Mayın 6-da Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Filarmoniya bağında ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş ənənəvi kitab bayramı keçirildi.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev çıxış edərək, artıq yeddinci dəfə təşkil olunan bayramın kitabsevərlərin böyük marağına səbəb olduğunu vurğuladı.
Millət vəkili Sabir Rüstəmxanlı, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Vaqif Quliyev, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Vilayət İsmayılov, Milli Kitabxananın direktoru Kərim Tahirov cəmiyyətdə mütaliəyə marağın artırılması üçün belə tədbirlərin əhəmiyyətini qeyd etdilər.
Filarmoniya bağında qurulan stendlərdə 17 nəşriyyatın 12 min adda 50 min nüsxədən çox kitabı sərgilənirdi. Kitab bayramında yazıçılardan Çingiz Abdullayev, Elxan Elatlı, Müşfiq Xan, Şəmil Sadiq, Rövşən Yerfi, Reyhan Yusifqızı və digərlərinin oxucularla görüşü, kitablarının imza mərasimi keçirildi.
Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid fikirlərini bizimlə bölüşdü: “Hər il may ayında keçirilən kitab bayramları böyük marağa səbəb olur, burada qələbəlik yaşanır. Bu cür tədbirlər kitaba marağı artırmaq üçün təqdirəlayiq haldır. Oxucular ilə söhbətdən hiss olunur ki, onlar belə kitab yarmarkalarının, kitab sərgilərinin daha çox keçirilməsini arzu edirlər”.
Qeyd edək ki, tədbirdə Rəşad Məcidin “Qanun” nəşriyyatında işıq üzü görən “Roman” şeirlər kitabının imza günü də gerçəkləşdi.
“Kitab bayramı-2015”də Azərbaycan və dünya ədəbiyyatının tanınmış nümayəndələrinin əsərlərindən siyasət, psixologiya, uşaq kitabları və sağlamlıq kimi ən müxtəlif sahələri əhatə edən nəşrlər nümayiş olunurdu. Nəşriyyatlar və kitab mağazalarının bir qismi kitabların qiymətinə 20 faizədək endirim etmişdi, bir qismi isə “5 kitab alana 1-i hədiyyə” kampaniyası keçirirdi.
“Bərəkət” nəşriyyatının direktoru Elmir İsgəndərov öz fəaliyyətlərindən danışdı: “Bərəkət” uşaq nəşriyyatıdır. Bizim nəşriyyatın eyni zamanda “Qönçə” dərgisi dərc olunur. Bu tədbiri hər il böyük səbirsizliklə gözləyirik. Burada demək olar ki, Azərbaycanın bütün nəşriyyatları iştirak edir. İstərdik ki, belə tədbirlər il ərzində bir neçə dəfə keçirilsin”.
“Xəzər” nəşriyyatının direktoru Anar Mabudov tədbirdə dini, tarixi və bədii kitabların satışını həyata keçirdiklərini deyir: “Kitablara sakinlər tərəfindən maraq yüksəkdir. Belə kitab sərgilərinin, yarmarkaların keçirilməsi həm kitab bazarında canlanma yaradır, həm də vətəndaşlarımızın kitaba olan marağının daha da artırılmasına xidmət edir”.
Qeyd edək ki, tədbirdə rus dilində nəşr edilmiş 100-dən çox müəllifin kitabları Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən paytaxtın kitabxanalarına hədiyyə edilib. Onların sırasında Mir Cəlal, İlyas Əfəndiyev, Anar, Çingiz Abdullayev kimi Azərbaycan müəllifləri də var.
Kitab bayramı çərçivəsində “Canlı klassika-2015” gənc qiraətçilərin beynəlxalq bədii qiraət müsabiqəsinin milli seçim mərhələsinin qalibləri də mükafatlandırıldı.
Səbail rayon MKS-nin oxucusu Svetlana Mustafayeva, Nizami rayonundan Fərhad Rüstəmov, Binəqədidən Nicat Əhmədov Moskvada keçiriləcək “Canlı klassika-2015” yarışmasında ölkəmizi təmsil edəcəklər.
Tədbir çərçivəsində həmçinin Bakı Uşaq Teatrının narkomaniya ilə mübarizə mövzusunda və Balaxanı qəsəbə Mədəniyyət evinin kukla xalq teatrının müxtəlif tamaşaları nümayiş olundu.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar