyd edən nazir hər bir təşkilata, xüsusilə UNESCO-ya təşəkkürünü bildirib.
Nazirin çıxışından sonra Azərbaycanın mədəniyyətlərarası dialoqa töhfələri, Prezident İlham Əliyevin təşəbbüsü olan “Bakı prosesi”nə və Foruma həsr edilmiş film nümayiş etdirilib.
Tərəfdaş qismində Avropa Şurasının demokratik iştirak və vətəndaşlıq məsələləri üzrə direktoru Jan Kristov Ba çıxış edərək təmsil etdiyi təşkilatın mədəniyyətlərarası dialoq fəaliyyətlərinə böyük önəm verdiyini və “Bakı prosesi” başlandığı gündən Azərbaycanın bu xoşməramlı təşəbbüsünü dəstəklədiklərini, Forumun təşkilatlararası əməkdaşlığa da böyük töhfə olduğunu deyib.
Koventri Universitetinin professoru, Sülh, Etimad və Sosial Münasibətlər İnstitutunun direktoru Mayk Hardy Bakı Forumunun dünyada milli, irqi, dini və mədəni anlaşılmazlıqların qarşısını almağa, dialoq və sülhə xidmət etdiyini bildirib, Azərbaycanın təşəbbüsünün nəinki siyasi, eləcə də akademik mühitdə alqışlandığını diqqətə çatdırıb.
Sonra UNESCO İcraiyyə Şurasının üzv ölkələri və iştirakçılar Azərbaycan tərəfinə suallar ünvanlayaraq Forumun təfərrüatları barədə ətraflı məlumat əldə ediblər. Yekunda Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov tədbirə böyük maraq göstərdiklərinə görə üzv ölkələrə, həmçinin İcraiyyə Şurası çərçivəsində belə bir təqdimatın təşkil edilməsinə şərait yaratdığına görə iclasın sədri səfir Məhəmməd Əmrə təşəkkürünü bildirib.
Tədbir sərgi və Forumun şərəfinə verilən ziyafətlə davam edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar