Bakıda rus uşaq ədəbiyyatı həftəsi keçirilir

Mayın 4-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə R.Behbudov adına Dövlət Mahnı Teatrında faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunmuş rus uşaq ədəbiyyatı həftəsinin açılışı keçirildi.

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkil etdiyi tədbirin məqsədi uşaqları rus xalqının mədəniyyəti, adət-ənənəsi, ədəbiyyatı, musiqisi ilə tanış etmək, dostluq əlaqələrini möhkəmləndirmək, mütaliə vərdişləri aşılamaqla istedadlı gəncləri üzə çıxarmaqdır.
Tədbirdə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin, Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin, ölkəmizdəki rus icmasının nümayəndələri iştirak edirdilər. Açılışda çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədova tədbirin əhəmiyyətindən danışdı. Bildirdi ki, Azərbaycan və Rusiya arasında zəngin tarixi olan mədəni əlaqələr mövcuddur: “Rus xalqı öz mədəniyyəti, ədəbiyyatı ilə dərin köklərə malikdir. Azərbaycanla bütün sahələrdə dostluq münasibətləri olan bu xalqın mədəniyyətinə ölkəmizdə də böyük maraq var. Bu əlaqələr gündən-günə inkişaf etməkdədir. Təsadüfi deyil ki, Rusiyada keçirilən “Canlı klassika” beynəlxalq müsabiqəsində hər il azərbaycanlı uşaqlar da uğurla iştirak edirlər”.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin direktor müavini Aleksey Konnov iki ölkə arasında iqtisadi, mədəni əlaqələrin səviyyəsindən məmnun olduğunu ifadə etdi. Rus ədəbiyyatına və mədəniyyətinə göstərdiyi diqqətə görə Azərbaycan xalqına təşəkkürünü bildirdi.
Çıxışlardan sonra “Rusiya-Azərbaycan” və “Biz birlikdəyik” adlı videoçarxlar nümayiş olundu. Yasamal rayon uşaq yaradıcılıq mərkəzinin “Səma” rəqs kollektivinin ifası tədbirə rəng qatdı. Xətai rayonu 3 saylı uşaq evinin rus xalq nağılları əsasında təqdimatı maraqla qarşılandı. “Pətək” İctimai Birliyinin kukla teatrın rus xalq nağılı “Qoğal”ı müasir quruluşda nümayiş etdirdi.
Tədbir çərçivəsində müxtəlif başlıqlar altında rus uşaq ədəbiyyatına dair kitablar və əl işləri nümayiş etdirilir. Mərasimə qatılan hər bir uşağa Respublika Uşaq Kitabxanasının təsis etdiyi “Göy qurşağı” uşaq jurnalı hədiyyə edildi.
Qeyd edək ki, rus uşaq ədəbiyyatı həftəsi mayın 8-dək davam edəcək. Həftənin tədbirləri Respublika Uşaq Kitabxanasında davam edəcək.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar