Mayın 13-də Fəxri xiyabanda görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının akademiki Qara Qarayevin (1918-1982) vəfatının 33-cü ildönümü ilə bağlı anım mərasimi keçirildi.

Mərasimə qatılan mədəniyyət xadimləri, musiqi ictimaiyyətinin nümayəndələri dahi bəstəkarın məzarı önünə tər gül-çiçək dəstələri düzərək, xatirəsini ehtiramla yad etdilər.
Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək Qara Qarayevin Azərbaycan və dünya musiqi tarixinə əvəzsiz töhfələrindən danışdı. Bildirdi ki, Qara Qarayevin yaratdığı möhtəşəm musiqilər dünyanın müxtəlif ölkələrində səsləndirilir, sevilir: “Azərbaycan mədəniyyətinə, musiqisinə ölməz əsərlər bəxş etmiş Qara Qarayevin vəfatından 33 il ötür. O, çox səmimi, təvazökar insan, dahi bəstəkar və böyük pedaqoq idi. Onun bəstəkarlıq məktəbi Azərbaycanda yeni bəstəkarlar nəslinin yetişməsinə səbəb oldu. Qara Qarayevin sayəsində musiqiyə sevgisi olan böyük bir nəsil yetişdi. Bu gün də onun əsərləri dünyanın müxtəlif ölkələrində sevilərək səsləndirilir və həyəcanla dinlənilir. Nə qədər ki, Azərbaycan xalqının musiqisi, mədəniyyəti yaşayır, Qara Qarayev və onun bizə miras qoyub getdiyi zəngin irs də yaşayacaq”.
Qara Qarayevin tələbəsi olmuş xalq artistləri Musa Mirzəyev və Sevda İbrahimova çıxış edərək onunla bağlı xatirələrini bölüşdülər. Vurğulandı ki, Qara Qarayev həmişə tələbələrinə mehriban və səmimi insan kimi yanaşaraq, həm böyük müəllim, həm də böyük dost olub. Mərasim iştirakçıları daha sonra dahi bəstəkar Üzeyir Hacıbəylinin məzarını ziyarət edərək, xatirəsini hörmətlə yad etdilər.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar