Mayın 19-da III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Dialoq - transformasiya vasitəsi kimi” mövzusunda seminar keçirildi.

Seminarda çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirdi ki, artıq ənənə almış Forum Azərbaycanın dünya ölkələri arasında mədəni əlaqələrin gücləndirilməsinə nə qədər önəm verdiyini bir daha nümayiş etdirir: “Biz ölkəmizdə yaşayan xalqlar arasında bütün sahələrdə mədəni müxtəlifliyin inkişafına nail olmuşuq. Azərbaycan dünya ölkələri arasında öz tolerant mühiti ilə seçilir. Ölkəmizdə milli və ümumbəşəri dəyərlərin, insan hüquq və azadlıqlarının, tolerantlıq və dözümlülüyün prioritet məsələ kimi qəbul olunması dövlət siyasətinin əsas prinsipi kimi müəyyənləşdirilib. Amma eyni zamanda bizim regionda problemlər var. Ölkəmizin ərazisinin bir hissəsi işğal altındadır”.
Sevda Məmmədəliyeva həm bölgədə, həm də bütün dünyada insanların sülh və qardaşlıq şəraitində yaşaması üçün mədəniyyətlərarası dialoqun, mədəni müxtəlifliyin qorunmasının və inkişaf etdirilməsinin vacibliyini vurğuladı.
Seminarın moderatoru, Gürcüstan Milli Muzeyinin direktoru David Lordkipanidze qeyd etdi ki, son illərdə Bakı beynəlxalq əlaqələrin inkişaf etdirilməsi üçün önəmli addımlar atır. O, dünyanın sivilizasiya beşiyi hesab olunan Qafqazda hələ də bir çox problemlərin olduğunu vurğuladı: “Qafqazda çoxlu xalqlar yaşayır. Buradakı xalqlar arasında müxtəlif səviyyəli problemlər yaşanmaqdadır. Bu problemlərin aradan qaldırılması üçün millətlər, xalqlar arasında qarşılıqlı inamın, etibarın gücləndirilməsinə ehtiyac var”.
Avropa Şurası Bakı ofisinin rəhbəri Draqana Filipoviç “Avropa irs günləri” layihəsi haqqında məlumat verdi. Bildirdi ki, Avropa Şurası və Avropa İttifaqı ölkələrində qeyd edilən layihə maarifləndirici kampaniyalar, açıq qapı günləri, folklor gecələri, rəsmi açılışlar və etnoqrafik şənliklər formasında təşkil olunur. Layihənin əsas məqsədi milli mədəni irsin təbliğidir. 1985-ci ildə Avropa Şurası tərəfindən irəli sürülmüş bu təşəbbüsə 1999-cu ildə Avropa İttifaqı Komissiyası da qoşulub. Hər il təxminən 20 milyona yaxın insan bu təşəbbüsdən yararlanır.
Seminar İRİSKA-nın baş direktoru Halit Eren, Hindistan Mədəniyyət Nazirliyinin İncəsənət Mədəniyyət İnformatika üzrə İndira Qandi Milli Mərkəzinin mütəxəssisi Kişor Kumar Tripati, Del Bianko Fondunun vitse-prezidenti Karlotta Del Bianko, ABŞ-dakı Qarabağ Fondunun icraçı direktoru Diana Altman və Yunanıstanın keçmiş turizm naziri Anqela Gerekounun məruzələri ilə davam etdi.

F.Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar