Bakıda “Nikolya şokolad muzeyi”nin məxsusi ekspozisiyası açılıb
Mayın 15-də Muzey Mərkəzində məşhur şokolad ustası Nikolay Popovun müəllif sərgisi açıldı. Krımlı şokolad kulinarı N.Popov 2009-cu ildə Simferepol şəhərində ilk şokolad muzeyini yaradıb. Ötən müddətdə “Nikolya şokolad muzeyi”nin müəllif sərgisi 40-dan çox şəhərdə nümayiş olunub. 2013-cü ildə muzeyin Avropa və MDB ölkələri üzrə üçillik dünya turu başlayıb.
“Nikolya şokolad muzeyi”nin Bakı sərgisinin ilk Avropa Oyunları ərəfəsində açılması da təsadüfi deyil, ekspozisiyada bu tədbirə xüsusi yer ayrılıb. Muzey Mərkəzi və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə təşkil olunan sərgidə 200 kvadratmetrlik sahədə ümumi çəkisi 700 kiloqramdan çox olan 250-dən artıq şokolad məmulatları, o cümlədən marzipan heykəlciklər, şokolad rəsmləri, şokolad miniatür və kompozisiyaları yer alıb.
Mərasimdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev sərginin I Avropa Oyunları ərəfəsində açılışını mühüm hadisə adlandırdı. Bildirdi ki, ölkəmizdə təşkil edilən rəngarəng sərgilər sırasına daha birinin əlavə olunması böyük idman bayramı ərəfəsində şəhərimizin qonaqları və sakinləri üçün bir töhfədir.
Tədbirə qatılan Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç bildirdi ki, məşhur şokolad ustası Nikolay Popov məxsusi Bakı sərgisi üçün Azərbaycanla bağlı silsilə şokolad əsərləri hazırlayıb. Çəkisi 70 kiloqramdan çox olan “Qız qalası” şokolad fiquru müəllifin ən ağır heykəlidir. İndiyədək onun əl işləri arasında Eyfel qülləsi birinci idisə, artıq “Qız qalası” şokolad miniatürü bu rekordu təzələyib.
Təqdim edilən ekspozisiyaya Bakının məşhur tikililərindən Hökumət evinin, Muzey Mərkəzinin, Opera və Balet Teatrının, “Flame Towers” (“Alov qüllələri”), habelə meyvələr, güllər, şokolad manqal və bir çox başqa nümunələr daxildir.
Daha sonra Nikolay Popov çıxış edərək Bakıda keçirilən sərginin təşkilatçılarına təşəkkürünü bildirdi. Qeyd etdi ki, dünyanın bir çox şəhərlərində keçirilən sərgilərdən fərqli olaraq Bakı sərgisinə xüsusi hazırlaşıb. Çünki sərgi həm də Azərbaycanın tarixində mühüm hadisə olacaq I Avropa Oyunları ərəfəsində təqdim edilir. Bu isə sərgilənən məhsulların təkcə bir şəhərin sakinlərinə deyil, dünyanın müxtəlif ölkələrindən gələn seyrçilərə təqdim olunması deməkdir.
N.Popov indiyədək hazırladığı ən böyük şokolad rəsminin - çəkisi 200 kiloqramdan çox olan “Bakı-2015” I Avropa Oyunlarına həsr olunmuş kompozisiyanın təqdimatını keçirdi. Məşhur şokolad ustası xüsusi texnologiya ilə hazırlanmış şokolad suvenir məmulatlarını da təqdim etdi. Bu məmulatlar sərginin keçiriləcəyi müddətdə satışda olacaq. Müəllif şokolad-möcüzələr yaratmağı öyrənmək istəyənlər üçün ustad dərsləri keçəcəyini də diqqətə çatdırdı.
Qeyd edək ki, “Nikolya şokolad muzeyi”nin Bakı sərgisi Avropa Oyunları başa çatanadək - iyunun 28-dək davam edəcək. Sərgiyə giriş böyüklər (18 yaş) üçün 7, 6-18 yaş arası 3 manat, 6 yaşa qədər uşaqlar üçün pulsuzdur. Ziyarətçilərə şokolad məmulatlarından dequstasiya da təklif edilir.
Lalə Azəri