Mayın 2-də Quba Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının açılış mərasimi keçirilib. Muzeyin Quba şəhərindəki Nizami parkında yerləşən binası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən inşa edilib.

Açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qubanın tarix və mədəniyyətini özündə əks etdirən muzeyin həm də regiona turistlərin cəlb olunması baxımından əhəmiyyətini yüksək qiymətləndirib. Qeyd olunub ki, milli irsin qorunması və təbliğ olunması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq bölgələrdə yaradılan mədəniyyət ocaqlarının turizm məqsədilə istifadəsinə də xüsusi önəm verilir. Muzeyin yerləşdiyi ərazinin Xınalıq yolunun üzərində olmasının üstünlüyünü vurğulayan Əbülfəs Qarayev turizm nümayiş obyekti kimi gələcəkdə yerli və xarici turistlərin muzeyə daha çox səfər edəcəyinə ümidvar olduğunu bildirib.
Açılışda rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov çıxış edərək, Qubada belə bir muzeyin inşa edilməsinə görə ictimaiyyət adından təşəkkürünü bildirib.
Tarix elmləri doktoru Şahin Fərzəliyev Qubanın tarixi haqqında geniş məlumat verib.
Sonra muzeyin açılışını bildirən rəmzi lent kəsilib və mərasim iştirakçıları muzeylə tanış olublar.
Muzey ümumi sahəsi 1620 kvadratmetr olmaqla zirzəmi və 3 mərtəbədən ibarətdir. 2 və 3-cü mərtəbələrdə Quba rayonunun tarixini əks etdirən eksponatlar nümayiş olunur. Burada ibtidai icma quruluşundan müasir dövrə qədər olan xalq sənətkarlıq nümunələri, rəsm əsərləri və ekspozisiyalar nümayiş etdirilir.
Muzeydə müxtəlif xalça növləri, numizmatika, qadın bəzək əşyaları, ilk qubalı sahibkar qadınlar haqqında guşə, qubalıların yaşam tərzi, dulusçuluq, misgərlik, bəzək əşyaları və qadın geyimlərindən ibarət müxtəlif bölmələr yaradılıb.
Qeyd edək ki, Quba tarix muzeyi XX əsrin I yarısında Azərbaycanda təşkil olunan muzeylərdən biridir. İlk muzey 1924-cü ildə Cümə məscidinin mədrəsəsində Quba ziyalılarının təşəbbüsü ilə yaradılıb. Xalq Maarif Komissarlığının 14 may 1935-ci il əmri ilə Əhməd Əbdürrəhman oğlu Çələbizadə muzeyə müdir təyin olunur. 1937-ci ildə Əhməd əfəndi repressiya qurbanı olur, muzey bağlanır.
1943-cü ildə Quba ictimaiyyəti muzeyin açılması ilə bağlı Mərkəzi Komitəyə məktubla müraciət edir. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 04.21.1943-cü il tarixli əmri ilə Qubada muzeyin yaranması haqqında qərar qəbul edilir. Muzey 1944-cü ilin avqust ayında görkəmli alim və mütəfəkkir, şair Abbasqulu ağa Bakıxanovun yaşadığı indiki Ərdəbil küçəsi 93 ünvanındakı binada fəaliyyətə başlayır. XIX əsrin əvvəllərində tikilən bina Azərbaycan SSR Nazirlər Sovetinin 14 may 1981-ci il tarixli qərarı ilə tarixi abidə kimi qeydə alınıb. Muzey 1943-cü ildən Azərbaycan Elmlər Akademiyasının baza muzeyi kimi, 1958-ci ildən ictimai əsaslarla, 1965-ci ildən respublika Mədəniyyət Nazirliyinin tabeçiliyində fəaliyyət göstərir. Muzeyin əsas və köməkçi fondunda 10 mindən çox eksponat qorunub saxlanılır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar