Cənubi Amerikada ölkəmizin adına bir ilk

Xəbər verildiyi kimi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, ölkəmizin Braziliyadakı səfirliyinin dəstəyi ilə Rio-de-Janeyro şəhərində Azərbaycan mədəniyyəti həftəsi keçirilib. Rio-de-Janeyronun 450 illiyinə təsadüf edən tədbirlər ölkəmizin mədəni irsinin, incəsənətinin və milli mətbəxinin Cənubi Amerikada ilk böyük təqdimatıdır.

Aprelin 23-də Rio-de-Janeyronun “Cidade des Artes” incəsənət mərkəzində keçirilən açılış mərasimində iştirakçılar əvvəlcə “Azərbaycan dünən, bu gün, sabah” adlı fotosərgi ilə tanış olublar, milli mətbəx nümunələrimizin dadına baxıblar.
Sonra mərkəzdə yerləşən “Teatro de Camera” zalında Azərbaycan incəsənət ustalarının iştirakı ilə muğam musiqisi və milli rəqslərdən ibarət konsert proqramı təqdim olunub.
Tədbiri giriş sözü ilə incəsənət mərkəzinin prezidenti Emilio Kalil açıb. Azərbaycanın Braziliya Federativ Respublikasındakı səfiri Elnur Sultanov çıxış edərək, tədbirin məqsədindən danışıb. Bildirib ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, səfirliyin təşəbbüsü və incəsənət mərkəzinin təklifi ilə keçirilən bu tədbir iki xalqın bir-birinin mədəni irsi ilə tanış olmasına bir vasitə olacaq. İkitərəfli əlaqələrdən danışan diplomat gələcək əməkdaşlıq üçün gözəl imkanlar olduğunu vurğulayıb.
Sonra konsert proqramı təqdim olunub. Azərbaycan Dövlət Rəqs Ansamblının üzvləri Ü.Hacıbəylinin musiqisi əsasında qurulmuş “Cəngi” rəqsini, eləcə də “Qarabağ”, “Naz eləmə”, “İgidlər” rəqslərini ifa ediblər.
Xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Trio Qarabağ" muğam qrupunun ifasında “Şuşanın dağları”, “İrəvanda xal qalmadı” mahnıları, “Dilkəş”, “Bayatı-Şiraz”, “Qatar” muğamları səsləndirilib. Mənsum İbrahimovu və gənc müğənni Arzu Əliyevanı əməkdar artistlər Elçin Həşimov (tar) və Elnur Əhmədov (kamança) müşayiət ediblər.
İfaçılarımızın çıxışları böyük rəğbətlə qarşılanıb. Tədbirin sonunda iki ölkənin bayraqları ilə səhnəyə çıxan musiqiçiləri tamaşaçılar ayaq üstə alqışlayıblar.
Aprelin 25-də "Cidade des Artes" mərkəzindəki "Sala de Leitura" zalında rejissor Elçin Musaoğlunun "Nabat" filminin nümayişi olub.
Həmin gün Rio-de-Janeyro Bələdiyyə Teatrında Xalq artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Braziliya Simfonik Orkestri və "Trio Qarabağ" muğam qrupunun konserti keçirilib. Proqramda Fikrət Əmirovun "Azərbaycan kapriççiosu", H.Cavidin "Şeyx Sənan" dramından "Kor ərəbin mahnısı", Qara Qarayevin "Yeddi gözəl" baletindən “Vals”, Hacı Xanməmmədovun "Kamança və orkestr üçün konsert", Həsən Rzayevin "Tar və orkestr üçün konserti", Asəf Zeynallının "Muğamsayağı", Françesko Miqnonenin "Braziliya fantaziyası № 4", Sergey Prokofyevin "Fortepiano üçün konsert №2" əsərləri yer alıb.
Proqramın sonunda Vasif Adıgözəlovun "Qarabağ şikəstəsi" oratoriyasından fraqment səsləndirilib. "Trio Qarabağ" muğam qrupunun və Braziliya Simfonik Orkestrinin möhtəşəm ifası tamaşaçıların böyük marağına səbəb olub.
Aprelin 26-da “Cidade des Artes"in böyük zalında Braziliya Simfonik Orkestri və "Trio Qarabağ" muğam qrupunun Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə eyni proqramda növbəti konserti keçirilib. Konsert zamanı pianoçu Fabio Martinonun ifası və Q.Qarayevin "Yeddi gözəl" baletindən “Vals” tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb.
Bununla da Braziliyanın Rio-de-Janeyro şəhərində Azərbaycan mədəniyyəti həftəsi uğurla başa çatıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar